09 iyul 2024 01:21
306

Sülh çağırışına silahla "dəstək"

Cənubi Qafqazda sabitliyi pozmaq, gərginliyi artırmaq üçün rəsmi İrəvandan  vasitə kimi istifadə edən ABŞ-ın, Qərbin Ermənistanı silahlandırması sülhə yardım deyil, bölgədə yeni müharibə ocağı yaratmaqdır

Atalarımızın « Hər şərdə bir xeyir var» zərb məsəlini tərsinə yozan Qərblə  ABŞ əksinə xeyir əməlləri neqativ istiqamətə  yönəltməkdə mahirdirlər. Bu ilin aprel ayında  Brüsseldə  Ermənistan-Aİ-ABŞ formatında keçirilən  görüşdə  İrəvanın Avro-Atlantik məkanına inteqrasiyasını öz maraqları naminə dəstəkləyən,  siyasi, iqtisadi və humanitar sahələr üzrə   sazişləri bağlı qapılar arxasında imzalayan   Qərb və ABŞ rəsmilərinin   Ermənistanla münasibətlərinin  istiləşməsinin, rəsmi İrəvana  göstərilən hərbi dəstəyin Azərbaycana qarşı yönəlmədiyi bildirilsə də torbadakı  pişiyin miyoltusu başqa məqamlardan xəbər verir. ABŞ-ın  rəsmi İrəvana Strateji Müdafiə İcmalının aparılması və Ermənistan üçün yeni hərbi doktrina hazırlanması üçün ekspert dəstəyinin göstəriləcəyi ilə bağlı vədləri   təcavüzkara yardım planının bir hissəsidir. Bəllidir ki, strateji müdafiə baxışı və yeni hərbi doktrinanın hazırlanması təkcə cari müdafiə strategiyalarının nəzərdən keçirilməsi ilə yekunlaşmır. Həm də Ermənistanın milli təhlükəsizlik məsələlərinə yanaşmanın  yenidən nəzərdən keçirilməsini nəzərdə tutur. ABŞ-ın, Birləşmiş Ştatların  göstərişləri əsasında hərəkət edən  Avropa təsisatlarının rəsmi İrəvana  maliyyə və texniki dəstəyinin əsas məqsədinin  Cənubi Qafqazda gərginliyi, hadisələrə təsiretmə imkanlarını artırmaq olduğu  bəllidir. Rəsmi İrəvanla bağlı  xain planların əsas məqsədi Ermənistanın  NATO ilə hərbi sahədə  əlaqələrinin dərinləşdirilməsi deyil,  işğalıçı ölkənin  silahlı qüvvələrinin qarşılıqlı fəaliyyət və hazırlıq səviyyəsinin yüksəldilməsidir. Ermənistanın  NATO təlimlərində iştirakını təmin etməklə rəsmi İrəvanın  hərbi potensialını gücləndirməyə  yönəlmiş bu gedişlər ABŞ-ın geosiyasi ambisiyalarını gerçəkləşirmək, Cənubi Qafqazda sabitliyə təhlükə yaratmaqdır.  Yəni, ABŞ və Ermənistan  Silahlı Qüvvələrinin  birgə hərbi təlimlərinin təşkili sağlam  niyyətlərdən qaynaqlanmır.
 Eyni bədniyyətli əməllər Avropa İttifaqı tərəfindən də davam etdirilir. Ermənistan Silahlı Qüvvələrinə dəstək məqsədilə Avropa Sülh Fondu (AƏF) çərçivəsində işğalçı dövlətə yardım paketinin ayrılması ilə Qərbin rəsmi İrəvanı  silahlandırmaq cəhdləri qurumun adı ilə tərs mütənasiblik  yaratmaqla, təbii ki, sülhə xidmət etmir. Guya «sülhə  yardım» məqsədilə  nəzərdə tutulan bu yardım paketi həmçinin Ermənistan Silahlı Qüvvələrinin  Aİ-nin Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində əməliyyat və missiyalarda iştirak imkanlarını gücləndirmək məqsədi daşıyır. Məntiqi nəticə isə dəyişilməzdir: ABŞ kimi  Qərb də Ermənistanı silahlandırmaqla  işğalçını yeni müharbəyə təhrik edir.
Rusiya sərhəd qoşunlarının  Ermənistanın beynəlxalq hava limanından və İranla sərhəd kimi mühüm mövqelərdən çıxarılması regionda Avro-Atlantik təsirinin genişlənməsinə şərait yaradacaq ki,  bu da   Aİ-nin Cənubi Qafqazda mövqelərini möhkəmləndirmək imkanlarının gerçəkləşdirilməsi deməkdir.  Amma ortada ən böyük maneə rəsmi Kremllə Rusiyanın forpostu Ermənistan arasında imzalanan 2044-cü ilə qədər hərbi əməkdaşlıq  sazişidir. Rusiyanın 102-ci hərbi  bazasının Ermənistandan çıxarılması ətrafında  bilərəkdən  yaradılan gərginlik davam etməkdədir.  Aİ-nın  Ermənistanda yerləşdirdiyi Monitorinq Missiyasındakı hərbçilərin sayının artması, Azərbaycanla sərhəddə müdafiə infrastrukturunun, o cümlədən mühəndis istehkamlarının yaradılması ilə bağlı vədi  sülhə deyil,  yeni müharibə çağırışlarına  xidmət edir.

Aİ-nin Azərbaycanla şərti, hələ razılaşdırılmamış sərhədin tamhüquqlu cəbhə xəttinə çevrilməsində, o cümlədən mühəndis istehkamlarının inşasında və çoxsaylı atəş mövqelərinin yaradılmasında Ermənistana yardımının xəyanətdən  başqa açıqlaması ola bilməz. Sülh sazişinin imzalanması üçün başlıca maneə olan Ermənistanın Konstitusiyasında təsbit olunan  Azərbaycana və Türkiyəyə qarşı   ərazi iddiaları ilə bağlı bəndlərin  hələ də  dəyişdirilmədiyi məqamda  Qərbin və ABŞ-ın  Cənubi Qafqazda  sabitliyin yaranması,   Rəsmi Bakı ilə rəsmi İrəvan arasında şülh sazişinin imzalanmasına göstərdikləri saxta dəstək, tələskənlik  Azərbaycana olan mənfur niyyətlərin ifadəsidir.  Hadisələr də göstərir ki,  riskli, böyük faciə ilə nəticələnəcəyi,  siyasi  oyun arenasına çevrilən Ermənistanın gələcəyi  şübhə altındadır. ABŞ-ın, Avropa İttifaqının, xüsusilə  Fransanın Cənubi Qafqazda yeni savaş planının  oyunçusu Ermənistan varlığına təhlükə olan uçurumun  kənarındadır.  Azərbaycanla Ermənistan arasında  sülh sazişinin imzalanması üçün  yaranan pozitiv şəraitdən narahat olan bu üçlük  Cənubi Qafqazda yeni hərbi toqquşmaların törədilməsi məqsədilə məkrli manevrlərə cəhd göstərirlər. Rəsmi İrəvanı «sülh masası»ndan  çəkindirmək üçün bütün vasitələrdən istifadə edən  ABŞ və Qərb   Ermənistanla münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə çatdırmaq vədilə  «regional alət» hesab etdikləri rəsmi İrəvanı Ukrayna  variantına  sürükləyirlər. Afrikadan qovulan Fransanın yeni müstəmləkə  məkanı seçdiyi  Ermənistana « tükənməz  sevgisi» də təsadüfi deyil. Ermənistanda hərbi kontingent yerləşdirilməsində də maraqlı olan ABŞ-ın və Fransanın saxta vədlərinin nəticəsidir ki,  Azərbaycanla ən qısa zamanda yekun sülh sazişinin imzalanmasının mümkünlüyündən bəhs edən Ermənistan baş naziri Nikol Paşinyan  artıq radikal mövqedən çıxış edir.  Ermənistanın Xarici İşlər Nazirliyi rəsmilərinin Azərbaycanın COP29 tədbirindən sonra müharibəyə başlayacağı ilə bağlı  zərərli açıqlamalarından ABŞ-ın, Qərbin yeni müharibə  çağırışlarının nəfəsi duyulur. Son vaxtlar Ermənistanın Naxçıvan istiqamətindəki  Milli Ordumuzun  mövqelərini atəşə tutması fransızsayaq  müharibəyə hazırlıq təxribatından  qaynaqlanır. Fransanın   rəsmi İrəvanla yeni müasir hərbi texnika  verilməsi barədə imzalanan müqavilə, Ermənistana hərbi kontingent göndərilməsi ilə bağlı təkliflərin aktuallaşması yeni savaşa hazırlıq prosesidir.  Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin də anti-Azərbaycan prosesinə qoşulması, Avropa Parlamentinin atdığı son addımlar Azərbaycana münasibətdə  Qərbin ikili standartlara, qərəzə, qeyri-obyektivliyə üstünlük verdiyini göstərir. Aİ-nin Ermənistandakı missiyasının rəhbəri Vasilis Maraqosun bu ölkənin parlamentində çıxışında səsləndirdiyi Avropa İttifaqının Ermənistana ölümcül olmayan silah-sursat verməyə hazır olması ilə bağlı  səsləndirdiyi sözlər  də subut edir ki,  ABŞ, Aİ, Fransa  Cənubi Qafqazda yaranmış yeni reallıqları qəbul etmədikləri kimi,  Azərbaycana qarşı təxribatlarda da kollektiv iştirak edirlər.

 Avropa Parlamentinə (AP) seçkilərdə sağçılara  məğlub olan  Fransa Prezidenti Emmanuel Makron koalisiyasının Ermənistan siyasətinin sonrakı taleyi də maraqlıdır. Makronun təyinatına görə  ölkədə  Milli Assambleyaya    iki mərhələdə keçirilən  seçkilərdə də məğlub Makronun Ermənistana dəstək siyasətinin gələcək istiqamətləri də maraq doğuran məsələlərdəndir.   Fransada növbədənkənar parlament seçkilərinin ikinci turunun nəticələrinin elan edilməsindən sonra vəziyyət gərginləşib.  Seçkilərin nəticələrinə etiraz edənlərin sayının çoxalması ölkədə onsuz da gərgin olan vəziyyəti daha da ağırlaşdırıb. Parisin Respublika meydanındakı aksiya isə daha izdihamlı olub. Dinc başlayan aksiya polisin müdaxiləsindən sonra qarşıdurmaya çevrilib. Polis narazı kütləni dağıtmaq üçün gözyaşardıcı qaz və rezin dəyənəklərdən istifadə edib. Makronçuların məğlubiyyətindən sonra bu ölkənin Baş nazir Qabriel Attal istefa  verəcəyini açıqlayıb. Ümumiyyətlə  AP-nə seçkilərin qitə dövlərində yaratdığı  qeyri –mütənasiblik, bir çox  bəzi Avropa ölkələrində  sağçıların uğur qazanması qitə təsisatlarının  Ermənistan siyasətində də korrektlərə zərurət yaradacaq. Amma  Hayastanı yeni müharibəyə təhrik edən ABŞ-la Qərbin bu seçimə uyğun  mövqeyində hansı  dəyişikliklərin baş verəcəyini zaman göstərəcək.  Bəlli olan budur ki, «sülhə dəstək» pərdəsi altında Cənubi Qafqazda maraqlarını həyata keçirmək istəyənlərin girovuna çevrilən  Ermənistanı     müharibəyə hazırlayanların niyyətləri  bu dəfə də baş tutmayacaq.  Sülh məramını barıt qoxusu, öldürücü silahlarla təhdid edənlərin qarşısını  «dəmir yumruq»  sipər kimi kəsəcək.

«Düşünürəm ki, sülh sazişindən danışarkən bunun yalnız formal tərəfini fikirləşməməliyik. Bizə, əslində, nə lazımdır, yəni, Azərbaycana nə lazımdır? Ermənistanda heç bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı qəti şəkildə, təsdiqlənmiş zəmanət lazımdır. Bu, bizə niyə lazımdır? Çünki biz Ermənistanda nə baş verdiyini bilirik və həmçinin bilirik ki, Ermənistanın bəzi Avropa paytaxtlarında çox pis məsləhətçiləri var» söyləyən Prezident İlham Əliyevin  siyasi iradəsi ilə  Ermənistanın «avropalı pis dəstəkçiləri»nin təxribatlarının qarşısı qətiyyətlə alınır.   Həmin paytaxtın Fransa olduğu da bəllidir.  Bəlli olan budur ki,   ölkəmizə qarşı bütün bəd niyyətlərin, xain planların  qarşısı alınıb, yenə də alınacaq.  Əsas məsələ  iki ölkə arasında daha müharibə olmayacağına, Ermənistanın vəziyyətlə tam razılaşdığına və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dediklərini həqiqətən nəzərdə tutduğuna dair zəmanət olmalıdır.  Rəsmi İrəvan  Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli, imzaladığı   kapitulyasiya aktını unutmamalı, sərhədlərin delimitasiyası məsələsində konstruktivlik göstərməlidir. Əsl sülh məhz budur.  ABŞ-ın, Qərbin rəsmi İrəvana  «məsləhət gördüyü», barıt iyi verən «sülh» planı Ermənistanın  məhvi deməkdir.

Xuraman İsmayılqızı, «İki sahil»