09 iyul 2024 00:50
305

Qarabağ və Şərqi Zəngəzur: İnfrastruktur, təhsil, mədəni irs və ictimai xidmətlərin sürətli inkişafı...

Ölkəmizin maliyyə gücünün artması Qarabağda və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri üçün daha çox vəsait xərcləməyə imkan yaradır. Bu torpaqlarda həyatın əvvəlki məcrasına qaytarılması üçün dövlət büdcəsindən kifayət qədər vəsaitin ayrılması da bunu sübut edir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Dövlət proqramı çərçivəsində 16 milyard manatdan çox vəsait ayrılıb. Bu vəsaitin əsas hissəsi yolların və sosial infrastrukturun qurulması üçün nəzərdə tutulub. Bununla yanaşı, indiyədək özəl sektorun da bərpa-quruculuq işlərində iştirakı dəstəklənib və təşviq edilib. Hazırda həm dövlət-özəl tərəfdaşlığı, həm də birbaşa investisiya ilə özəl sektor həmin ərazilərdə uğurlu fəaliyyət göstərir. Bu ərazilərdə sahibkarlığa 1 milyard manatdan çox vəsaitin ayırması nəzərdə tutulub ki, artıq bunun da müəyyən hissəsi yatırılıb. Məsələn, həmin ərazilərdə 2 sənaye parkında 2,7 mindən çox şəxsin işlə təmin edilməsi, bunun üçün 300 milyon manatdan çox investisiya yatırılması planlaşdırılıb.

Onu da qeyd edək ki, cari ilin birinci rübündə Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən xərcləmələr 1 milyard 221 milyon manat təşkil edib. Bu il işğaldan azad edilmiş ərazilərə büdcədə 3 milyard 825 milyon manat vəsait nəzərdə tutulub. Yanvar-mart aylarında bu məbləğin 31,9 faizi xərclənib.

Hazırda Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərinin timsalında dünya şəhərsalma təcrübəsinin yeni, Azərbaycan modeli yaradılır. Bütün bunlar dünya ictimaiyyəti tərəfindən müsbət amil kimi dəyərləndirilir. Qarabağ və Şərqi Zəngəzurun bərpası, həmin ərazilərdə məskunlaşmanın təmin edilməsi Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifə kimi səciyyələndirilir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 2026-cı ilin sonunadək 140 minə yaxın keçmiş məcburi köçkünün öz dədə-baba yurdlarında məskunlaşdırılmasının təmin olunması nəzərdə tutulur.

Bərpa-quruculuq işləri çərçivəsində böyük infrastruktur layihələrinin icrası nəzərdə tutulur. Hazırda işğaldan azad olunmuş ərazilərdə xəstəxanalar, məktəblər, idman, infrastruktur obyektlərinin tikintisi sürətlə davam etdirilir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yol infrastrukturunun yardılması istiqamətində reallaşdırılan layihələr çərçivəsində tunellər və  körpülər inşa edilir, polad magistrallar salınır, bütün elektrik təsərrüfatı yenidən qurulur.

Qarabağda və Şərqi Zəngəzurda “yaşıl enerji”nin reallaşdırılması da prioritet istiqamətlərdən biridir. Son tədqiqatlar ölkəmizdə 27,5 min meqavat həcmində bərpaolunan enerji potensialının mövcudluğunu təsdiqləyib. Bütövlükdə isə hazırda Azərbaycanın ümumi enerji istehsalında bərpaolunan enerjinin payı 17,3 faiz təşkil edir.

Prezident İlham Əliyev iyulun 5-də Qarabağda davam edən bərpa-quruculuq işləri ilə tanış olub. Dövlət başçısı səfər çərçivəsində bir sıra açılışlara qatılıb, Xocalı Hava Limanında olub.

Xankəndi şəhərində Qarabağ Universitetində görülən işlərlə tanış olub. 2024/2025-ci tədris ili üçün universitetdə ümumilikdə 27 ixtisas üzrə 1120 tələbənin təhsil alması nəzərdə tutulur. Bundan əlavə, universitetdə 8 ixtisas üzrə SABAH qrupları yaradılacaq. Müxtəlif ali təhsil müəssisələrinin birinci tədris ilini bitirmiş tələbələri arasında imtahan və müsahibə keçirilməklə əlavə olaraq 200-250 tələbənin də sentyabrda Qarabağ Universitetinin SABAH qruplarında təhsil alması planlaşdırılır. Bununla bağlı müvafiq elan verilib və qeydiyyat prosesi başlanılıb. Qarabağ Universitetində təhsil alacaq tələbələr üçün bir sıra imtiyazlar da nəzərdə tutulub. Belə ki, burada təhsil alacaq tələbələr ödənişsiz mənzil tipli yataqxana, təqaüd, həmçinin kompüter ilə təmin olunacaqlar. Ən yüksək bal toplayan tələbələrə əlavə təqaüd veriləcək. Tələbələr üçün ekoloji təmiz universitet şəhərciyi yaradılacaq.

Regionun turizm sənayesinə də xüsusi diqqət yetirilir. "Qarabağ" və "Palace" hotellərinin istifadəyə verilməsi bölgədə turizm və iqtisadi fəaliyyətin genişləndirilməsinə imkan yaradır. Dövlətimizin başçısı “Qarabağ” və “Palace” hotellərinin açılışında iştirak edib. “Qarabağ” hotelində Xankəndi şəhərinə səfər edəcək qonaqların rahatlığı üçün hər cür şərait yaradılıb. Burada müxtəlif kateqoriyalı otaqlar var. Binada restoran da qonaqların ixtiyarına veriləcək. Hoteldə işgüzar görüşlər və tədbirlər keçirmək də mümkün olacaq. “Palace” hotelində isə müxtəlif tipli 54 otaq var. Burada ən müasir iaşə məkanları da yaradılıb. Lobbi, açıq və qapalı terras zonalarından ibarət restoranda 300 qonağı qəbul etmək imkanı olacaq.

Prezident İlham Əliyev Şuşaya səfəri çərçivəsində isə “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib. Vətən müharibəsindən sonra İsa bulağı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən tam bərpa edilib. Bulağın özü mərmərdən hazırlanıb, “İsa bulağı” sözləri isə milli ornamentlə yazılıb və bulağın su təminatı da tam bərpa olunub. Bulağın ətrafındakı istirahət mərkəzi və restoran milli üslubda təmir edilib, ərazidə abadlıq işləri aparılıb. İstirahət kompleksində 4 qonaq evi və bir restoran yerləşir.

Dövlətimizin başçısı Şuşa sutəmizləyici qurğular kompleksinin açılışında da iştirak edib. 2040-cı ilə Şuşanın perspektiv inkişafı nəzərə alınmaqla hazırlanan su təchizatı, kanalizasiya və yağış suları sisteminin yenidən qurulması layihəsinə əsasən, şəhərin orta günlük su tələbatı saniyədə 105 litr təşkil edəcək. Şəhərə içməli su mövcud Kiçik Kirs, Zarıslı mənbələrindən, həmçinin Zarıslıçay su anbarından veriləcək. Şəhərin Baş planına uyğun hazırlanmış layihəyə əsasən, Şuşada 24 kilometr magistral su kəməri, 44 kilometr içməli, 42 kilometr tullantı və 41 kilometr yağış su şəbəkələri inşa olunacaq. Şuşa şəhərində yaradılan yeni infrastruktur “Ağıllı su” sistemi əsasında idarə olunacaq.

Prezident İlham Əliyev Şuşada Aşağı Gövhər Ağa məscidinin, Dövlət Xidmətləri Mərkəzinin bərpadan sonra açılışlarında da iştirak edib. Şuşa şəhəri işğal altında olduğu illərdə erməni vandalizminə məruz qalmış Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri başa çatıb. Şuşanın işğalı zamanı məscidin binası və minarələri ermənilərin zirehli texnikalarının atəşlərinə məruz qalaraq ciddi zədələnmiş, məscid vandalizmin qurbanına çevrilmişdi. 2021-ci ilin dekabr ayından məsciddə Heydər Əliyev Fondu tərəfindən “PAŞA Holdinq”in dəstəyi ilə bərpa işlərinə başlanılmışdı. Layihəyə Avstriya, İtaliya, Latviya və Türkiyədən olan mütəxəssislər cəlb olunmuşdu. Şuşada Heydər Əliyev Fondu tərəfindən ən geniş bərpa işlərindən biri dağıntıların miqyasına uyğun olaraq məhz Aşağı Gövhər Ağa məscidində aparılıb. İlkin memarlıq üslubunun qorunması ilə həyata keçirilən bərpa işləri məscidlə yanaşı ərazidəki mədrəsə binasını da əhatə edib. Qeyd edək ki, məscid ərazisindəki tarixi mədrəsə binasında hazırda muzey yaradılıb. “Qarabağ və Şərqi Zəngəzur Muzeyi: İşğaldan Əvvəl və Sonra. Dirçəliş.” mövzusundakı bu ekspozisiyada Qarabağın və Şərqi Zəngəzurun işğaldan əvvəlki dövrü, işğal illərində ermənilər tərəfindən dağıdılmış dini abidələr, tarix və mədəniyyət abidələri, ekosid barədə faktlar, o cümlədən hazırda Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə dair məlumatlar, foto və videomateriallar yer alıb.

Nigar Orucova, “İki sahil”