08 iyul 2024 14:17
275

Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir

İyulun 6-da Şuşada “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi” imzalanıb. Bəri başdan qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz tərəfindən imzalanmış Bəyannamə müstəsna siyasi və tarixi əhəmiyyətə malikdir.
Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışlarının türk dövlətlərinin vahid güc kimi çıxış etməsinin və qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlərlə bağlı mütəmadi məsləhətləşmələrin aparılmasının zəruriliyinin etiraf olunduğu bu tarixi sənəddə strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinin və dərinləşdirilməsinin, TDT-nin kollektiv strategiyasının formalaşdırılması üçün siyasi, iqtisadi, nəqliyyat, müdafiə sənayesi, humanitar, təhsil və mədəniyyət sahələrində türk dövlətlərinin tam potensialından və imkanlarından istifadə edilməsinin vacibliyi vurğulanır. Milli kosmik proqramların potensialının və rəqabət qabiliyyətinin artırılması məqsədilə kosmik layihələrin birgə inkişafı üçün səylərin birləşdirilməsinin, texnoloji inkişaf səviyyəsinin və birgə layihələrin rəqabət qabiliyyətinin artırılması üçün kosmik texnologiyalar sahəsində kompleks inkişaf da bu vaciblər sırasındadır. Eyni zamanda, türk dövlətlərinin regionda və dünyada qlobal ticarətin və iqtisadiyyatın inkişafında əvəzsiz rolu nəzərə alınmaqla, müvafiq nəqliyyat infrastrukturunun və səmərəli trans-regional dəhlizlərin yaradılması yolu ilə türk dövlətləri arasında bağlılığın daha da inkişaf etdirilməsinə diqqət yönəldilir.

Sənəddə Avropa-Türkiyə-Cənubi Qafqaz-Mərkəzi Asiya-Çini birləşdirən Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi vasitəsilə üzvlər arasında regional əlaqəni və inteqrasiyanı gücləndirmək, nəqliyyat əməliyyatlarını, gömrük prosedurlarını optimallaşdırmaq və rəqəmsallaşmanı əhatə etmək, eyni zamanda bərpaolunan geniş enerji potensialından, üzv dövlətlər arasında və üçüncü ölkələrə bərpaolunan mənbələrdən də daxil olmaqla elektrik enerjisinin ixracı və ticarəti üçün geniş enerji sistemlərinin inkişafı imkanlarının istifadəsi məqsədilə onların enerji sistemləri arasında enerji inteqrasiyası və qarşılıqlı əlaqə qurmaq,  İsrail-Fələstin münaqişəsinin ədalətli və uzunmüddətli həllinə nail olmaq kimi çağırışlar da var.
Tarixi sənəddə, həmçinin üzv dövlətlərin milli qanunvericiliyinə uyğun olaraq müdafiə sənayesi sahəsində birgə fəaliyyətin davam etdirilməsi məqsədilə bu xüsusda lazımi tədbirlərin görülməsi üçün üzv dövlətlərin aidiyyəti qurumlarına tapşırıq verilməsi də nəzərdə tutulur.

Sənədi imzalayanlar 2024-cü il noyabrın 11-22-də Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının (COP29) 29-cu sessiyasına ev sahibliyi etməkdə Azərbaycan Respublikası Hökumətinə uğurlar arzulamaqla yanaşı, Konvensiyanın tərəflərinin gözləntiləri əsasında COP29-un konkret nəticələrinin əldə edilməsində Azərbaycanın ardıcıl səylərini dəstəkləməsini də vurğulayırlar.
Şübhəsiz, bu tarixi sənəd türkdilli ölkələrin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinin, eləcə də regional və beynəlxalq məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq ölkəmizin, həmçinin Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu və çəkisini daha da artırır. Qeyd edək ki, Prezident İlham Əliyevin atdığı əməli addımlar sayəsində eyni soykökə, dilə, dinə, mədəniyyətə və digər ortaq bağlara malik olan Türk Dövlətləri arasındakı münasibətlər hazırda özünün zirvəsinə yüksəlib. Onu da qeyd edək ki, bu əlaqələrin yüksək səviyyəsi regionun tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verib. 44 günlük Vətən müharibəsi zamanı dünya bunun şahidi oldu. Belə ki, bu ölkələr o günlərdə ölkəmizin haqq savaşına siyasi-mənəvi dəstək verməklə öz borclarını yerinə yetiriblər. Bu gün Qarabağda və Şərqi Zəngəzurda böyük sürətlə aparılan geniş abadlıq və bərpa işlərinə də onlar öz töhfələrini verirlər.

İsmayıl  İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri