08 iyul 2024 11:30
340

“ŞƏT plyus” formatı dünya üçün faydalı olacaq

İyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilən görüşə 16 ölkənin dövlət və hökumət başçıları qatılıb. Görüşdə dövlətimizin başçısı İlham Əliyev çıxışında bildirib ki, Azərbaycan ikinci dəfədir ŞƏT-in Zirvə toplantısına dəvət olunur. Biz bunu Azərbaycan ilə üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi qiymətləndiririk.

Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr ölkəmizə Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib. Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb.

Hazırda Azərbaycan tərəfdaşları ilə Orta Dəhlizin rəqəmsallaşması üzərində işləyir. Bundan başqa, Azərbaycan Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona qədər artırmaq niyyətindədir.

Azərbaycan, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır. Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu hazırdır və uğurla fəaliyyət göstərir. Hazırda Azərbaycan hökuməti dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyir, sonradan zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq.

Son zamanlar regionda baş verən mürəkkəb geosiyasi hadisələr nəqliyyat dəhlizlərinin əhəmiyyətin artırır. Trans-Xəzər marşrutu Azərbaycanın ticarət yollarını genişləndirir. Bu, ölkənin ticarət potensialını artırır və regionda daha bir iqtisadi mövqe əldə etməsinə kömək edir. Azərbaycanın Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (Orta Dəhliz) uğurlu fəaliyyətinin təmin olunmasında böyük rolu var. Bu marşrut Azərbaycan ərazisinin önəmli bir hissəsindən keçir və ölkənin nəqliyyat, iqtisadiyyat və siyasi əlaqələri üçün strateji əhəmiyyət daşıyır.

Marşrut boyu infrastrukturun inkişafı və nəqliyyat sahəsində layihələr Azərbaycanın özünəməxsus enerji və iqtisadi resurslarını daha sürətli və sərfəli şəkildə dünya bazarlarına çıxarmağa kömək edir. Orta Dəhlizin digər mühüm məqamlarından biri infrastrukturla bağlıdır. Yəni, dəhliz boyu dar boğazların aradan qaldırılması təmin edilməlidir. Lakin ümumi olaraq yaxın beş il ərzində müsbət dinamika müşahidə olunacaq. Orta Dəhliz Asiya ilə Avropanı birləşdirən və regionun bir neçə ölkəsindən keçən nəqliyyat və ticarət yoludur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativ yoldur. Orta Dəhliz Asiyanın şərq regionlarını, o cümlədən Çini Avropaya birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu təklif edir.

ŞƏT-in əhəmiyyətinə gəlincə, həm ərazisinə, həm də əhalisinə görə dünyanın ən böyük ölkələrindən bir neçəsinin üzv olduğu Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda ŞƏT-in 9 üzvü (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, İran), 3 müşahidəçi üzvü (Əfqanıstan, Monqolustan, Belarus) və 14 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Ermənistan, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Səudiyyə Ərəbistanı, Şri-Lanka) var. 2022-ci ilin sentyabrında Səmərqənddə keçirilən Zirvə görüşündə Belarusun bu təşkilat çərçivəsində statusunun üzv dövlət səviyyəsinə yüksəldilməsi prosesi başlanıb. Astana Sammitində Belarusun Şanxay Əməkdaşlıq Təşkilatına qoşulması barədə qərar qəbul edilib.

Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir.

Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri