07 iyul 2024 19:10
371

“Dost” tövsiyəsi, yoxsa... - ŞƏRH

Xəbər verildiyi kimi, bu günlərdə ABŞ Senatının Missisipi ştatını təmsil edən respublikaçı üzvü, ABŞ Helsinki Komissiyasının sədri Rocer Uiker Ermənistanda səfərdə olub. Həmin səfər çərçivəsində keçirdiyi mətbuat konfransında o, ABŞ-ın  Ermənistanla təmaslarını artırmasını və bu fəallığının arxasında Cənubi Qafqazda  ümumi maraqların dayandığını bildirib. Senator, həmçinin Cənubi Qafqazda Rusiyanın mövqeyinin  zəiflətməyə çalışdıqlarını da bəyan edib. O, hətta vurğulayıb ki, Cənubi Qafqazda azadlıq və demokratiyanın bərqərar olmasını Moskva istəmir. Ermənistan və Azərbaycanla tezliklə sülh sazişinin bağlanmasını, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin başa çatdırılmasını guya “səbirsizliklə” gözlədiyini və bu məsələlərdə həm Azərbaycanı, həm də Ermənistanı dəstəklədiyini qeyd edən senator özünə “Azərbaycanın Putin Rusiyası ilə birləşməsi nəyə gətirib çıxara bilər?” sualını da verib. Cavabını isə  Azərbaycana xitabən belə bildirib: “Azərbaycandakı dostlarımıza tövsiyə etmək istəyirəm ki, onlar azadlığın qiymətini və əhəmiyyətini anlamağa çalışsınlar. Biz bunu təcrübəmizdə dəfələrlə görmüşük. Mən Azərbaycana bu xəbərdarlığı çatdırmaq istəyirəm: ayıq olun ki, böyük “rus ayısı” yenidən Cənubi Qafqazda dominant mövqe tutmağa çalışmasın”. 

Təbii ki, bu çox yersiz sual və cavabdır. Halbuki, senator  bilməmiş deyil ki, Ermənistandan fərqli olaraq, Azərbaycanın Rusiyadan iqtisadi asılılığı yoxdur. Digər tərəfdən, Rusiyanın hərbi bazası, sərhəd qoşunları Ermənistanın ərazisində yerləşir. Azərbaycanda isə rus qoşunlarından əsər-əlamət yoxdur. Amma bu da bir faktdır ki, bütün strateji infrastruktur - elektrik şəbəkələri, qaz kəmərləri, telefon və mobil rabitə, dəmir yolları, atom elektrik stansiyası Rusiya şirkətlərinin idarəçiliyində olan, əhalisinin və büdcəsinin gəlirləri Rusiyayadan pul köçürmələrindən formalaşan, ÜDM-si Rusiyaya ixrac üzərində qurulan, Rusiyadan qaz və yanacaq asılılığı davam edən Ermənistandır. Yəqin, o, bunları da bilməmiş deyil. Elə isə Rocer Uikerin bu avantürasana nə ad vermək olar? Ayrı-ayrı məqamları təhlil edərkən yekunda belə qənaətə gəlirsən ki, senatorun niyyəti Azərbaycanı Rusiya ilə qarşıdurmaya sürükləmək cəhdindən başqa bir şey deyil.

Cənab senatora xatırlatmaq istərdik ki, Prezident İlham Əliyevin apardığı praqmatik və uğurlu xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq platformada əlaqələri daha da genişlənir, təhlükəsizliyi möhkəmlənir.  Bu gün müstəqil siyasət aparan, heç bir ölkədən asılı olmayan Azərbaycan özünün Qərb tərəfdaşları, Avropa İttifaqı və NATO ilə yanaşı, Rusiya, İran və Çinlə qarşılıqlı faydalı əməkdaşlığa və strateji tərəfdaşlığa söykənən xarici siyasətini uğurla davam etdirir. Bu mənada rəsmi Bakı özünün xarici əlaqələrində bütün siyasi və hərbi bloklardan, şübhəli inteqrasiya təşəbbüslərindən məsafəli, balanslı diplomatik xəttinə sadiqdir.

Konkret Rusiyaya gəldikdə, Azərbaycan Rusiya ilə həmsərhəddir. Bu isə o deməkdir ki, Bakının öz təhlükəsizliyini təmin etməyin yollarından biri də Moskva ilə normal, işgüzar, qarşılıqılı hörmət və etimada söykənən münasibətlərin qurulmasından keçir. Hətta maraqlar dairəsi regional və qlobal problematikaya qədər genişlənən Azərbaycan ilə Rusiya arasında münasibətlər ən yüksək səviyyədədir. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə son onilliklər ərzində ikitərəfli əlaqələrin möhkəmləndirilməsi istiqamətində aparılan ardıcıl işin məntiqi nəticəsidir. Azərbaycan artıq bu münasibətləri qurub və boynuna götürdüyü öhdəliklərə əməl edir. Şübhəsiz, belə olan təqdirdə  Rocer Uikerin Azərbaycana, onun liderinə belə tövsiyə vermək  cəhdi cahillikdən başqa bir şey deyil.

Qeyd edək ki, son zamanlar Birləşmiş Ştatların Cənubi Qafqazda fəallığı artıb. Aydındır ki, ABŞ bölgədə təşəbbüsü öz əlinə almağa çalışır. Məqsədi də bəllidir: Bakı-İrəvan sülh anlaşmasını Rusiyaya qarşı yönəltmək.  Amma cənab senator unutmasın ki, onun bu avantürası baş tutmayacaqdır.

Qvami Məhəbbətoğlu, “İki sahil"