06 iyul 2024 12:05
412

Azərbaycan-Çin münasibətləri yeni mərhələdə

Son illərdə Azərbaycan Respublikası düzgün qurulmuş xarici siyasəti sayəsində böyük uğurlara imza atmış, müxtəlif qlobal, ümumbəşəri, regional tədbirlərə ev sahibliyi etmiş, strateji əhəmiyyəti olan layihələrin həyata  keçirilməsində xüsusi fəallığı ilə fərqlənmişdi.  Dövlət başçımız cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici strategiyasının əsas prioritetlərindən birini də multiregional xarici siyasət kursunda müxtəlif inkişaf səviyyəsinə malik dövlətlərlə sıx əməkdaşlıq, yoldaşlıq əlaqələri qurmağa nail olunması təşkil edir. Beləliklə, nəinki region, o cümlədən dünya dövlətlərinin də dostluq əlaqələri qurmağa can atdığı etibarlı tərəfdaşa çevrilən Azərbaycanla siyasi dostluğa və  iqtisadi əməkdaşlığa önəm verən belə dünya dövlətlərindən biri də dünyanın siyasi və iqtisadigüc mərkəzlərindən olan Çin Xalq Respublikasıdır.

Ölkələrimiz arasında artıq 32 ildir ki diplomatik əlaqələr qurulmuşdur. Azərbaycan Respublikası müstəqilliyini elan etdikdən sonra Çin 1991-ci il dekabrın 27-də  dövlətin müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr isə 1992-ci il aprelin 2-də qurulub. 1992-ci ilin avqust ayında Çin Xalq Respublikasının  Azərbaycan Respublikasında səfirliyi açılıb. Milli Məclisin qərarı ilə 1993-cü il 3 sentyabrında isə Azərbaycan Respublikasının Çin Xalq Respublikasında səfirliyi açılıb. Azərbaycan Respublikasının Ümumilli lideri  Heydər Əliyev 1994- cü ildə ölkələr arasındakı ilk yüksək səviyyəli səfəri həyata keçirib. Prezident İlham Əliyev Çinə 2 dəfə (2005, 2015) rəsmi və 3 dəfə müxtəlif beynəlxaq səviyyəli tədbirlərdə iştirak etmək üçün səfər edib.

2013- cü ildə Çin Xalq Respublikasının təşəbbüsü ilə yaradılan və əsas hədəfi tarixi ipək yolunun yenidən canlandıraraq bu yolun keçdiyi ölkələrlə əməkdaşlıq sahələrini artırmaq olan“Kəmər və Yol təşəbbüsünü” ilk dəstəkləyən ölkələrdən biri Azərbaycan olmuş və Çinlə nəqliyyat–logistikaya dair qlobal təşəbbüslər müstəvisində sıx əməkdaşlıq qurulmuşdur. Ölkəmiz bu istiqamətdə ciddi praktiki layihələr həyata keçirmiş və “Kəmər və Yol” layihəsinin mühüm hissəsi olan Orta Dəhlizin infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırmışdır.

2015- ci ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Çin Xalq Respublikasına rəsmi səfər edərək bu dövlət sədri  Si Cinp ilə görüşmüşdür. Bu görüş çərçivəsində iki dövlət başçısı Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının dostluq münasibətlərinin və əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Bəyannamə” imzalamışdırlar.Bundan başqa, “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu”, “Məhkumların verilməsi haqqında Müqavilə”, “Fitosanitar əməkdaşlıq haqqında Saziş”, “Mülki hava nəqliyyatına dair Saziş”, “2016-2019-cu illərdə təhsil sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “İkitərəfli iqtisadi əməkdaşlığın təşviqi üzrə Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və Çin Xalq Respublikasının Enerji İdarəsi arasında Anlaşma Memorandumu”, “Dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanmışdır.

2019-cu ildə isə Pekində keçirilən 2-ci “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunda Cənubi Qafqazdan olan yeganə dövlət başçısı məhz Prezident İlham Əliyev olmuşdur. ÇinXalq Respublikasının lideri Si Cinpin özünün əsas qlobal təşəbbüsü olan “Bir kəmər, bir yol” strategiyası üzrə Azərbaycana yüksək dəyər verməsi təkcə ölkəmizin əlverişli coğrafi mövqeyi, tranzit potensialı ilə deyil, həm də dövlətimizin başçısına bir lider kimi olan etimadı ilə bağlıdır. Bu Sammit çərçivəsində gerçəkləşən daha bir vacib məsələ isə dövlətlərimiz arasında 10 mühüm sənədin imzalanması olmuşdur.

15 sentyabr 2022-ci ildə isə Səmərqənd şəhərində ŞƏT Sammiti çərçivəsində iki ölkənin dövlət başçıları arasında görüş keçirilmiş və Çin Xalq Respublikasının dövlət başçısı Si Çinp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi “ Çinin böyük dostu” adlandırmışdır. Si Cinpinin sədrliyi dövründə Çinin Azərbaycan ilə münasibətlərinin siyasi, iqtisadi, humanitar və digər aspektlərində olduqca müsbət dinamika müşahidə olunmuşdur. Çin Xalq Respublikasının Sədri Si Cinpin ikitərəfli münasibətlərin yüksək dinamika ilə inkişafında Azərbaycan Prezidentinin rolunu həmişə yüksək dəyərləndirib.

Xüsusi vurğulamaq lazımdır ki, Çin Azərbaycanın ilk idxal mənbəyidir və Azərbaycanın beş əsas ticarət tərəfdaşından biridir. Belə ki, 2023-cü ildə Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 3,1 milyard ABŞ dolları təşkil edib

Cari ili 4 iyul tarixində Astanada keçirilən ŞƏT-in növbəti Zirvə toplantısı Azərbaycan Çin münasibətləri baxımından xüsusi əlamətdar rol oynayır. Belə ki, Sammit çərçivəsində Prezident İlham Əliyevin Çin lideri Si Cinpin ilə görüşü ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi və əməkdaşlığın yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsi ilə yadda qaldı.

“Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin imzalanması mühüm siyasi hadisədir. Bu Bəyənnamə çərçivəsində Azərbaycan – Çin arasındakı  qarşılıqlı dostluq münasibətləri siyasi, iqtisadi, humanitar, ictimai, elm və digər sahələrdə dərinləşməyə və inkişaf etməyə davam edəcəkdir. İki ölkə arasında münasibətlər ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmət, daxili işlərə qarışmama prinsiplərinə əsaslanır.

Çin ilə Azərbaycan arasında bərpa olunan enerji sahəsində də əməkdaşlıq uğurla davam etməkdədir. Belə ki, Azərbaycan elektrik mühərrikli avtobusların istehsalı sahəsində Çinin “ BYD Company Limited” şirkətiylə əməkdaşlığa başlayıb. 2024 – cü ilin noyabr ayında BYD şirkətinin 160 ədəd elektrik mühərrikli avtobusu və 100 ədəd elektrik enerji doldurucusunun ölkəmizə gətirilməsi ilə bağlı sifariş olunmuşdur.

Böyük siyasi güclər arasında qütbləşmənin artdığı müasir dövrdə ölkəmizin  beynəlxalq əməkdaşlıq sahəsində balanslaşdırılmış siyasəti və Çin kimi güclü dövlətlərlə qarşılıqlı ikitərəfli əlaqələrin sağlam qurulması, daha dəqiq desək,  dünyanın istər siyasi, istərsə də iqtisadi cəhətdən ən nəhəg güclərindən biri olan Çinin ölkəmizlə qarşılıqlı əməkdaşlığa böyük önəm verməsi bizim çox böyük uğurumuzdur. Əlbəttə, bu uğurun arxasında cənab Prezidentin böyük əməyi, onun uğurlu diplomatiyasi, siyasi nüfuzu və etibarı dayanır.

Ziyafət Əsgərov,
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri