06 iyul 2024 00:18
477

Azad oldu, abad olur, dirçəlir

Bugünümüzün əsas çağırışlarından biri Qarabağın  və Şərqi Zəngəzurun  nəinki Azərbaycanın, dünyanın ən gözəl yerlərindən birinə çevrilməsidir. Bu hədəfə yüksək səviyyədə nail olmaq üçün yeni prioritetlər müəyyənləşdirildi, Dövlət Proqramları təsdiqləndi, Fərman və sərəncamlar imzalandı  ki, bunlardan biri  “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dir. Bu mühüm sənəd bir daha təsdiqlədi ki, nəinki işğaldan azad edilmiş ərazilərimiz, bütün regionlarımızın sosial-iqtisadi inkişafı dövlətimizin həyata keçirdiyi siyasətin əsasını təşkil edir, bir sözlə, “güclü dövlət, yüksək rifah” əsas prinsip kimi öndədir.  İqtisadi rayonların yeni bölgüsünün aparılması üçün imzalanan Fərman da özündə mühüm çağırışları ehtiva etdi. Yeni Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonu yaradıldı.

Qürur hissi yaradan bərpa-quruculuq

44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən ötən 4 ilə yaxın müddətdə işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən  bərpa-quruculuq işlərinin miqyası hər birimizdə böyük qürur hissi yaradır. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 16 noyabr 2020-ci ildə işğaldan azad edilmiş ərazilərə başlanan ilk səfəri bugünkü reallıqların əsası oldu. Davamlı səfərlərin hər biri mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Bu ərazilərin müasir dövrün tələbləri əsasında yenidən qurulması və bərpası üçün bütün zəruri addımlar atılır. Ən əsası yeni idarəçilik sistemi tətbiq edilir. Bu ərazilərdə Prezidentin şəxsi  nümayəndəsinin təyin edilməsi işlərin səmərəliliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır. Bu idarəçilik sistemi ilk olaraq Azərbaycanın döyünən ürəyi, Qarabağın tacı Şuşada yaradıldı. Tarixi sahibinə qovuşan torpaqlarımız “ağıllı şəhər” və “ağıllı kənd” layihələri çərçivəsində bərpa edilir, yenidən qurulur. Azərbaycan bu ərazilərdə görülən işlərin fonunda dünyaya müasir şəhərsalmanın təkmil modelini təqdim edir. Məlumdur ki, Ağdam və Zəngilan şəhərlərində Azərbaycan   Milli Şəhərsalma Forumları keçirilib. Hər iki tədbirin iştirakçılarının say tərkibinə diqqət yetirdikdə marağın nə qədər böyük olduğunu görürük. Belə tədbirlər işğaldan azad edilmiş ərazilərimizdə ermənilərin törətdikləri vəhşiliklərin  dünya ictimaiyyətinə təqdimatında əhəmiyyətli rol oynayır. Bu torpaqlar erməni vandallığının şahidləridir. Onu da qeyd edək ki,  Zəngilan rayonunun Ağalı kəndi ilk “ağıllı kənd” oldu. İlk “ağıllı şəhər” isə “ruhlar şəhəri” adlandırılan Ağdam şəhəri olacaq.

Yol, nəqliyyat və energetika sahəsində ciddi layihələr həyata keçirilir

Görülən işlər Azərbaycan xalqının necə  qurucu xalq olduğunu nümayiş etdirir. Bu torpaqların sahibi olaraq Azərbaycan bütün işləri öz daxili imkanları hesabına həyata keçirir.  Böyük Qayıdışla bağlı qəbul edilən Dövlət Proqramına uyğun ilk olaraq vacib sosial obyektlərin açılması göstərir ki, Azərbaycan xalqı öz soy-köklərinə və doğma torpaqlarına bağlıdır. Cənab İlham Əliyevin bu rayonlara hər bir səfəri xeyli sayda kəndlərin təməlqoyma mərasimlərinin keçirilməsi ilə diqqətdə olur. İrimiqyaslı infrastruktur layihələrinin icrası, enerji ilə təchizata diqqətin artırılması mərhələli, plan üzrə davam etdirilir. Səkkiz ayda inşa olunan Füzuli, ondan sonra istifadəyə verilən Zəngilan Beynəlxalq Hava limanlarının inşası Qarabağın və Şərqi Zəngəzurun dünyaya açılan hava qapısı olmaqla turizmin inkişafına önəmli töhfələrdir. Bu ilin sonu,  2025-ci ilin əvvəllərində  istifadəyə verilməsi nəzərdə tutulan Laçın Beynəlxalq Hava Limanının inşası ilə bu imkanlar daha da genişlənəcək. Hazırda yol, nəqliyyat və energetika sahəsində ciddi layihələr həyata keçirilir.

Azərbaycandan Avropaya uzanan “yaşıl dəhliz”  

Son zamanlarda ölkəmizdə və respulikamızdan kənarda Azərbaycanın karbohidrogen ehtiyatlarından istifadə, dünyanın enerji xəritəsini dəyişəcək layihələrlə bağlı danşıqların intensivləşməsi, 2027-ci ilə qədər təchizatın iki dəfə artırılması üçün Avropada daha çox interkonnektorun istifadəyə verilməsi ilə bağlı təkliflərin dəstəklənməsi, əməkdaşlıq formatının genişlənməsi beynəlxalq aləmdə ölkəmizin önəmini daha da artırır. Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış Anlaşma Memorandumunda nəzərdə tutulduğu kimi, Gürcüstandan Rumıniyaya sualtı kabel xəttini çəkmək üçün Buxarestdə imzalanan müqavilə, texniki-iqtisadi əsaslandırma işlərinə başlanılması, «Masdar»la razılaşma külək və günəş enerjisi hasilatını 2027-ci ilədək 4 qiqavat və 2037-ci ilədək 6 qiqavat artırılması, bərpa olunan enerji ilə bağlı proqnozların səslənməsi Böyük Qayıdış proqramına uyğun davam etdirilən strategiyanın tərkib hissələrindəndir. «Ümumiyyətlə, biz işğaldan azad olunmuş ərazilərdə bərpa olunan enerjinin potensialını qiymətləndirmişik və ilkin təhlillərə görə, bu, demək olar ki, on min meqavat təşkil edir. Biz artıq bir neçə su elektrik stansiyasının açılışını etmişik və su elektrik enerjisinin ümumi gücü beş yüz meqavatdan çox olacaq. Yerdə qalan güc isə günəş və külək elektrik enerjisindən qaynaqlanacaq” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, xalqımızın milli ideyası olan Qarabağın və Zəngəzurun yenidən qurulması naminə genişmiqyaslı quruculuq işləri davam etdirilir.  Ali Baş Komandan İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərini xüsusi diqqətdə saxlayır.

Quruculuq işləri kənd təsərrüfatı sahəsini də əhatə edir. Məlum olduğu kimi, 2021-ci ildə Azərbaycan və Türkiyə Prezidentlərinin birgə iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının açılışından sonra  Zəngilan rayonuna gələrək Ağalı kəndində görülən işlərlə tanış olaraq “Dost Aqropark”ın təməli qoyulmuşdur. Bu, iki qardaş ölkənin birgə investisiya layihəsi olmaqla  qardaşlığın növbəti  nümunəsini dünyaya təqdim etdi.  Bu layihə üzrə nəzərdə tutulan işlərin icrası Azərbaycanın və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək, bölgənin əkinçilik və heyvandarlıq məhsullarının beynəlxalq bazarlara çıxarılmasına imkan yaradacaq. «Ağıllı kənd təsərrüfatı» texnologiyaları, bərpa olunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinə əsasən fəaliyyət göstərəcək “Dost Aqropark” kompleksində 500 nəfər üçün iş yerləri açılacaq.

Doğma evlərinə qayıdan insanların rifahı üçün komplkeks sosial müdafiə paketi 

Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” Dövlət Proqramında nəzərdə tutulduğu kimi, doğma evlərinə qayıdacaq insanların rifahı üçün sosial müdafiə paketi həyata keçirilir, sənaye məhəllələri salınır.  Bu günədək 4 şəhər və 4 kənd sakinlərinə qovuşub. Bu il Füzuli, Laçın şəhərlərinin sırasına Şuşa, Xocalı şəhərləri, Ağalı, Talış, Zabux  kəndlərinin sırasına  Sus kəndi daxil oldu. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümündə, 10 may 2024-cü il tarixdə Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edərək şəhərə ilk köçmüş sakinlərlə görüşən dövlət başçısı İlham Əliyev bildirdi ki, bu gün  Şuşanın yeni tarixi başlayır: “Mən 2020-ci il noyabrın 8-də xalqa müraciətimdə demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bax, bu gün biz dirçəldilən Şuşanı görürük. Təkcə bu gözəl binalar deyil, Şuşada çox genişmiqyaslı quruculuq işləri gedir. Bu gün Ulu Öndərin doğum günündə üçüncü yaşayış kompleksinin təməli qoyuldu. Keçən il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qoyulmuşdur. Bu birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Onun bir hissəsi artıq hazırdır. Bu gün siz bu mənzillərə köçəcəksiniz. Bütün evlər gözəl memarlıq üslubunda - Şuşanın ənənəvi üslubunda inşa edilmişdir. Şərait çox gözəldir və əminəm ki, uzun fasilədən sonra şuşalılar burada rahat yaşayacaqlar, yaradacaqlar, quracaqlar, öz doğma şəhərinin tarixi simasını qoruyacaqlar.”

Azərbaycanın ötən ilin sentyabr ayında suverenliyinin tam bərpa olunması ilə Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə Azərbaycan Bayrağı ucaldıldı və genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanıldı. Bu il 28 May-Müstəqillik Günündə Xocalı sakinlərinin dogma yurd-yuvalarına qayıdışı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın onlarla görüşü, evlərin açarlarını təqdim etmələri qısa müddətdə görülən işlərin təqdimatı oldu. Sentyabr ayından isə Xankəndi şəhərinə köç başlayacaq.

Yeganə Əliyeva, “İki sahil”