05 iyul 2024 22:30
395

Gərəksiz “bələdçi”

Ermənistan Azərbaycanın regionda yaratdığı yeni reallıqları qəbul etmək əvəzinə, müxtəlif beynəlxalq platformalarda, eləcə də bu və digər ölkənin rəsmiləri ilə keçirilən görüşlərdə ölkəmizə qarşı əsassız ittihamlar irəli sürməkdə, hədyanlar yağdırmaqda davam edir. Məsələn, bir neçə gün öncə mayası yalanla yoğrulan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tiflisdə həmkarı ilə görüşü zamanı  sülh prosesindən danışarkən  bu  sözləri deyib: “Biz prosesin davam etdirilməsinə böyük əhəmiyyət veririk. Eyni zamanda, sülh sazişinə hazırlıq gedir. Mən özüm də dedim ki, bir ay ərzində intensiv işləməklə hazırlığı başa çatdırmaq və Azərbaycanla sülh sazişini, bu çox mühüm sənədi imzalamaq olar. Təklifin müsbət cavablandırıldığını deyə bilmərəm, əksinə, biz prosesin ləngiməsinə yeni, süni maneələr görürük”.

Bununla da  o, guya Bakının sülh sazişinin bağlanmasına maneələr yaratdığını vurğulayıb. O Mirzoyan ki, Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiya etmək istəmədiyini, elə bu səbəbdən Ermənistana köçməsini “məcburi köçkünlük və etnik təmizləmə” adlandırıb. O Mirzoyan ki, Qarabağdakı alban dini abidələrini “erməni mədəni və dini irsi” adlandıraraq, onların “vandalizm və talançılıqdan qorunmasının çox vacib” olduğunu deyib. O Mirzoyan ki, rəsmi Bakıya qarşı iftiralar, böhtanlar yağdırmaq “sənəti” üzrə ixtisaslaşıb.

Bəri başdan qeyd edək ki, Ararat Mirzoyanını Azərbaycan əleyhinə səsləndirilmiş yalan və iftira dolu bu fikirləri onun xəstə təxəyyülünün məhsuldur. Halbuki, Cənubi Qafqazın lider dövləti olan, öz gücü ilə ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edən, separatizmin kökünü kəsən Azərbaycan regionda sülhün, sabitliyin istiqamətində qətiyyətli addımlar atdığını, məqsədyönlü işlər gördüyünü dəfələrlə sübut edib. Bunu artıq bir çox ölkənin, beynəlxalq təşkilatların səlahiyyətli nümayəndələri də yaxşı bilirlər.

 Prezident İlham Əliyev iyulun 1-də Kanada səfirinin etimadnaməsini qəbul edərkən də sülhlə bağlı bir sıra məsələlərə yenidən toxunub. Dövlətimizin başçısı sülh müqaviləsinin mətni, ən azı əsas prinsipləri üzərində işin bir neçə aya yekunlaşa biləcəyini deyib. Bütün bunlarla yanaşı, Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması yalnız Ermənistan konstitusiyasına dəyişiklik ediləcəyi halda mümkündür. Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var.  Şübhəsiz,  Ararat Mirzoyanın bütün bunlardan xəbəri var.  Amma onun ölkəsi hələ də bu istiqamətdə heç bir əməli addım atmır. Hətta konstitusiyada dəyişiklik etmək fikrində olmadıqlarını və bunun Ermənistanın daxili işi olduğunu bəyan edirlər. Lakin bu, beynəlxalq hüquqa və normalara ziddir, qonşu dövlətlərlə sülhə əsaslanan münasibətlər qurmaq məntiqinə uyğun gəlmir. Sülh danışıqları prosesi isə beynəlxalq təcrübəyə əsasən qarşılıqlı etimad tələb edir.

Mirzoyan unutmamalıdır ki, əgər Ermənistan konstitusiyasında Azərbaycan qarşı ərazi iddiaları olan müddəalar dəyişməzsə, gələcəkdə bundan  revanşist ideyalar üçün istifadə oluna bilər. Digər tərəfdən,  imzalana biləcək sülh müqaviləsinin Ermənistan Konstitusiya Məhkəməsi tərəfindən ləğv olunmamasına heç bir təminat da yoxdur.  Yeri gəlmişkən qeyd edək ki, dünən Ermənistan Baş naziri Nikol Paşinyan Konstitusiya Günü münasibətilə xalqa müraciət edib. O, hazırkı  konstitusiyanın bəzi tələblərə cavab vermədiyini bildirib. Onun sözlərinə görə, Ermənistana xalqın özününkü hesab edəcəyi, dövlət və onunla münasibətlər haqqında fikirlərini əks etdirən yeni Konstitusiya lazımdır: "Bizə konstitusiyanın yaradıcısı olan xalqla üzvi şəkildə bağlı olacaq yeni konstitusiya lazımdır". Bunun nə qədər real olacağını, hansı maddələrin çıxarılacağını indidən söyləmək  çətindir.

Digər tərəfdən, Ermənistan hələ də  işğal altında saxladığı dörd kəndi Azərbaycana qaytarmayıb, Zəngəzur dəhlizi də açılmayıb. Belə olan təqdirdə Mirzoyanın belə çərənləməsinə nə ad vermək olar? Şübhəsiz, riyakarlıq. Bu mənada demək olar ki, sülh danışıqlarına əsas maneə yalnız və yalnız Ermənistandır. Daha doğrusu, artıq dörd ilə yaxındır ki, Azərbaycan və Ermənistan arasında  münasibətlərin normallaşması istiqamətində davam edən danışıqlar prosesi məhz Ermənistanın qeyri-adekvat mövqeyi səbəbindən nəticə vermir. Real görünən  isə odur ki, Ararat Mirzoyan utanıb-qızarmadan Azərbaycana iftiralar yağdırmaqla, əgər belə demək mümkünsə sülh danışıqlarına “bələdçi”lik etməklə öz ölkəsinin sülhə əsas maneə olmamasını sığortalamaq istəyir. Amma Mirzoyan unudur ki, görünən dağın onun kimi “bələdçi”sinə ehtiyacı yoxdur. Elə bunu sadaladığımız arqumentlər də bir daha sübut edir.

Qvami Məhəbbətoğlu, “İki sahil”