05 iyul 2024 11:50
371

İranda seçkilər: Cəlili, yoxsa Pezeşkian?

Ekspertlər: Qərarsız seçicilər seçkiyə gedərsə, islahatçı namizədi Məsud Pezeşkiyan qalib gələ bilər

İranda növbədənkənar prezident seçkilərinin ikinci turunda səsvermə başlayıb. Bütün səslər hesablandıqdan sonra ölkədə seçkilərin nəticələrinin iyulun 6-da səhər saatlarında məlum olacağı gözlənilir. Prezidentlik uğrunda 69 yaşlı keçmiş səhiyyə naziri, islahatçı Məsud Pezeşkian və İran liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı 58 yaşlı nümayəndəsi, mühafizəkar Səid Cəlili mübarizə aparır. Qeyd edək ki, iyunun 28-də İranda 4 namizədin iştirakı ilə prezident seçkisi keçirilib. Birinci turda qalib müəyyən edilmədiyindən prezidentliyə namizədlər Məsud Pezeşkian və Səid Cəlili ikinci tura keçib.

İran Araşdırmalar Mərkəzinin eksperti Rahim Farzam ikinci turda Perzeşkianın seçilmə şansını yüksək olduğunu bildirib.  

“İki sahil” xəbər verir ki, bu haqda “tebrizgazetesi.com” məlumat yayıb.

Ekspert qeyd edib ki, bunun üçün Pezeşkianın küskün və qərarsız seçiciləri səsverməyə apara biləcək təbliğat aparması vacibdir: “Seçkilərin taleyini iki faktor müəyyən edəcək. Birinci faktor İranın dini lideri Əli Xamaneyin mövqeyidir.  Radikal mühafizəkar namizəd Səid Cəlil seçilirsə sərt qadağalar davam edəcək. Ölkədə qütbləşmə arta bilər. Pezeşkiyanın seçilməsi isə ölkədə gərgin vəziyyəti nisbətən sakitləşdirə bilər. Buna görə də Xamaneyin Pezeşkiyanı dəstəkləmə ehtimalını yüksək görürəm." Rahim Farzam hesab edir ki, Pezeşkiyanın seçilməsi İran türklərinin sistemə olan münasibətini yumşalda bilər:  “Düzdür, türk namizədinin seçilməsi erməni lobbisini narahat edib. Artıq sosial şəbəkələrdə də görürük ki, onlar Pezeşkiyanı türkçülükdə ittiham edirlər. Onlar iddia edirlər ki, o, prezident olarsa, İran parçalana bilər. Ancaq bunun seçkilərdə çox effektli olduğunu düşünmürəm. İkinci turda hər iki namizədin seçilmək şansı var. Cəlili prizmasından baxsaq, Xamneyinin yanaşması önəmlidir. Seçkilərin legitimliyi, qütbləşmə və gərginliyin artdığı bir mühitdə Xamaneyinin Cəliliyə müsbət yanaşması bir az çətin görünür”.

İran Araşdırmaları Mərkəzinin eksperti Bilgehan Alagöz hesab edir ki, İranda iqtisadi problemlər çox artıb. Demokratiya və insan haqları ilə bağlı böyük problemlər var. Seçkilərdə iştirak səviyyəsi çox aşağıdır. İnsanlar seçkiyə getməyərək mövcud vəziyyətə etiraz edirlər: “İkinci turda narazı insanları seçkiyə aparmağı bacaran namizəd seçkidə qalib gələcək”.

Qafqaz Araşdırmalar Mərkəzinin prezidenti professor Həsən Oktay  siyasi vəziyyət türk və islahatçı namizədin ilk dəfə prezident olmasına yol aça bilər. Pezeşkiyanın seçilməsi ilə İranda demokratiyaya keçidin yolu açıla bilər.

Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, professor Aygün Attar İranın dini lideri Xameneyinin cümə xütbəsində “İranın azadlıq bayrağı Təbrizlilərin əlindədir” deyimini xatırladaraq deyib: “Hamımız gözləyəcəyik və görəcəyik ki, o bayraq açılacaqmı”. Aygün Attar qeyd edib ki, Pezeşkiyan həm insan, həm də siyasətçi kimi cəmiyyətdə böyük hörmətə malik ürək cərrahıdır. 1993-cü ildə həyat yoldaşını və övladlarından birini faciəli yol qəzasında itirdikdən sonra bir daha evlənməmiş, qalan üç övladına həm ata, həm də ana olmuş, Təbriz Tibb Elmləri Universitetinin rektoru, İranın səhiyyə naziri vəzifələrində çalışmışdır. Pezeşkiyan parlamentdə təkcə Təbrizin deyil, İranda yaşayan bütün türklərin məğrur səsinə çevrilib. 2016-cı il fevralın 26-da parlamentin açıq iclasında o, Allahın onu türk kimi yaratdığını və heç kimin türklərin dilini və mədəniyyətini ələ salmağa haqqı olmadığını bildirmişdi.