03 iyul 2024 00:50
349

Kiminsə ərazi bütövlüyümüzü tanıyıb-tanımaması mahiyyət kəsb etmir

Dövlət başçısı İlham Əliyev bildirir ki, bu, torpaqlarımız işğal altında olan bir dövrdə önəmli idi

Reallıq budur ki, 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizlə yeni səhifə açılıb. Bu baxımdan şanlı Qələbəmizdən ötən dörd ilə yaxın müddətdə müstəqillik tariximizə yazılan Zəfər səhifələrinə diqqət yetirmək kifayətdir.  10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından dərhal sonra işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilməsi, dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu torpaqlara davamlı səfərləri özündə bütün məqamları əks etdirdi. Bu torpaqların sahibi bizik və burada daimi olacağıq. Azərbaycan 30 illik işğal dövründə Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində  səylərini günbəgün artırdı. Münaqişənin həllində hüquqi bazanın rolunu nəzərə alsaq ölkəmizin real həqiqətlərə, tarixi faktlara əsaslanan təbliğatı sayəsində formalaşan möhkəm hüquqi baza 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə əhəmiyyətli rol oynadı.

BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni silahlı birləşmələrinin bu ərazilərdən qeyd-şərtsiz çıxarılmasının vacibliyi öz əksini tapmışdı. Qətnamələrin 30 ilə yaxın dövrdə kağız üzərində qalıb saralmasına səbəb dünyada hüquq probleminin yaşanması, ikili standartlara əsaslanan siyasətin  davam etdirilməsi idi. Maraqların  ədaləti və beynəlxalq hüququ üstələməsi münaqişəli məsələlərin, xüsusilə Qarabağ münaqişəsinin  həlli prosesinin uzanmasını şərtləndirdi. Baxmayaraq ki, münaqişənin həllində vasitəçilik missiyasını  yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, Fransa və Rusiya BMT Təhlükəsizlik Şurasının  daimi üzvləridir. Qurumun  Qarabağla bağlı qətnaməni hazırlamasında və qəbulunda iştirak edən bu üç dövlət 28 il sənədin icrasına laqeyd yanaşaraq seyrçi mövqedə dayanmağa üstünlük verdi,   münasibətlərin inkişafında əsas faktor olan etimad mühitinin sıfra enməsinə səbəb oldular. İşğalçını adı ilə çağırmaq istəməyən bu dünya gücləri münaqişənin ədalətli həllindən bəhs etməklə açıq-aşkar Ermənistana dəstəklərini nümayiş etdirdilər. Sülh danışıqlarının davam etdirilməsinə səy göstərən  güclər Ermənistana  yeni ərazilər uğrunda müharibə planları hazırlamaq üçün vaxt qazanmasına yardımçı oldular. Rəsmi Bakı ən yüksək tribunalardan bəyan edirdi ki, necə olur bəzən qətnamələr 1-2 saat ərzində icra edilir, Azərbaycana gəldikdə isə 28 il gözlədik.

Dövlət başçısı İlham Əliyev iyulun 1-də Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən bu məqamlara bir daha diqqəti yönəldərək bildirdi ki,  işğal dövründə    münaqişənin həlli ilə bağlı çox böyük səylər göstərildi, lakin bu səylər uğursuz oldu. Belə ki, BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü münaqişənin həllinə nail ola bilmədi, daha doğrusu olmaq istəmədi. Onların hamısı Ermənistanın həyata keçirdiyi işğalın müxtəlif səbəblər üzündən həmişəlik olmasını istəyirdi. Dövlətimizin başçısı bu qənaətə prezidentlik fəaliyyətində öz şəxsi təcrübəsi əsasında gəldiyini vurğuladı. Prezident İlham Əliyev 2003-cü ilin sonundan başlayaraq keçmiş Minsk qrupu üçlüyü və Ermənistan tərəfi ilə dəfələrlə görüşdüyünü xatırladı və bütün bunların heç bir nəticə vermədiyini diqqətə çatdırdı. Dövlətimizin başçısı bildirdi ki, keçmiş Minsk qrupunun üzvləri və Ermənistan tərəfi bunu istəmirdi. Ermənistan tərəfi torpaqlarımızı həmişəlik işğal altında saxlamaq istəyirdi.

  Tarixi Zəfərimizdən sonra münasibətlərdə dəyişiklik diqqətdən kənarda qalmır. 30 illik işğala 44 gündə son qoyan Azərbaycan nəyə qadir olduğunu nümayiş etdirdi. Rəsmi Bakı daim bu bəyanatı səsləndirirdi ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz. Biz heç vaxt öz torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına imkan vermərik və torpaqlarımızın əbədi işğal altında qalması ilə razı ola bilmərik.

   Artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həlli prosesindən bəhs edərkən belə bir reallıq da diqqətə çatdırılırdı ki, məsələnin beynəlxalq problemə çevrilməsi həlli prosesinə mənfi təsir göstərir. Tərəflərin özünə qalsaydı münaqişə çoxdan öz həllini tapmışdı. Bu gün tarixi Zəfərimizin reallıqları fonunda bu reallığın bir daha şahidi oluruq. Dövlət başçısı İlham Əliyev sözügedən qəbulda da bu məsələyə xüsusi diqqət göstərərək qeyd etdi ki,  hazırda biz ikitərəfli səviyyədə daha yaxşı nəticələr görürük. Kiminsə tərəfindən bu prosesə müdaxilə yoxdur. Sərhədlərin delimitasiyası, hətta nadir hal olan demarkasiya məsələlərində razılıqlara gələ bilirik. Ölkə  Prezidenti qeyd etdi ki, düzdür, hələ sülh müqaviləsi imzalanmayıb, lakin artıq sərhədlərin delimitasiyasına nail olunub.

    Qazaxın 4 kəndinin heç bir vasitəçi olmadan işğaldan azad edilməsi özündə bütün məqamları ehtiva edir. Tarixi Zəfərimiz münasibətlərdə yeni səhifə açmaqla yanaşı, ədalət və beynəlxalq hüquq məfhumlarının mövcudluğunu təsdiqlədi. Kiçik dövlətlərə ədalət və beynəlxalq hüquq dərsi keçən əksər dünya gücləri özləri bu  prinsiplərdən xəbərsiz olsalar da Azərbaycan onların mövcudluğunu nəinki nümayiş, hətta, qəbul etdirdi. Dövlət başçısı İlham Əliyev sözügedən qəbulda da bu məsələdən bəhs edərək bildirdi ki, Ermənistan   bütün humanitar qanunları pozdu, BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən müvafiq qətnamələrinə məhəl qoymadı. Heç kim onlara zərrə qədər də irad tutmurdu. Münaqişə barədə danışan bir çox ölkələr Azərbaycanın ərazi bütövlüyunə sadiqlik bəyan etmirdilər. Ermənistanın işğalçı ordusuna döyüş meydanında qalib gəldikdən və onları torpaqlarımızdan qovduqdan sonra  ərazi bütövlüyümüzə dəstəklə bağlı bəyanatlar eşidirik. Amma  bunu artıq özümüz təmin etmişik. Kiminsə bizim ərazi bütövlüyümüzü tanıyıb-tanımaması mahiyyət kəsb etmir. Bu, torpaqlarımız işğal altında olan bir dövrdə önəmli idi. Bəli, bir sıra Qərb ölkələrində ermənipərəst sentimentlərin mövcudluğu, erməni diasporunun rol oynaması məlumdur. Amma beynəlxalq hüquqa gəldikdə bu emosiyalar kənara qoyulmalıdır. Lakin bunu anlamaq önəmlidir ki, 28 illik bir dövrdə razılaşdırıla bilməyən məsələlərin 1-2 ilə həll edilməsi çətindir.

    Qeyd edək ki, sülh müqaviləsinin imzalanması regionda dayanıqlı sülhün və təhlükəsizliyin yaradılması üçün geniş imkanlar yaradar ki, bu da öz növbəsində yeni əməkdaşlıq formatlarına yol açar. Lakin sülh müqaviləsinin imzalanmaması heç də Azərbaycanın hansısa ölkə ilə  ikitərəfli münasibətlərinə mənfi təsir göstərmək imkanında deyil. Dövlət başçısı İlham Əliyev bunu əsaslı şəkildə diqqətə çatdırdı. Dövlətimizin başçısı Azərbaycan ilə Avropa İttifaqının 10 ölkəsi arasında strateji tərəfdaşlıq haqqında bəyannamənin olduğunu qeyd etdi və vurğuladı ki, bu sənədlərin çoxu torpaqlarımızın işğalı zamanı Azərbaycan ilə Ermənistan arasında heç bir sülh müqaviləsi olmadığı bir dövrdə imzalanıb. Bu baxımdan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin olmaması hər hansı bir ölkənin regionda fəaliyyətinin səviyyəsinin müəyyənləşdirilməsi üçün bir amil ola bilməz.

  Azərbaycan çoxşaxəli xarici siyasət kursu həyata keçirir. Ölkəmizin istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri yüksək səviyyədədir və zaman-zaman yeni prioritetlər üzrə inkişaf etdirilir. Təkçə 30 illik işğal dövründə Azərbaycanın xarici siyasət uğurlarına diqqət yetirmək kifayətdir. Azərbaycan 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. Həmçinin 120 ölkəni özündə təmsil edən, BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ikinci ən böyük təsisat olan  Qoşulmama Hərəkatına üzv qəbul olunmaqla yanaşı, quruma 4 il sədrlik etdi.  Azərbaycanın üç illik sədrlik dövrünün bir il artırılması  quruma üzv dövlətlərin yekdil qərarı əsasında həyata keçirildi. Bu dövr işğalla yanaşı, postmünaqişə, daha dəqiq desək, sülh müqaviləsinin imzalanmadığı dövrdür. Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil  siyasəti daim beynəlxalq nüfuzunun artmasında stimulverici amildir. 30 illik işğal, həmçinin tarixi Zəfərimizdən sonra Azərbaycan daim yeni dostlar və tərəfdaşlar qazanıb, hər zaman etibarlı və arzuolunan tərəfdaş kimi diqqətdədir. Ölkəmizin diplomatik uğurları biri-birini əvəzləyir. Tarixi həqiqətlərə, real faktlara əsaslanan təbliğat daim uzunömürlü və inandırıcı olur. Ermənistan daim fakt qarşısında acizliyi ilə diqqət çəkib. Hazırkı dövrdə sülh müqaviləsinin imzalanması Azərbaycandan çox Ermənistana lazımdır.

  ABŞ Dövlət katibi Antoni Blinken Brukinqs İnstitutunda çıxışında da sülh müqaviləsinə diqqəti yönəldərək bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinə nail olmaq üçün müstəsna imkan yaranıb. O bildirib ki, bu saziş onilliklərlə davam edən münaqişəyə son qoyacaq və iqtisadi əlaqələr, iqtisadi inkişaf, Şərqlə Qərb, Şimalla Cənub arasında əlaqələr baxımından böyük imkan yaradacaq. Azərbaycan bu işdə çox böyük rola malikdir. Biz diplomatiya yolu ilə fəal şəkildə iş apararaq Azərbaycan və Ermənistanı sülh sazişinə yaxınlaşdırmağa çalışdıq. Biz bu sahədə Avropa İttifaqı ilə sıx əməkdaşlıq və koordinasiya həyata keçirmişik. Düşünürəm ki, bu, həqiqətən mümkündür.

   30 illik işğal dövründə ikili yanaşmaları ilə münaqişənin həllinə mane olan, sonda 44 günlük İkinci Qarabağ müharibəsinin baş verməsinə səbəb olan əksər dünya güclərinin bu gün sülh müqaviləsinin imzalanmasından, onun  yaradacağı  reallıqlardan bəhs etməsi çoxsaylı sualların yaranmasına səbəb olmaya bilməz. Zamanında Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmasına, BMT qətnamələrinə məhəl qoymamasına göz yumulmasaydı nə müharibə baş verərdi, nə də bu gün münasibətlərdə yaranan etimadsızlığın aradan götürülməsi üçün cəhdlər edilərdi. Dünya gücləri ədalətin sonda zəfər çalacağını çox yaxşı bilirdilər. Azərbaycan heç zaman işğalla barışmayacağını atdığı addımları ilə təsdiqlədi. “Qarabağ Azərbaycandır və nida işarəsi” bugünümüzün reallıqlarında öz əksini tapıb. Ərazi bütövlüyü və suverenliyi tam bərpa edilən Azərbaycan yeni-yeni hədəflərə doğru inamla addımlayır. Azərbaycan və Ermənistan arasında  fərqin ümumi mənzərəsi belədir:  bir tərəfdə praqmatik, realist siyasət nəticəsində cənnət quran Azərbaycan, digər tərəfdə mifologiyanı, uydurmaları dövlət siyasətinə çevirən Ermənistan. Bir tərəfdə qələbə qazanmış, əraziyə hakim, müasir silahlarla təchiz edilmiş nizami Azərbaycan əsgəri, digər tərəfdə təxribat və terror həyata keçirən, reallıqla barışmayaraq hikkəsindən ətrafa atəş açan məğlub, rəzil Ermənistan əsgəri.  Ermənistan həqiqətən xilas olmaq istəyirsə, Azərbaycanın təklif etdiyi sülh müqaviləsini imzalamalı,  bölgədə  yaradılacaq yeni əməkdaşlıq formatlarına qoşulmalıdır.

Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycan möhtəşəm uğurları, Zəfərləri ilə dünyanın diqqətindədir. Azad edilən bütün torpaqlarımız quruculuq meydanına çevrilib. Azərbaycanın müstəqil iqtisadi siyasəti hazırda iqtisadi möcüzələr,  dayanıqlı iqtisadi inkişafa malik ölkə kimi tanınmasında əhəmiyyətli rol oynayır. İqtisadi və maliyyə imkanlarımız hər bir layihəni uğurlu sonluqla başa çatdırmağa stimul verir. Tarixi Zəfərimizdən ötən 4 ilə yaxın müddətdə bu torpaqlarda iki Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, üçüncünün isə  bu ilin sonu, 2025-ci ilin əvvəli üçün nəzərdə tutulması Azərbaycan reallıqlarının təqdimatıdır. Azərbaycan hər zaman nəqliyyat imkanları ilə diqqətdə olub, əlverişli coğrafi mövqeyi ilə ölkələri, xalqları birləşdirir. Davamlı şəkildə ölkələr arasında qurulan  yeni körpülər əlaqələrimizi daha da möhkəmləndirir.

Yeganə Əliyeva, “İki sahil”