28 iyun 2024 23:57
397

İnfrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə yüksəldib

İqtisadi artım tempinin davamlılığı təmin olunur, əhalinin sosial rifahı yüksəlir

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır. Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırıb.

Bu gün ailə təsərrüfatlarının inkişafından da bəhs edirik. Asan dəstək funksiyasını yerinə yetirən ABAD mərkəzlərinin normal fəaliyyətində bu amillərin rolu böyükdür. Həmçinin son illərdə Prezident İlham Əliyev ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafını qarşıya prioritet məsələ kimi qoyub. Bütün bu hədəflər özlüyündə kompleks tədbirlərin həyata keçirilməsini bir zərurət kimi qarşıya qoyur. Əsas məqsəd budur ki, ölkənin hərtərəfli inkişafı təmin olunsun, ən əsası insanların sosial rifah halı daha da yaxşılaşdırılsın.

Qarabağ və Şərqi Zəngəzurda böyük suvarma layihələri nəzərdə tutulur. Həkəriçay, Bərgüşadçay su anbarlarının və kanalların inşa edilməsi planlaşdırılır. Təbii ki, bütün bunlar böyük vəsait tələb edir. Ölkəmizin iqtisadi və maliyyə imkanları hər bir layihənin zamanında icrasına geniş imkanlar yaradır. İşğaldan azad edilmiş torpaqlarda soydaşlarımızın məşğulluğunun təmin edilməsi üçün zəruri olan şərait yaradılıb. Ənənəvi kənd təsərrüfatı sahələrinin bu ərazilərdə də inkişafı əsas prioritetlər sırasındadır. Ən müasir texnologiyaların tətbiqi nəticəsində bu ərazilərimizdə həm taxılçılıq, həm də meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ən gözəl yerlərindən biridir və kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının - çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır. Cənab İlham Əliyev bildirdi ki, hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum məhsuldarlıq, maksimum səmərə götürək və bunu edəcəyik.

Qarabağ və Şərqi Zəngəzur investisiyalar məkanına çevriləcək

Ölkəmiz böyük investisiya imkanlarına malikdir. Yaxın zamanlarda Qarabağ və Şərqi Zəngəzur investisiyalar məkanına çevriləcək. İqtisadiyyata yatırılan investisiyaların həcminin ildən-ilə daha da artırılması, daxili investisiyaların xarici investisiyaları üstələməsi ölkəmizdə sahibkarlığın inkişafına dəstəyin bariz nümunəsidir. Cənab İlham Əliyev daim bu hədəfi açıqlayır ki, görülən bütün bu işlər bir məqsədə xidmət edir- Ölkə iqtisadiyyatını şaxələndirmək, idxaldan asılılığı azaltmaq, ixrac potensialını və kənd təsərrüfatı məhsullarının ixracını artırmaq.

Ərzaq təhlükəsizliyi hər bir ölkə üçün enerji təhlükəsizliyi qədər önəmlidir. Gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar ərzaq təhlükəsizliyimizin tam təmin edilməsinə böyük kömək göstərəcək. Dövlət başçısı İlham Əliyev bu ilin fevralında keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində bu hədəfi də açıqladı ki, planımız azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünü yerləşdirməkdir. Yüzdən çox şəhərin və kəndin Baş planları hazırlanıb, təsdiqlənib. Bir çox şəhər və kəndlərdə artıq inşaat işləri başlamışdır. Biz Böyük Qayıdış Proqramının birinci mərhələsini 2026-cı ilin sonunda başa çatdıracağıq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq: «Bununla paralel olaraq, bütün sosial infrastruktur inşa edilir, xəstəxanalar, məktəblər, idman obyektləri, infrastruktur obyektləri, yollar, 130-dan çox tunel və körpü, - 40 tunel və 90 körpü, - inşa edilir. Yəni, bu, sadəcə olaraq işin miqyasını göstərir, bütün elektrik təsərrüfatı yenidən qurulub, dəmir yolları çəkilir, iki beynəlxalq hava limanı açılıb, üçüncüsü də Laçında açılacaq. Yəni, geniş quruculuq işləri görüləcək. Əlbəttə ki, köçkünlər üçün yeni evlər, bütün müasir şəhərsalma qaydalarına uyğun olan yaşayış yerləri qurulacaq və tarixi şəhərlərimizin tarixi siması bərpa ediləcək.»

Ölkə Prezidentinin vurğuladığı kimi, bütün bunlara nail olmaq üçün iqtisadiyyatımız inkişaf etməlidir. Müqayisə üçün qeyd edək ki, 2003-cü ildə ümumi daxili məhsul 7 milyard dollar idi, keçən ilin yekunlarına görə isə bu rəqəm 72 milyard dollardır. Yəni, bu, 20 ildə iqtisadiyyatımızın inkişafının əsas göstəricisidir. 2003-cü ildə valyuta ehtiyatlarımız 1,6 milyard dollar idisə, bu gün bu, artıq 69,5 milyard dollardır və biz bu 20 il ərzində görün öz valyuta ehtiyatlarımızı nə qədər artırmışıq. Aparılan siyasət nəticəsində birbaşa xarici borcumuz 6,4 milyard dollara düşüb. Bu da ümumi daxili məhsulumuzun cəmi 9 faizini, ondan da az təşkil edir. İnkişaf etmiş ölkələrdə bu rəqəm 100 faiz, bəlkə də 140 faiz təşkil edir. Özlüyündə yaranan «Bu, nəyi göstərir» sualına cavab olaraq onu deyə bilərik ki, bu, sağlam maliyyə sistemimizin göstəriciləridir.

Möhkəm təmələ əsaslanan düşünülmüş və gələcəyə hesablanmış siyasət

Ümumilikdə regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlərin əsas məqsədi ölkənin iqtisadi artım tempinin davamlılığının təmin olunması ilə yanaşı, həm də əhalinin sosial rifahının yüksəldilməsidir. Məhz regionlara olan diqqət və qayğının nəticəsidir ki, ötən 20 ildə 3200-dən çox məktəb binası, 750-dən çox tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib, 40-dan çox Olimpiya Mərkəzi və yüzlərlə müxtəlif idman qurğuları istifadəyə verilib. Eyni zamanda, yolların tikintisi və yenidən qurulması, su, qaz, elektrik təsərrüfatlarının yenilənməsi və müasirləşdirilməsi, körpülərin salınması, sosialyönümlü obyektlərin yenidən qurulması və əsaslı təmiri prosesi davam edir. Bütün bu və sadalamadığımız digər faktlar bir daha sübut edir ki, ölkəmizin qarşısında işğaldan azad olunan ərazilərin bərpası, oradakı infrastrukturun yaradılması və Böyük Qayıdış Proqramının reallaşdırılması kimi mühüm çağırışların dayanmasına baxmayaraq, Azərbaycanda balanslaşdırılmış daxili siyasət kursu həyata keçirilir, heç bir bölgə heç bir sahədə ölkənin ümumi inkişafından kənarda qalmır. Bütün bu addımları şərtləndirən əsas amil, təbii ki, möhkəm təmələ əsaslanan düşünülmüş və gələcəyə hesablanmış siyasətdir. Ümummilli Lider Heydər Əliyev iqtisadiyyatın inkişafında neft amilinə önəm verərək bugünümüz üçün möhkəm təməl formalaşdırdı. Cənab İlham Əliyev Prezident kimi mətbuata ilk müsahibəsində 1993-2003-cü illərdə ölkəmizdə möhkəm iqtisadi təməlin yaradıldığını diqqətə çatdırdı və hədəfləri açıqlayarkən iqtisadiyyatın şaxələndirilməsinin prioritetliyini, böyük sahibkarlar sinfinin yaradılacağını bildirdi. Bu gün böyük əminliklə qeyd edirik ki, Azərbaycanda çox güclü sahibkarlar sinfi yaranıb. Dövlətimiz sahibkarlığın inkişafına xüsusi diqqət göstərir. Bunun üçün təkcə koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirildiyi zamanlara diqqət yetirmək kifayətdir. Cənab İlham Əliyev iqtisadi islahatların dərinləşdirilməsinə, heç bir sosial layihənin təxirə salınmamasına çağırışlar etdi. Sahikarlara dövlət dəstəyi prilritetliyi ilə diqqətdə oldu. Hazırda işğaldan azad edilmiş ərazilərdə də normal biznes mühitinin yaradılması əsas çağırışlar sırasındadır. Bu ərazilərdə də «ASAN xidmət», ABAD, DOST mərkəzlərinin yaradılması xüsusilə diqqətdə saxlanılır. Özünüməşğulluq proqramının icrası əsas hədəflərdəndir. Hər bir addım vətəndaş məmnunluğunun artırılmasına yönəlir.

Yeganə Əliyeva, “İki sahil”