08 fevral 2024 01:58
389

Senatorların növbəti “hücumu”

Amerika Birləşmiş Ştatları Konq­resinin ermənipərəst senatorları – Ed Marki və Bill Kesedi Konqresə Xarici Yardım Aktının 502B(c)-ci bəndinə əsasən, Azər­baycanda insan hüquqlarının vəziyyəti ilə bağlı hesabat tələb edən qətnamə la­yihəsi çıxarıblar. Bununla da onlar digər senatorlar kimi, ölkəmiz əleyhinə aparılan təbliğat estafetini davam etdirməkdə israrlı  olduqlarını göstəriblər. Belə ki, bir neçə gün öncə ABŞ Senatının Xarici əlaqələr komitəsinin sədri Ben Kardin hayların uydurmalarına istinadən Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı əsassız, qərəzli fikirlər səsləndirimişdi.

Sən demə, Azər­baycandan insan hüquqlarının vəziyyəti ilə bağlı hesabat tələb etmək lazım imiş. Heç bir məntiqə sığmayan bu addımın absurd olduğu şəksizdir. Amma bu məqamda bir sual ortaya çıxır: Görəsən, bu senatorlar Azərbaycana nə veriblər ki, geri ala bilmirlər?  Niyə axı müstəqil bir ölkə hansısa konqresə insan hüquqları haqqında hesabat verməlidir? Özü də onlar guya  “Qarabağa hücum zamanı” erməni əhalinin “etnik təmizləməsinə” səbəb olan insan hüquq­larının pozulmasından çox “narahat” imişlər. Hətta bildiriblər ki, biz “Qarabağ xalqının” iradəsini, hüquqlarını və əsas azadlıqlarını müdafiə etməliyik. 

Halbuki dəfələrlə vurğulanıb ki, bu məsələdə heç bir etnik təmizləmədən, insan hüquqlarının pozulmasından söhbət gedə bilməz. Erməni əsilli şəxslər özləri könüllü şəkildə bölgəni tərk ediblər. Bununla əlaqədar kifayət qədər təkzibolunmaz faktlar mövcuddur. Hətta BMT-nin missiyası belə bir faktın olmadığını bildirib.

Amma senatorlar faşizm ideologiyasına əsaslanan, işğalçılıq və təcavüzkarlıq siyasəti yeridən, bu gün də öz təxribatlarından əl çəkməyən Hayastanın  azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmasına, onların öz yurdlarına qayıtmalarına imkan verməməsinə, monoetnik ölkəyə çevrilməsinə hələ də göz yumurlar. Heç bu barədə söz açmaq belə istəmirlər. Bununla onlar ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirən Avropa Şurası Parlament Assambleyası, Avropa İttifaqı kimi  ikili standartlardan hələ də xilas ola bilmədiklərini nümayiş etdirirlər.

Qeyd edək ki, Xarici Dəstək Aktının 502B(c) bəndi ABŞ hökumətini bey­nəlxalq səviyyədə tanınmış insan haqla­rını kobud şəkildə pozan hansısa ölkəyə Birləşmiş Ştatların təhlükəsizlik dəstəyini qadağan edən, lakin təcrübədə istifadə olunmayan qanundur. Sözügedən bənd isə 1976-cı ildən bəri tətbiq edilmir. Görünür, Amerika Birləşmiş Ştatlarının ermə­nipərəstlərinin bizə qarşı hiddəti o qədər böyükdür ki, onlar ölkənin qanunvericiliyindəki ən mürtəce məqamlardan da Azərbaycana qarşı istifadədə qərarlıdırlar.

Əgər bu senatorlar insan hüquqları problemlərindən çox narahatdırlarsa, onda qoy elə ABŞ-ın özündə yerli amerikalıların hüquqlarının təmin edilməsi ilə məşğul olsunlar, zorakılığa qarşı səslərini qaldırsınlar. Dünyada çoxsaylı müharibələri və qarşıdurmaları alovlandıran, milyonlarla insanın ölümünün, qaçqın vəziyyətinə düşməsinin, səfalət içində yaşamasının baiskarı olan ABŞ-a etiraz etsinlər.

Bəli, ABŞ müstəqil siyasət yürüdən bu və digər dövlətin maraq və mənafelərini heç vaxt nəzərə almır,  yalnız öz məqsədini güdür, ya da onun dedikləri ilə oturub-duran Ermənistan kimi ölkələri öz qoynunda bəsləyir. Bu mənada  belə bir mühitin hökm sürdüyü ölkədə senatorların başqa cür düşünmələri qeyri-mümkündür. Şübhəsiz, bu kimi addımlar Avropanın enerji təhlükəsizliyində əsas iştirakçı olan, öz ərazisində erməni separatizminin kökünü kəsən, əzəli bütövlüyünü və  suverenliyini tam bərpa edən, Cənubi Qafqazda yeni reallıqlar yaradan, müstəqil siyasət həyata keçirən Azərbaycanın uğurlarını həzm edə bilməməkdən irəli gəlir. Bu mənada senatorların bu növbəti qərəzli addımı qısqanclıqdan doğan riyakarlıq adlandırmaq olar.

Artıq 30 ildən çoxdur ki, ölkəmiz bu kimi ikili standartları özünəməxsus tərzdə, beynəlxalq hüquq müstəvisində zərərsizləşdirir. Bunu həmin senatorlar da bilməmiş deyillər. Ona görə də Qərb dövlətləri ikili standart­lara, siyasi riyakarlığa son qoymalı,  bu kimi məsələləri bir kənara atıb, Ermənistanla Azərbaycan arasında gözlənilən sülhə öz töhfələrini verməlidirlər. Axı bu gün erməni lobbisinin təkidi ilə dünyaya yalan hesabatları sırımağın, yaxud belə layihələri ortaya atmağın  heç bir effekti yoxdur. Ən əsası, həmin senatorlar da birdəfəlik başa düşməlidirlər ki, belə addımlarla  rəsmi Bakıya təzyiq göstərmək müşkül məsələdir. Bütün dünyaya da məlumdur ki, Azərbaycan haqq yolundadır və bu  yolla da  inamla  irəliləməkdədir.

Qvami Məhəbbətoğlu, “İki sahil”