02 oktyabr 2024 14:03
94

Əbədiyaşarlıq qazanmış Lider

Hər bir dili yaşadan və inkişaf etdirən onun mənsub olduğu xalqdır. Dilin hərtərəfli inkişafı, zənginləşməsi, yüksək zirvələrə qalxaraq beynəlxalq nüfuz qazanması xalqın böyük övladlarının adı ilə bağlıdır. Tarixi təcrübə göstərir ki, dilin inkişafında milli müstəqillik ideyaları və dövlətçilik ənənələrinin, həmin ideya və ənənələri öz fəaliyyətində gerçəkləşdirən və həyata keçirən qüdrətli dövlət başçılarının, xalqının tarixində şərəfli yer tutan böyük siyasi xadimlərin müstəsna rolu olur. Belə qüdrətli dövlət başçısı və siyasi xadimlər cərgəsində Azərbaycan xalqının böyük oğlu, Ulu öndər Heydər Əliyevin adı öz yüksək və layiqli yerini tutur.

Dahi lider olan Ulu Öndərin nitqi dərin və konkret idi, müzakirə olunan məsələni yüksək səviyyədə ümumiləşdirmək bacarığına malik idi. Ümummilli Liderin dərin məntiqli nitqi, natiqlik məharəti, söz seçmək bacarığı, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi onu dinləyənləri məftun edirdi. Ulu Öndərin nitq və çıxışlarında artıq söz və ifadə, qeyri-dəqiq fakt və rəqəm olmur, fikirlərini son dərəcə cilalanmış şəkildə ifadə edirdi.

Bu gün əminliklə söyləyə bilərik ki, Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında Ulu Öndər misilsiz səylər göstərmişdir. Ulu Öndər Heydər Əliyev dəfələrlə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirmişdir.

Azərbaycançılıq məfkurəsi də Ümummilli Liderin adı ilə bağlıdır. Müəllifi Ulu Öndər Heydər Əliyev olan milli ideologiya xalqın birliyini təmin edir. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən Azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amildir.

Heydər Əliyev dünyaya gəldiyi torpağa, ana dilinə, xalq danışıq dilinin incəliklərinə, özünəməxsus mülayimliyinə, səmimiyyətinə, eyni zamanda sərt məntiqə məhəbbətlə böyümüş, bir azərbaycanlı kimi həmin dilin daşıdığı psixoloji gücü, mənəvi enerjini mənimsəmişdi.

Heydər Əliyev çıxışının hansı auditoriyaya ünvanladığını dəqiq bilir, mətndaxili vurğuları dəqiq müəyyənləşdirirdi. Nitqin auditoriyada təsir gücünü müəyyənləşdirən əsas amillərdən biri auditoriyaya söykənməkdir. Bu səmimiyyət hər şeydən öncə böyük natiqin doğma dilimizə olan münasibətində özünü göstərirdi. Ulu Öndərin nitqindəki səmimiyyət xalqı səfərbər etməyə, müstəqilliyin möhkəmlənməsi yolunda ciddi addımlar atmağa səsləyirdi. Heydər Əliyevin nitqi elmi və nəzəri olduğu qədər də xəlqi idi. Bütün çıxışlarında "xalq hər şeyi bilməlidir", "xalqdan heç nəyi gizlətmək olmaz", "mən xalqıma inanıram" və s. kimi sözlər işlədən Ulu Öndər problemləri xalqla birgə çözməyə üstünlük verirdi. Elə buna görə də həmin çıxışlar təsirsiz qalmır, qəlblərdə iz qoyurdu. Böyük natiqin dilində səslənən yüzlərlə səmimi "gəlin açıq danışaq", "xalqdan heç kəs inciyə bilməz", "mən öz sözlərimin ağasıyam", "mən açıq danışmağı sevirəm", "səmimi qəlbdən təbrik edirəm", "biz hamımız azərbaycanlıyıq", "şükürlər olsun ki, Azərbaycan müstəqil dövlətdir" və s. kimi ifadələr milyonların ürəyinə yol tapır, qəlbləri işıqlandırır, insanları mənəvi cəhətdən kamilliyə çağırırdı.

Azərbaycan xalqının görkəmli oğlu, müstəqil dövlət quruculuğunda gördüyü işləri ilə əbədiyaşarlıq qazanmış Ümummilli Lider Heydər Əliyev illər ötsə belə qədirbilən azərbaycanlıların qəlbində əbədi yaşayır və bundan sonra da yaşayacaq. Dahi şəxsiyyətin hələ neçə nəsillərə örnək olacaq həyatını və siyasi fəaliyyətini təbliğ etmək, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizələri, göstərdiyi fədakarlıqları, Ulu Öndər məfkurəsini, müəllifi olduğu azərbaycançılıq ideologiyasını və siyasi irsini təbliğ etmək isə hər birimizin borcu olmalıdır.

İradə Seyidova,
YAP Xətai rayon təşkilatının "Sadıqcan 21" ünvanı  üzrə ərazi partiya təşkilatının üzvü