Qarşıya qoyulan strateji vəzifələr Azərbaycanın müstəqilliyinin və dayanıqlığının möhkəmləndirilməsinə, əhalinin rifahının yaxşılaşdırılmasına və ölkəmizin beynəlxalq mövqelərinin gücləndirilməsinə xidmət edir
Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında Prezident İlham Əliyevin çıxışı Azərbaycanın qarşıdakı dövr üçün siyasi, iqtisadi və strateji prioritetlərini əhatə etməklə ölkənin inkişaf istiqamətlərinə dair mühüm mesajlarla yadda qalıb. Milli təhlükəsizliyin möhkəmləndirilməsi, müstəqil xarici siyasətin davam etdirilməsi, iqtisadi dayanıqlığın artırılması, enerji və nəqliyyat potensialının genişləndirilməsi, eləcə də Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinin davam etdirilməsi çıxışın əsas istiqamətləri sırasında yer alıb.
Bu prioritetlərin ölkənin gələcək inkişafı baxımından əhəmiyyətini şərh edən Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva “İki sahil”ə açıqlamasında bildirdi ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti, YAP Sədri İlham Əliyevin çıxışında ölkənin qarşıdakı dövr üçün əsas strateji istiqamətləri geniş şəkildə diqqətə çatdırdı. Çıxışda təhlükəsizlik, ideoloji dayanıqlıq, müstəqil xarici siyasət, iqtisadi inkişaf, enerji və nəqliyyat imkanlarının genişləndirilməsi, eləcə də Qarabağ və Şərqi Zəngəzurun bərpası kimi mühüm məsələlər ön plana çəkildi, mühüm məsajlar verildi.

Millət vəkili qeyd etdi ki, çıxışda vurğulanan əsas məsələlərdən biri Azərbaycanın müdafiə qabiliyyətinin daim gücləndirilməsidir: “Müasir dünyada müxtəlif münaqişələrin davam etdiyi bir şəraitdə dövlətin təhlükəsizliyinin təmin olunması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycanın hərbi və təhlükəsizlik imkanlarının inkişaf etdirilməsi əsas vəzifələrdən biri kimi təqdim olunub. Eyni zamanda, ölkə daxilində sabitliyin və əmin-amanlığın qorunmasının vacibliyi qeyd edilib.
Müasir dövrdə təhlükəsizlik yalnız sərhədlərin qorunması ilə məhdudlaşmır. İnternet, sosial şəbəkələr, kiberhücumlar və informasiya mühiti yeni risklər yaradır. Bu səbəbdən çıxışda ideoloji təhlükəsizliyə və cəmiyyətin maarifləndirilməsinə xüsusi diqqət ayrılıb. Təhsilin və savadlılığın insanların yanlış məlumatlardan və müxtəlif təxribatlardan qorunmasında mühüm rol oynadığı vurğulanıb. Xüsusilə gənc nəslin düzgün informasiya ilə təmin olunması gələcək üçün əhəmiyyətli məsələ kimi göstərilib”.
Ü. Həmzəyeva vurğuladı ki, xarici siyasət məsələsi də çıxışın mühüm istiqamətlərindən biri idi: “Azərbaycanın müxtəlif dövlətlərlə qarşılıqlı əlaqələri inkişaf etdirməsi və milli maraqlarını qoruyan müstəqil xarici siyasət yürütməsi xüsusib vurğulandı. Ölkənin beynəlxalq təşkilatlarda fəallığının artması, müxtəlif dövlətlərlə strateji tərəfdaşlıq münasibətlərinin qurulması Azərbaycanın diplomatik imkanlarının genişləndiyini göstərən amillər kimi təqdim olundu.
İqtisadi sahədə isə investisiyaların artırılması, maliyyə sabitliyinin qorunması və yeni inkişaf imkanlarının yaradılması əsas məsələlər sırasında yer aldı. Xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi, yeni layihələrin həyata keçirilməsi və qeyri-neft sektorunun inkişafı iqtisadi dayanıqlığın mühüm şərtlərindən biri kimi qeyd olundu. Sosial sahədə isə gələcəkdə minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılması istiqamətində addımların atılacağı bildirildi”.
Millət vəkili diqqətə çatdırdı ki, Azərbaycanın enerji imkanları da çıxışda xüsusi yer tutmuşdu: “Neft, təbii qaz, elektrik enerjisi və digər enerji məhsullarının istehsalı və ixracı ölkənin regional və beynəlxalq əhəmiyyətini artıran amillər kimi göstərildi. Enerji təhlükəsizliyinin bir çox ölkələr üçün mühüm məsələyə çevrildiyi müasir şəraitdə Azərbaycanın enerji sahəsindəki imkanlarının daha da genişlənəcəyi qeyd olundu.
Digər mühüm istiqamət Azərbaycanın tranzit və nəqliyyat potensialının artırılmasıdır. Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizi ölkənin beynəlxalq ticarətdə rolunu gücləndirən əsas layihələr sırasında göstərilir. Tranzit yükdaşımalarının artırılması həm iqtisadi gəlirlərin artmasına, həm də yeni iş yerlərinin yaradılmasına imkan verə bilər”.
Ü. Həmzəyevanın sözlərinə görə, çıxışda Qarabağ və Şərqi Zəngəzurun bərpası və keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı da əsas prioritetlərdən biri kimi qeyd olundu: “Böyük Qayıdış Proqramının növbəti illərdə daha da sürətləndirilməsi, yeni yaşayış məntəqələrinin salınması və bölgədə sosial-iqtisadi infrastrukturun inkişaf etdirilməsi istiqamətində işlərin davam etdiriləcəyi bildirildi.
Ümumilikdə, VIII Qurultayda səsləndirilən fikirlər Azərbaycanın qarşıdakı dövrdə təhlükəsizlik və müdafiə imkanlarının gücləndirilməsi ilə yanaşı, iqtisadi, sosial, enerji və nəqliyyat sahələrində inkişafı davam etdirmək niyyətini əks etdirir. Qarşıya qoyulan vəzifələrin əsas məqsədi ölkənin müstəqilliyinin və dayanıqlığının möhkəmləndirilməsi, insanların rifahının yaxşılaşdırılması və Azərbaycanın regional və beynəlxalq mövqeyinin daha da inkişaf etdirilməsi kimi təqdim olunur”.
Nigar Orucova, “İki sahil”
Xarici mərkəzlərin cəmiyyətimizi dini xurafata sürükləmək cəhdi baş tutmayacaq
Dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi əsas hədəflərdəndir TƏHLİL