Bu gün müasir Azərbaycan regionda yeni reallığı formalaşdıran orta güc, beynəlxalq aləmin diqqət mərkəzində olan aktual məsələlərin müzakirə olunduğu mühüm platforma, dünyada sülh və təhlükəsizliyi təhdid edən problemlərin həllində uzlaşdırıcı və barışdırıcı missiya yerinə yetirən ölkə hesab olunur. Böyük iqtisadi potensial, fəal xarici siyasət, cəmiyyətimizdə mövcud olan birlik və həmrəylik sayəsində ölkəmizdə bütün daxili risklər aradan qaldırılıb. Məhz bu uğurlarımızı gözü götürməyən, inkişafımıza qısqanclıqla yanaşan həm xarici, həm də daxili təxribatçı qüvvələr ölkəmizə qarşı dini-mənəvi, ideoloji təxribatlar törətməyə cəhd edirlər. Xüsusilə dünyəvi Azərbaycan cəmiyyətini dini xurafata sürükləmək istəyirlər. Həmin qüvvələr ölkəmizin gənclərini həqiqi təhsilə, inkişafa deyil, yalançı zehniyyətə, dini istimsara məruz qoymaq istəyirlər.
Azərbaycan Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) Vlll Qurultayında çıxışında bu barədə bildirib: «İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir. Çünki ideoloji təxribat ölkənin içinə istiqamətləndirilir. Biz sərhədlərimizi qoruyuruq və bu da vəzifələrdən biridir. Dövlət sərhədlərimizin mühafizəsinə, qorunmasına müasir texnologiyalardan istifadə etməklə nail olmuşuq. Amma ideoloji risklər sərhəd tanımır, xüsusilə indiki dünyada, internet dünyasında, kiberhücumlar dünyasında, süni intellekt dünyasında. Ona görə biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq. Necə? İlk növbədə, əlbəttə ki, təhsil. Xalqımız nə qədər təhsilli, bilikli, savadlı olarsa, o qədər də bax, bu yalanlara, bu şayiələrə, zəhərlə dolu olan bu ideoloji təxribatlara uymayacaq. İkinci növbədə, vətənpərvərlik. Əminəm ki, biz hamımız, hər bir vətənpərvər azərbaycanlı, Azərbaycan vətəndaşı öz dövləti ilə fəxr edir».
Təbii ki, indi xarici mərkəzlər idarə etdikləri media və sosial media platformaları vasitəsilə ziyanlı ideoloji təbliğat apararaq vətəndaşlarımızı, xüsusilə hələ dünyagörüşü formalaşmaqda olan uşaqları və gəncləri təsir altına salmağa çalışırlar. Xüsusilə bəzi Yaxın Şərq ölkələrinin teokratik idarəetmə modelini tətbiq etməyi qarşılarına məqsəd qoyublar. Ardıcıl dini təbliğat, müxtəlif təsir və təzyiq metodlarından istifadə yolu ilə məzhəblərarası ziddiyyətlərin yaradılması, vətəndaşların radikal dini cərəyanlara cəlb edilməsi, uşaqların və gənclərin dünyagörüşünün dini doqmalar əsasında formalaşdırılması və digər istiqamətlər üzrə fəaliyyət də bu məqsədə xidmət edir. Konkret isə bəzi qonşu ölkələrdə baş örtüsü (hicab) məsələsi süni şəkildə qabardılaraq «Ümumi təhsil haqqında» Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklərə qarşı həyasızcasına kampaniya aparırlar. Əslində ölkəmizdə hicab qadağası deyilən bir şey yoxdur. İndi başı örtülü qadınlarımız müəyyən işlərdə çalışırlar və nə dövlət, nə də cəmiyyət olaraq onlara kimsə heç nəyi qadağan etmir. Ancaq bəzi xain qüvvələr məktəblərdə geyim qaydalarının tətbiq edilməsini dini azadlığın sıxışdırılması kimi reklam etmək istəyirlər. Axı məktəblinin öz forması olmalıdır və dünyada, hətta bizim bir çox qonşularımızda şagird və tələbələr, müəllimlər bu qaydalara uyğun geyinirlər.
Dini etiqad azadlığının qorunduğu Azərbaycanda gələcəkdə də belə bir məhudiyyət olmayacaq. Hər kəs öz seçinində, etiqadında azaddır və bu, birbaşa Konstitusiya ilə təmin edilir. Lakin...diini etiqad azadlığı təmin edildiyi kimi, dünyəvi təhsil sisteminin qorunması da tələb olunur. Hər şey Azərbaycan Respublikasının Konstitusiyada təsbit olunub. 7-ci maddədə qeyd olunur ki, Azərbaycan dünyəvi respublikadır. 18-ci maddədə bildirilir ki, din dövlətdən ayrıdır və təhsil sistemi dünyəvi xarakter daşıyır.
Bir sözlə, etiqad azadlığının sərhədi məktəbdə məhdudlaşmalıdır. Bu zərurəti həm dünyəvi təhsil sistemi yaradır, həm Konstitusiyanın tələbi, həm də mövcud reallıqlar. Yəni, birincisi, yetkinlik yaşına çatmayan qız uşaqlarının hicab taxması onların seçim azadlığını məhdudlaşdırır. Həm qanun, həm dinmiz seçimin azad iradə ilə edilməsini tələb edir. Müqəddəs Qurani-Kərimin əsas çağırışlarından biri də dində məcburiyyətin olmamasıdır. Bu kontekstdə məktəb yaşlı qızların hicab taxmasının şəxsi yox, ailə və mühitin təsiri ilə baş verdiyi, bir çox hallarda məcburi xarakter daşıdığı faktı təkzib oluna bilməz. Təbii ki, valideynlərin dini tərbiyə vermək hüququ var, amma bu, dünyəvilik prinsipinə, uşaqların təhsil hüququna, eləcə də Konstitsiyanın tələblərinə zidd olmamalıdır. Ziddiyyət ortaya çıxdıqda dövlət uşaqların hüququnu qorumaq öhdəliyini icra edir. İkincisi, baş örtüyündən istifadə məktəblərdə vahid geyim formasını pozur. Vahid geyimin tətbiqi məktəblilərin sosial status, maddi imkanlar, eləcə də ailənin dini baxışlarından asılı olmayaraq, özlərini bərabər hiss etmələrinə xidmət edir. Formanın hansı yolla olursa olsun, pozulması məktəbdə bərabərlik mühitinə uyğun deyil. Üçüncüsü, dini atributlardan istifadə uşaqların dünyagörüşünün formalaşmasına müdaxilədir. Dördüncüsü, bu vəziyyət radikallaşmaya və ictimai-sosial qütbləşməyə yol aça bilər.
Bütün bunları ümumiləşdirsək demək olar ki, məktəb təkcə təhsilin verildiyi yox, həm də dünyagörüşün formalaşdığı, sosiallaşmanın olduğu məkandır. Məktəbli qızların dini geyimlərdən istifadəsi ilk növbədə özlərinin azad dünyagörüşünün formalaşmasına və sosiallaşmasına mənfi təsir edir, eyni zamanda, dünyəvi təhsilin təmin edilməsində problemlər yaradır. Çünki baş örtüyü uşağın dini kimliyinin göstəricidir və bu, onu digər şagirdlərdən fərqləndirir, dünyəvi sistemdən kənar qrupun nümayəndəsinə çevirir
Mövcud beynəlxalq təcrübə də göstərir ki, Azərbaycan dövləti məktəblərdə dünyəviliyə önəm verməkdə, vahid məktəbli formasının tətbiqi işində haqlıdır. Məsələn Qazaxıstan Təhsil və Elm Nazirliyinin orta təhsil müəssisələrində məcburi məktəb formaları üçün tələblər hələ 2016-cı il fevralın 16-da Ədliyyə Nazirliyində qeydiyyata alınıb. Bu, tip qərarlar Qırğızıstanda 2015-ci il sentyabrın 1-dən, Türkmənistanda 2019-cu il martın 1-dən, Özbəkistanda isə 2018-ci il avqustun 15-də qüvvədədir.
Axı bu gün ölkəmizi dini azadlığı məsələsində necə ittiham etmək olar ki, işğaldan azad edilmiş 67 məscidin Prezident İlham Əliyevin sərəncamları ilə tam bərpa edildi. Hazırda ölkə ərazisində 2389 məscid var, bu məscidlərdə eyni vaxtda 600 min nəfərə yaxın şəxs ibadət edə bilər. 2020-2025-ci illərdə dövlət dəstəyi ilə, eyni zamanda, Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən məscidlərdə təmir-bərpa və yenidənqurma işləri aparılaraq istifadəyə verilmişdir. Bunların sırasında İsmayıllı rayonu Lahıc qəsəbəsi Bədöyün məscidi, Bakı şəhəri Suraxanı rayonudakı «Fatimeyi-Zəhra» məscidi, Şəki şəhərindəki «Xan» məscidi, Bakı şəhərinin Nərimanov rayonundakı «Cümə» məscidi və onlarca digər məscidləri göstərmək olar. Təkcə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2025-ci ildə Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahının təmir-bərpası üçün 550 min manat, Əmircan qəsəbəsində yerləşən İmam məscidinin təmir-bərpası üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 600 min manat vəsait ayrılmışdır. Hazırda buv məsciddə təmir-bərpa işləri yekunlaşdırılmışdır.
Bundan başqa, Azərbaycan Respublikasında dini ibadət yerlərinə təyin olunmuş din xadimlərinin ümumi sayı 1479 nəfərdir. Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən müəyyən edilmiş meyarlar əsasında din xadimlərinə maddi dəstək göstərilir. 2020-ci ildə 984 din xadiminə maddi dəstək verilirdisə, hazırda bu göstərici 1204 nəfərə çatdırılıb. Qeyd edək ki, 2025-ci ildə 1197 din xadiminə Vətən müharibəsində qazanılmış Zəfərin 5 illiyi münasibətilə əlavə birdəfəlik maddi yardım verilmişdir.
Təkcə 2026-cı ildə dövlət tərəfindən dini sahəyə on milyonlarla manat vəsaitin ayrılması dini-mənəvi dəyərlərə və dini icmalara göstərilən dövlət qayğısının mühüm göstəricisidir.
Dini qurumlara göstərilən dövlət maliyyə dəstəyinin həcmi son illərdə əhəmiyyətli dərəcədə artmışdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları əsasında dini konfessiyalara hər il dövlət tərəfindən maliyyə dəstəyi göstərilir. Dini konfessiyalara 2020-ci ildə 3,25 milyon manat dövlət maliyyə dəstəyi göstərilirdisə, 2026-cı ildə bu rəqəm 6,3 milyon manatadək artmışdır.
Ən başlıcası isə dini sahədə peşəkar kadr potensialının formalaşdırılması məqsədilə yaradılmış Azərbaycan İlahiyyat İnstitutunda ( Aİİ) bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil həyata keçirilir. Təhsilin ödənişsiz olması və tələbələr üçün təqaüd imkanlarının yaradılması dövlətin bu sahəyə diqqətinin göstəricisidir.Aİİ-də hazırda 318 tələbə və doktorant təhsil alır. Bu günədək Aİİ-nin 308 nəfər məzun olmuşdur ki, onlardan 278 nəfəri bakalavr pilləsini bitirmişdir. Aİİ-də tələbələr üçün 7 müxtəlif təqaüd proqramı mövcuddur. Dini təhsil sisteminin orta ixtisas pilləsinin formalaşdırılması məqsədilə Azərbaycan İlahiyyat İnstitutu yanında Bakı İlahiyyat Kolleci yaradılmışdır. Kollecdə 65 tələbə təhsil alır, cari ildə 15 tələbə məzun olmuşdur. Azərbaycan İlahiyyat İnstitutunda tələbələr üçün 7 müxtəlif təqaüd proqramı mövcuddur. Din xadimlərinin bilik və bacarıqlarının artırılması, məscidlərin ictimai həyatda maarifləndirici təsirinin gücləndirilməsi məqsədilə ötən ildən etibarən «Hər məsciddə kitabxana» layihəsi həyata keçirilir. 2025-ci ildə layihə çərçivəsində ümumilikdə 250 məscid kitabxana ilə təmin edilmişdir. 2026-cı ildə davam etdirilən layihənin daha 210 məscidi və 10 cəzaçəkmə müəssisəsində yerləşən ibadət otaqlarını əhatə etməsi planlaşdırılır.
Bundan başqa, beynəlxalq miqyasda İslam həmrəyliyinin təşviqi üçün ölkəmizdə dinlərarası həmirəylik dialoqları keçirilir. Məqsəd Azərbaycanın xarici siyasətində İslam həmrəyliyinin təşviqi, dinlərarası və mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, islamofobiya, dini radikalizm və ekstremizmə qarşı mübarizə mühüm yer tutur.
Elçin Zaman, "İki sahil"