02 oktyabr 2024 16:31
112

Cəbrayıl şəhəri günü tariximizin şanlı səhifəsidir

Azərbaycanın tarixi və mədəni zənginliyi ilə tanınan şəhər və rayonları sırasında Cəbrayıl rayonu xüsusi əhəmiyyət kəsb edir. Rayonun tarixi abidələri və mədəni irsi strateji əhəmiyyətini göstərir. İstər musiqi, ədəbiyyat və sənətkarlıq sahələrinin qolları Azərbaycan mədəni irsində mühüm rol oynayır. Cəbrayıl rayonunda yerləşən Xudafərin körpüsü tarixi əhəmiyyəti ilə yanaşı strateji obyektdir. Uzun illərdən sonra Xudafərin körpüsündə Azərbaycan bayrağının dalğalanması ilə bağlı Cənab Prezident İlham Əliyevin fikirləri bir daha onu deməyə əsas verir ki, Cəbrayılın işğaldan azad olunması ordumuzda böyük ruh yüksəkliyi yaratdı: "Azərbaycan Ordusunun cəsur əsgər və zabitləri böyük qəhrəmanlıq və şücaət göstərərək Ermənistan ordusunun Cəbrayıl ərazisində bir neçə xətdən ibarət müdafiə istehkamlarını darmadağın etdi. Cəbrayılın işğaldan azad edilməsi ordumuzda böyük ruh yüksəkliyi yaratdı. Ordumuz Cəbrayılın ardınca Xocavənd rayonunun cənub kəndlərini işğaldan azad etdi və strateji əhəmiyyətə malik Hadrut qəsəbəsi istiqamətində irəlilədi. Üstəlik Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonlarının cənub hissəsi işğaldan azad edildi, Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü".

Onu da qeyd edək ki, uzun illər işğal altında olan Cəbrayılda ermənilər vandal siyasəti həyata keçirib. Rayonda yerləşən “Divlər sarayı” mağarası, “Məscid təpəsi”, arxeoloji türbələr, məscidlər və məqbərələr də daxil olmaqla çoxsaylı tarixi və mədəniyyət obyektləri zədələnmiş və ya tamamilə dağıdılmışdır.

Prezident cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının İşğaldan azad edilmiş əraziləri üzrə şəhər günü təsis edilməsi, həmin Sərəncama əsasən 4 oktyabr Cəbrayıl şəhəri günü kimi qeyd edilməsi olduqca qürurverici hadisədir. Müharibə başa çatdıqdan sonra Prezident cənab İlham Əliyev Cəbrayıl rayonuna səfərlər edib. Ölkə başçımız bu səfərlər zamanı çoxlu sayda sosial obyektlərin, yeni müəssisələrin, yaşayış binalarının təməlqoyma mərasimlərində iştirak edib. Artıq cəbrayıllılar daha gözəl, müasir Cəbrayıla, öz ata yurdlarına dönürlər. Cəbrayıl artıq yeni dövrünü yaşayır. Bərpa və firavanlıq dövründə rayonun infrastrukturu yenidın qurulur. Bölgənin yenidən qurulması, mədəni irsinin bərpası və sakinləri üçün imkanların yaradılması səyləri bu rayonun tarixinin qorunub saxlanılmasına sarsılmaz sadiqliyi əks etdirir.

Mətanət Səfərli,

YAP Nəsimi rayon təşkilatının əməkdaşı