02 oktyabr 2024 14:21
160

Zəfər bizimlə əbədi yaşayacaq

Azərbaycan xalqı bütün tarixi dövrlərdə yüksək mədəniyyət nümunələri yaratmışdır. Musiqimizi dinləyən, şer və qəzəllərimizi oxuyan, rəssamlarımızın sənət əsərlərinə tamaşa edən, nəqqaşlıq, misgərlik kimi sənətkarlıq nümunələrimizlə tanış olan hər bir kəs özünü sanki sehrli bir dünyada hiss edir. Bu da təsadüfi deyil. Azərbaycan təbiətinin füsunkarlığı sanki musiqiyə, sənət əsərlərinə hopub. Onun incəsənəti təbiəti kimi rəngarəng, dolğun və zəngindir. Milli-mənəvi dəyərləri, qədim adət və ənənələri özündə yaşadan Azərbaycan bu gün dünyada müxtəlif sivilizasiyaların qovşağı kimi tanınır.

Azərbaycan xalqının mədəniyyətinin ən sevilən sahələrindən biri də aşıq sənətidir. Aşıq sənəti şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biridir. Qədim zamanlardan aşıqlar elin ən hörmətli ağsaqqalı, məsləhətçisi, dostu sayılmışlar. Onlar həmişə el içində yaşamış, öz dövrlərinin, mühitlərinin bilikli, məlumatlı adamları, müdrik sənətkarları olmuşlar. Aşıq yaradıcılığında xalqımızın çoxəsrlik tarixi, xarici düşmənlərə qarşı mübarizəsi, əmək şəraiti, toy – düyünləri rangarəng bədii boyalarla öz ifadəsini tapmışdır.

Azərbaycan aşıq sənəti çox dərin tarixi kökləri olan və yüzilliklər boyu keçilən inkişaf yolunun məntiqi məhsuludur. 28 Sentyabr - 2 oktyabr 2009-cu il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri - maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Azərbaycan Aşıq Sənəti UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir.

Azərbaycan aşıq sənətinin ən görkəmli nümayəndələrindən biri şübhəsiz ki, Aşıq Ələsgər olmuşdur. Xalqımızın mədəniyyətini və milli-mənəvi dəyərlərini daim uca tutan Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev 30 sentyabr 2024 tarixində Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında iştirak etdi. Tədbirdə çıxış edən dövlət başçımız qeyd etdi ki, 1970-ci illərdə Ulu Öndərin təşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik yubileyi qeyd edilmişdir, özü də Sovet İttifaqı miqyasında və bu yubiley münasibətilə doğma Ağkilsə kəndində onun abidəsi ucaldılmışdır. Xalqımız deportasiyanın üçüncü dalğasına məruz qalanda erməni vandalları onun abidəsini dağıtmışdılar. Aşıq Ələsgər yaradıcılığı Azərbaycan xalqının ürəyində böyük bir iz buraxmışdır ki, 200 il keçəndən sonra yenə də o, görkəmli şəxsiyyət, vətənpərvər insan, öz xalqını, Vətənini sevən insan kimi xalqımızın yaddaşında yer tutub. Əlbəttə ki, biz onun timsalında xalqımızın yüksək ruhunu görürük. Çünki 97 yaşında öz torpağından köçməyə məcbur olmuş insan 100 yaşında yenə də bütün təhlükələrə baxmayaraq, - o vaxt hələ o təhlükələr tam sovuşmamışdı, - yenə də öz Vətəninə qayıtmışdır. Ölkə başçımız əlavə etdi ki, nə qədər güclü olsaq, o qədər də bizim səsimiz eşidiləcək. Bizim işimiz haqq işidir və bizim işimizi Azərbaycan xalqı dəstəkləyir. Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik.

Artıq heç bir qüvvə Azərbaycan xalqının qələbə ruhunu sarsıda bilməz. Çünki bu qələbə ruhunun mayasında öz qalib lideri ətrafında bir yumruq kimi birləşən Azərbaycan xalqı dayanır. Hər bir soydaşımız tam əmindir ki, Zəfər bizimlə əbədi yaşayacaq.

Arifə Abdullayeva,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi