08 fevral 2024 02:57
320

AŞPA-nın anti-Azərbaycan qərarından narazılıqlar artmaqdadır

Türkiyə və Ukraynadan sonra Serbiya da AŞPA-nın Azərbaycan nümayəndə heyəti ilə bağlı qəbul etdiyi qətnaməyə görə Assambleyanın sədri Teodoros Rousopoulosa etiraz müraciəti ünvanlayıb

Məlum olduğu kimi, Qərbdəki müəyyən dairələr Avropa İttifaqı, Avropa Şurası Parlament Assambleyası (AŞPA), Avropa Parlamenti, həmçinin ABŞ-dakı bəzi qruplar Fransa, Almaniya kimi ölkələri önə verərək Azərbaycana qarşı ciddi şəkildə fəaliyyətə təşviq edirlər. Avropa İttifaqı Azərbaycan ilə Ermənistan arasında vasitəçi olsa da, Fransanın qərəzli yanaşması səbəbindən bu vasitəçilik də faydasız hala gəldi, tərəflər arasında sülhyaratma prosesinə ciddi zərbə vuruldu. Avropa Şurası Parlament Assambleyasının bədnam 24 yanvar tarixli qərarı isə təkcə ölkəmizə qarşı qərəz və qısqanclığın göstəricisi deyildi. Bu, həm də beynəlxalq hüququ ayaqlar altına atmaq demək idi. Çünki korporativ maraqlar üçün AŞPA kimi bir qurumu alət etmək heç bir qanuna və dəyərlərə sığmır.

24 yanvar qərarı əslində AŞPA-nın iç üzünü açıb göstərdi. Bu addım həm də Azərbaycana imkan verdi ki, dostu düşməndən ayırsın. Çünki üzdə Azərbaycana “dost-qardaş” deyən dövlətlər bəzi həssas məqamlarda o qədər də səmimi olmayıblar. Bu dəfə də belə oldu. Bəzi dövlətlər AŞPA-nın müzakirələrində və yekun səsvermədə nəinki Azərbaycanı müdafiə etmədi, əksinə qərəzli layihənin lehinə səs verdilər. Bəzi dövlətlər isə müşahidəçi mövqeyində dayandılar. Məsələn, Gürcüstan, Ukrayna və Moldovanın səsvermədə iştirak etməmələri heç cür anlaşılan deyil. Çünki hər 3 ölkə Azərbaycanla ortaq keçmişə malikdir və ölkələrimiz son 30 ildə bir sıra layihələrdə eyni mövqedən çıxış ediblər. Hətta bu ölkələri birləşdirən bir platforma – GUAM var. Məlumdur ki, bu gün Gürcüstanın ayaqda qalmasında Azərbaycanın əvəzsiz rolu var. Azərbaycanın moderatoru olduğu Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tiflis-Ceyhan layihələrində Gürcüstan əsas oyunçulardan biri kimi çıxış edib. Bundan əlavə Azərbaycan Gürcüstana dünya bazarından xeyli ucuz qiymətə neft və qaz satır. Gürcüstanın dövlət büdcəsinin formalaşmasında Azərbaycan şirkətlərinin, xüsusən də SOCAR-ın böyük payı var. Bundan başqa, 2 ilə yaxın davam edən müharibədə Ukraynaya təmənnasız yardım edən ölkələrdən biri məhz Azərbaycandır. Separatizmdən əziyyət çəkən və iqtisadi problemlərin məngənəsində sıxılan Moldova da Azərbaycana qarşı səmimi olmadığını göstərdi. Baxmayaraq ki, təkcə GUAM-da yox, həm də bir çox platformalarda Moldova Azərbaycanla vahid maraqlardan çıxış edib. Azərbaycan son 30 ildə Moldovaya hər zaman iqtisadi və siyasi dəstək verib. Amma indiki həssas məqamda Azərbaycana qarşı başladılan qərəz və çirkab kampaniyasına laqeyd qalan Moldovanın mövqeyi başadüşülən deyil.

Bütün bunlara baxmayaraq, son günlər Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı qərəzli münasibətə elə bu qurum daxilində edilən etirazların sayı artmaqdadır. Artıq Türkiyə, Ukrayna təmsilçiləri təşkilata etirazlarını bildiriblər. Onların sırasına Serbiya da qoşulub. Belə ki, Serbiyanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti AŞPA-nın Azərbaycan təmsilçiləri ilə bağlı qəbul etdiyi qətnaməyə görə Assambleyanın sədri Teodoros Rousopoulosa etiraz müraciəti ünvanlayıb. Müraciətdə bildirilir: “Zati-aliləri, Biz Avropa Şurası Parlament Assambleyasında baş vermiş son xoşagəlməz hadisə ilə bağlı, yəni Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsi və onun ratifikasiya olunmaması barədə qətnamənin qəbul edilməsi ilə bağlı yazırıq. Təəssüf ki, Serbiya Respublikasının nümayəndə heyəti 2023-cü il dekabrın 17-də ölkədə keçirilən parlament seçkilərindən sonra Milli Assambleyamızın formalaşması prosesinin davam etməsi ilə əlaqədar bu qətnamə ilə bağlı səsvermədə iştirak edə bilməyib. Buna baxmayaraq, Serbiya nümayəndə heyəti Azərbaycan nümayəndə heyətinə qarşı olan münasibətə və olduqca şübhəli əsaslarla qəbul edilmiş qətnamə ilə əlaqədar öz narazılığını diqqətə çatdırmaq istəyir. Biz qəti əminik ki, qətnamə AŞPA daxilində səmimi dialoqdan geriyə addım atmaq deməkdir və bu, yalnız davam edən qütbləşməyə təkan verir. Bu, həmçinin Assambleya daxilində dəyərlərin deqradasiyasının dərinləşməsinin bir göstəricisidir. Serbiyanın AŞPA-dakı nümayəndə heyəti qəbul edilmiş qətnaməyə qəti etirazını bildirir, Assambleyamızın və Avropa Şurasının reputasiyasına və müəyyən edilmiş roluna mənfi təsirlərin qarşısını almaq məqsədilə onu yenidən nəzərdən keçirməyə çağırır. Azərbaycanın parlament nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsi AŞPA çərçivəsində Azərbaycan ilə əməkdaşlığı qeyri-mümkün edir və bu ölkə ilə Avropa Şurasının daha geniş çərçivədə müxtəlif orqan və mexanizmlərdən ibarət zəngin palitrasında əməkdaşlıq və öhdəliklərin yerinə yetirilməsi baxımından daha çox imkanın itirilməsinə gətirib çıxarır. Belə vəziyyət dialoq və müvafiq öhdəliklərimizin yerinə yetirilməsi üçün platforma rolunu oynayan bu qurumun əsas məqsədinə ziddir. Bu, həmçinin Assambleyanın və bütövlükdə Avropa Şurasının nüfuzuna ciddi zərbə, eləcə də onların dəstəklədiyi əməkdaşlıq ruhuna etinasızlıqdır. Bundan əlavə, bu, Şuranın Cənubi Qafqaz regionuna, o cümlədən təşkilatın mandatına birbaşa aid olan məsələlərdən uzaqlaşmasına gətirib çıxarır ki, bu da təşkilatın maraqlarına uyğun hesab edilə bilməz. Serbiya nümayəndə heyəti AŞPA-nın bütün üzvləri ilə səmimi dialoqun və əməkdaşlığın davam etdirilməsinin son dərəcə vacibliyini bir daha vurğulayaraq, qətiyyətli davranmağınız və Azərbaycan Respublikası nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı qətnamənin ləğv olunması xahişi ilə sizə müraciət edir”.

Müraciəti Serbiya nümayəndə heyətinin rəhbəri Bilyana Pantiç Pilya, həmçinin serb deputatlar Dubravka Filipovski, Elvira Kovaks, Dunya Simonoviç Bratiç, Stefan Yovanoviç, Yelena Zariç Kovaçeviç, Aleksandar Markoviç imzalayıblar. İndi gözlənilən budur ki, belə mövqe sərgiləyənlərin sayı daha da artacaq. Çünki AŞPA bu gedişlə davam edərsə, qurum süqutunu daha sürətlə yaxınlaşdıracaq. Qeyd edilən xüsusda Rusiyanın “vestnikkavkaza” portalı yazır: “AŞPA sadəcə başa düşə bilmir ki, Azərbaycan SSRİ-nin dağılmasından sonra olduğu kimi keçmiş postsovet respublikası deyil. Bu gün o, müstəqil, iqtisadi və hərbi cəhətdən güclü, sivilizasiya və mədəni baxımdan sürətlə inkişaf edən, səriştəli diplomatiyaya və məsuliyyətli siyasi liderliyə malik regional gücdür. Həmin rəsmi Bakı Avropadan heç nə istəməz. Amma Bakı Avropaya çox şey verə bilər”.

Sevinc Azadi, “İki sahil”