07 fevral 2024 00:57
309

Makron riyakar siyasətindən əl çəkmir

Rəsmi Parisin müxtəlif regionlarda, o cümlədən Cənubi Qafqazdakı ambisiyaları çoxlarına məlumdur. Prezident Emmanuel Makronun səsləndirdiyi bəyanatların xeyli hissəsinə nəinki Fransa xalqı, heç bəlkə özü də inanmır. Təsadüfi deyil ki, Fransa vətəndaşları hər fürsətdə Makronu şillələyir, ona yumurta atırlar. Belə kadrları dəfələrlə görmüş, bu barədə xəbərləri çox oxumuşuq. Fransada Makronun təqdim etdiyindən fərqli olaraq demokratiyadan əsər-əlamət yoxdur. Yer kürəsinin 50-dən artıq dövlətinin ərazisini işğal etmiş, həmin dövlətlərin sərvətlərini talan etmiş, xalqlarını uzun illər əsarətdə saxlamış Fransanın törətdiyi vəhşiliklər, habelə insanlıq və müharibə cinayətləri beynəlxalq ictimaiyyət tərəfindən hələ də lənətlənir.

Prezident İlham Əliyev Bakıda baş tutan Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü tədbirində qeyd edib ki, neokolonializm siyasətini indi də davam etdirən ölkələrdən biri də Fransadır . Avropadan kənarda bu ölkənin idarə etdiyi ərazilər Fransa müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Dövlət başçımız Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin fransız polisi tərəfindən öldürülməsini xatırladaraq əlavə edib ki,  bu hadisə ölkədə mövcud olan irqçilik və islamofobiyanın daha bir əlamətidir.

Fransanın müstəmləkə siyasətindən əziyyət çəkən xalqlar üçün haqq səslərini dünyaya çatdırmaq olduqca vacibdir. Fransa öz müstəmləkə siyasətini dünyaya elə təqdim edir ki, sanki bu normal haldır.   Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında onlarla ölkəni işğal edən, sərvətlərini talan edən, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törətmişdir, fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoymuşdur.

Fransanın ölkəmizə qarşı qərəzli addımları bu dövlətin xarici siyasətinin tərkib hissəsinə çevrilib  və məqsədli xarakter daşıyır. Bu ölkənin ermənipərəst mövqeyini açıq şəkildə ortaya qoyduğu birinci hal deyil. Vətən müharibəsinin elə ilk günlərində Fransa Prezidentinin “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik”, – deyə, beynəlxalq hüquqa zidd olan bəyanat verməsini yaxşı xatırlayırıq. Vətən müharibəsindən artıq üç ilə yaxın vaxt  keçməsinə baxmayaraq Fransa keçmiş münaqişənin həllində heç vaxt maraqlı olmadığını, özünün əsl ermənipərəst mövqeyini   abırsız şəkildə nümayiş etdirir. Münaqişənin keçmişinə nəzər saldıqda görürük ki, ATƏT-dən mandat almış Minsk qrupu bu illər ərzində münaqişənin dinc yolla tənzimlənməsinə heç bir töhfə verməmiş, 28 il ərzində aparılan danışıqlar yalnız imitasiya xarakteri daşımışdır. Məsələnin mahiyyətinə bu gün baxdıqda bir daha görürük ki, elə həmin Minsk qrupunun üzvü olan Fransa bu gün regiondakı sülhün qarşısında ən böyük əngəldir. Deməli, Fransa öz niyyətini uzun illər ərzində məhz Minsk qrupunun fəaliyyəti çərçivəsində gizlətmişdir. Bu qrupun fəaliyyətindən Azərbaycan imtina etdikdən dərhal sonra Fransa aşkar şəkildə əsl mahiyyətini ortaya qoydu.  Qələbəmizdən sonra Fransa hökuməti beynəlxalq müstəvidə ölkəmizə qarşı qarayaxma kampaniyası apararaq, bir çox beynəlxalq təşkilatlar vasitəsilə sanksiyaların qəbul edilməsinə cəhd göstərib. Lakin Azərbaycan dövlətinin yürütdüyü uğurlu xarici siyasət, beynəlxalq təşkilatlarla qurulan düzgün münasibət sayəsində bütün mənfi tendensiyaların qarşısı alınıb. Artıq sübut olunub ki, Azərbaycanla güc yolu, təzyiq və şantaj vasitəsilə danışmağın perspektivi yoxdur. Dövlətimizin yürütdüyü siyasət sivil dünyanın qəbul etdiyi, beynəlxalq hüquqa və təcrübəyə əsaslanan, hamılıqla qəbul edilən prinsiplərə əsaslanır. Həm də bilirik ki, bizi “soyqırımı”, “sürgün” və “təcavüz” törətməkdə ittiham edən ölkələr uzun illərdir milyonlarla insanı qətlə yetirən, soyqırımları həyata keçirən, dövlətlərin daxili işlərinə qarışan, onları istismar edən, neokolonilizim siyasəti aparan dövlətlərdir. Azərbaycanın BMT-nin 4 mühüm qətnaməsini icra etməklə Qarabağı işğalçılardan azad etməsini Paris alqışlamaq əvəzinə beynəlxalq hüquqa qarşı kampaniya aparır.  “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyasını və onun iki protokolunu, UNESCO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” 1972-ci il 16 noyabr tarixli Konvensiyasını və “Mədəni irsin qəsdən dağıdılması haqqında” 2003-cü il 17 oktyabr tarixli Bəyannaməsini xatırladan Fransa Senatı Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlamış Ermənistanın həmin konvensiyaları və Bəyannaməni kobudcasına pozduğunu bilə-bilə heç zaman bu ölkəni beynəlxalq öhdəliklərinə əməl etməyə çağırmamışdır. Fransa və digər ermənipərəst ölkələr daxili xaosdan, problemlərdən qaçmaq məqsədilə regionun işlərinə qarışmaqdan əl çəkməlidir və Ermənistan da bu ölkələrin manipulyasiyalarına imkan verməməlidir. Məhz Ermənistanın təkrar silahlanmaq cəhdləri, gələcəkdə bu ölkə tərəfindən müvafiq təxribatların və münaqişənin törədilməsinin anonsudur.

Azərbaycan gələn il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi edəcək. Hətta Ermənistan dövləti belə, bu tədbirin Azərbaycanda keçirilməsinə dəstək verdiyi halda, rəsmi Paris buna qarşı çıxıb. Əsas səbəb  kimi Qarabağda guya keçmiş mədəni irsin məhv edilməsi kimi absurd iddialarını göstərib. Fransa Senatı “erməni mədəni irsi”nə görə narahat olursa, qoy onda Fransanın əsrlərlə Afrikadan oğurladığı mədəni irs nümunələri ilə məşğul olsun. Fransanın Qarabağa göndərmək istədiyi UNESCO missiyası elə Fransanın özünə göndərilməlidir ki, həmin oğurlanmış irs nümunələrinin əsl sahiblərinə qaytarılmasını təmin etsin. İndiki Ermənistan ərazisində yaşamış yüz minlərlə azərbaycanlının ata-baba yurdlarından zorla kütləvi surətdə qovulmasına səssiz qalan və onların geri qayıdış hüququnun bərpasına çağırış etməyən Fransa yenə də öz riyakar siyasətinə sadiq qalaraq ermənilərin Azərbaycan ərazisində yerləşdirilməsi üçün hər fürsətdə canfəşanlıq edir.

Şəmsiyyə Əliqızı, «İki sahil»