25 noyabr 2023 00:17
299

Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq prioritetdir - Vahid geosiyasi, iqtisadi, mədəni məkan

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, SPECA Zirvə görüşünün Bakıda keçirilməsi Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın hərtərəfli və dinamik surətdə inkişafının bariz nümunəsidir

Azərbaycanın müxtəlif sahələri əhatə edən beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi ölkəmizin bütün sahələrdə təkmil təcrübəyə malik olmasının təsdiqidir. BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Bakıda keçirilən birinci Zirvə görüşü  də bu baxımdan diqqətçəkəndir. Dövlət başçısı İlham Əliyev Zirvə görüşündəki çıxışında tədbirin keçirilməsi ilə əlaqədar Azərbaycanın təşəbbüsünə dəstək verdikləri üçün Mərkəzi Asiya ölkələrinin rəhbərlərinə təşəkkürünü bildirdi: «Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edir. Mənim dəvətimlə bu gün Zirvə görüşündə Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi fəxri qonaqlar qismində iştirak edirlər. Əminəm ki, bu tərkibdə keçirilən Zirvə görüşü daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacaq.»

Onu da qeyd edək ki, cənab İlham  Əliyev noyabrın 23-də  BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçanı qəbul edərkən bu kimi məqamlara xüsusi diqqət yönəltmişdir.  Belə ki, SPECA Zirvə görüşünün Bakıda keçirilməsinin Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın hərtərəfli və dinamik surətdə inkişafının bariz nümunəsi olduğunu bildirən  Prezident İlham Əliyev son illərdə Azərbaycan ilə region ölkələri arasında siyasi, iqtisadi, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişlənməsini məmnunluqla qeyd etmişdi. Prezident İlham Əliyev  vurğulamışdı ki, SPECA-nın üzvü olan dövlətlər sıx əməkdaşlıq nəticəsində uğurlu regional model təqdim edirlər. Bu, həmçinin Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin vahid siyasi, iqtisadi və geosiyasi bir məkanı ifadə etmələrinin bariz təzahürü, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı daha da genişləndirmək əzminin və niyyətinin nümunəsidir.

Prezident İlham Əliyev Zirvə görüşündə bu məqamlara da diqqəti yönəltdi ki, SPECA yarananda üzv ölkələr dövlət müstəqilliyinin ilk addımlarını atırdılar. Qarşıda bir çox problemlər, çağırışlar durmuşdu. Son 25 ildə əsas çağırışlar arxada qalıb. Dövlət suverenliyimizi möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilmiş və iqtisadi cəhətdən sürətlə inkişaf etmişik. Ölkələrimizi birləşdirən daha bir amil var ki,  o da siyasi sabitlikdir. Sabitlik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. Ölkələrimizdə isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur.

Ümumilikdə Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əlaqələrin qurulması və yeni istiqamətlər üzrə inkişaf etdirilməsi vacib yer tutur. Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin inkişafı diqqətdən kənarda qalmır.

Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycan arasında əlaqələr  son illərdə yüksələn xətlə inkişaf edir. Dövlət başçısı İlham Əliyev bu günlərdə Özbəkistanda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısındakı çıxışında bu mühüm məqamı xüsusi qeyd etmişdir ki, Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir. Ötən il  Özbəkistana bir dövlət və iki işgüzar səfər etdiyini xatırladan cənab İlham Əliyev onu da əlavə etmişdir ki, hər səfərində Özbəkistanda hərtərəfli islahatların nəticələrinin, sosial və iqtisadi inkişafın şahidi olur. Bu mühüm məqam da vurğulanmışdır ki,  Şavkat Mirziyoyev yenidən Özbəkistan Prezidenti seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana etdi. Bu, iki ölkə arasında qardaşlıq münasibətlərinin nə dərəcədə dərin olmasını bir daha nümayiş etdirir.

Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən  sonra bölgədə tamamilə yeni reallıqlar  yaratdı. Regionda və dünyada nüfuzu durmadan artan Azərbaycanın bölgədə sülhün bərpası prosesində irəli sürdüyü təkliflər və təşəbbüslər istər region ölkələri, istərsə də dünyanın supergücləri və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilməkdədir. Azərbaycanın həyata keçirdiyi irimiqyaslı enerji və nəqliyyat layihələri regiondakı digər dövlətlərin də inkişafına, xalqların rifahına xidmət edir. Məhz bu amillər Azərbaycan ilə müxtəlif ölkələr arasında ikitərəfli əlaqələrin sürətli inkişafına təkan verir.

Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də Özbəkistan ilə dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə inkişafına xüsusi diqqət yetirir. Zirvə görüşündə iştirpak etmək üçün ölkəmizdə səfərdə olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə dövlət başçısı İlham Əliyevin görüşü oldu. Cənab İlham Əliyev «Biz o qədər tez-tez görüşürük ki, hətta bir-birimizdən ayrılmadığımız təəssüratı yaranır. Əlbəttə, bu, çox xoşdur. Mənim Özbəkistana səfərim və Sizin Azərbaycana dövlət səfəri zamanı biz Sizinlə elə bu cür də danışmışdıq ki, tez-tez görüşəcəyik, bu, ölkələrimiz və xalqlarımız üçün faydalı olacaq» fikirləri ilə münasibətlərimizin qardaşlıq səviyyəsində olduğuna, Prezidentlərin şəxsi münasibətlərinin əlaqələrimizə müsbət təsir göstərdiyinə aydınlıq gətirir:  «Zənnimcə, cəmiyyətlərimiz də bütün bunları aydın şəkildə görür. Prezidentlərin qardaşlığı, komandaların üzvlərinin qarşılıqlı fəaliyyəti və ən əsası – nəticə.»

Yazının əvvəlində dövlət başçısı İlham Əliyevin dost Özbəkistana etdiyi səfərlərə xüsusi diqqət yönəltdik. Qarşılıqlı səfərlər əlaqələrin yüksələn xətlə inkişafına və yeni prioritetlərin müəyyənləşdirilməsinə stimul verir. Bu səfərlər zamanı imzalanan sənədlər münasibətlərin gələcəyi barədə aydın təsəvvür yaradır. Qeyd edək ki, Özbəkistan Prezidentinin bu ilin avqustunda ölkəmizə dövlət səfəri zamanı bir  sıra mühüm sənədlər imzalanmışdır ki, onlardan biri Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə» idi.  Xarici işlər nazirləri arasında imzalanan   “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında hərtərəfli strateji tərəfdaşlığın dərinləşdirilməsinə dair 2023-2024-cü illər üzrə Yol Xəritəsi” də münasibətlərimizin gələcək inkişafında əhəmiyyətli rol oynayacaq.

Hazırkı dövrün əsas çağırışı işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin aparılması və regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin edilməsi üçün Ermənistanla münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanmasıdır. İstər 44 günlük İkinci Qarabağ, istərsə də postmünaqişə dövründə  Mərkəzi Asiya ölkələrinin, o cümlədən Özbəkistanın Azərbaycana dəstəyi diqqətdən kənarda qalmadı. Özbəkistan keçmiş Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. Belə ki, Özbəkistan 2008-ci ildə BMT Baş Assambleyasında səsverməyə çıxarılmış “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamənin lehinə səs vermiş yeganə Mərkəzi Asiya ölkəsi olub. Həmçinin 2021-ci ildə  Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı Qarabağın qaytarılması və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik etmiş, həmin ilin noyabrında İstanbulda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə isə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkəsinin vəsaiti hesabına Füzulidə böyük məktəbin inşa ediləcəyini bildirmişdi. Özbəkistan Prezidentinin avqustun 22-də ölkəmizə səfəri çərçivəsində Füzulidə həmin məktəbin açılış mərasimi keçirildi. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin “Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır” sözlərinin təsdiqi olan bu məktəbin inşası qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyev də Özbəkistanın Füzuli rayonunda böyük məktəb inşa etmək təşəbbüsünü ölkələrimiz arasında həmrəyliyin, dostluğun, qardaşlığın növbəti addımı kimi qiymətləndirmişdir.

Dövlət başçısı İlham Əliyev Zirvə görüşündə bu məqamlara da xüsusi diqqət yönəltdi ki, hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Sıfırdan yeni şəhərlər və kəndlər inşa edilir. İlkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulur. Keçmiş məcburi köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq.

Zirvə görüşünə fəxri qonaq qismində qatılan Macarıstanın  Baş naziri Viktor Orban ilə dövlət başçısı İlham Əliyevin görüşündə qeyd olundu ki,  Azərbaycan ilə Mərkəzi Asiya ölkələri siyasi, iqtisadi, geosiyasi baxımdan vahid məkanı özündə əhatə edir. Ölkələrimiz arasında iqtisadi inteqrasiya daha da dərinləşir, Mərkəzi Asiyanı Xəzər dənizi və Qara dəniz ilə birləşdirən nəqliyyat, enerji, o cümlədən bərpaolunan enerji və digər sahələrdə yeni əməkdaşıq layihələri və platformaları inkişaf etdirilir. Azərbaycanın işğaldan azad olunmuş Cəbrayıl rayonunun Soltanlı kəndinin təməlqoyma mərasiminin Macarıstanla birgə həyata keçirilməsinin böyük əhəmiyyətə malik olduğu qeyd edildi, bu layihənin macar şirkətlərinin iştirakı ilə icra olunacağı vurğulandı.

O da məlumdur ki,  Cəbrayıl rayonunun Soltanlı kəndinin təməlqoyma mərasimi keçirildi. Tədbirdə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev və Soltanlı kəndinin sakinləri iştirak etmişdilər.

Zirvə görüşündə Qazaxıstan, Qırğızıstan, Tacikistan prezidentləri də iştirak etdilər.  Üzv və fəxri qonaq qismində iştirak edən ölkələrin iqtisadi imkanlarının təqdimatında əhəmiyyətli rol oynayan Zirvə görüşündə növbəti mərhələdə qarşıda dayanan hədəflər açıqlandı. Azərbaycanın iqtisadi inkişafını rəqəmlər vasitəsilə diqqətə çatdıran dövlət başçısı İlham Əliyev belə bir əminliyi ifadə etdi ki, tədbir əlaqələrimizin inkişafına yeni təkan verəcək.

Azərbaycanın nəqliyyat və tranzit imkanları əlaqələrin inkişafında öz sözünü deyir. Prezident İlham Əliyev bu mühüm məqamı da xüsusi qeyd etdi ki,  Azərbaycanın güclü iqtisadiyyatı müstəqil xarici siyasət kursu həyata keçirməyə imkan yaradır. Son 20 ildə Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə artıb. Büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artmışdır.  Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir, yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb. Ölkəmizdə əlverişli investisiya mühiti yaradılıb. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub, Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.

Hazırkı dövrün əsas çağırışlarından biri türk dünyasının birliyidir. Dövlət başçısı İlham Əliyev  Astanada Türk Dövlətləri Təşkilatının «Türk Əsri» çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşündə qeyd etmişdir ki, son iki il ərzində mən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə 20 səfər etmişəm. Qardaş dövlətlərin rəhbərləri də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər. Oktyabr ayında Şuşa şəhərində Birinci Türk Dünyası Mədəniyyət Forumu təşkil edilmişdir. Azərbaycan türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. Bunun əsas hissəsi Türkiyəyə qoyulan sərmayədir. Birgə sərmayə fondlarının yaradılması prosesi başlamışdır. Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu yaradıldı. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsi 40 faiz artmışdır. Münasibətlərimizin inkişafı kontekstində nəqliyyat və logistika sahələri mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi özünü təsdiqləyib. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin dayanıqlı fəaliyyətinə öz dəyərli töhfəsini verir. «Biz böyük türk dünyasının bir hissəsiyik» söyləyən dövlət başçısı belə bir əminliyi ifadə etmişdir ki, dostluğumuz, qardaşlığımız əbədi olacaq. 

Dövlət başçısı  İlham Əliyev  BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçanı qəbul edərkən bu mühüm məqamı xüsusi qeyd etmişdir ki,  Azərbaycanın 1993-cü ildə BMT-nin Avropa üzrə İqtisadi Komissiyasına üzv qəbul olunmasından etibarən ölkəmiz ilə bu təsisat arasında sıx əlaqələr qurulub. Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi və digər sahələrdə uğurlu əməkdaşlıq edilir. Prezident İlham Əliyev Bakıda keçiriləcək  BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Zirvə görüşündə BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının və BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katiblərinin iştirakını SPECA çərçivəsində əməkdaşlığa verilən əhəmiyyətin nümunəsi kimi qiymətləndirdi.

Onu da qeyd edək ki,  Prezident İlham Əliyev noyabrın 22-də Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı - SPECA həftəsi çərçivəsində Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilən “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərginin açılışında iştirak etmişdir.  Paytaxt Bakının Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı – SPECA həftəsinə ev sahibliyi etməsi ölkəmizin imkanların təqdimatında əhəmiyyətli rol oynayır.  Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. 1998-ci ildə yaradılan proqrama Azərbaycan 2002-ci ildə qoşulub və birliyin fəal üzvlərindəndir. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir. Təkmil inkişaf modeli ilə dünyanın diqqətində olan Azərbaycan bu əməkdaşlığa davamlı töhfələri ilə diqqətdədir və bu proses bundan sonra da davam etdiriləcək. Ölkəmizin dünya təcrübəsinə əsasən müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyası bugünkü uğurlarımızın əsasıdır. Azərbaycan beynəlxalq arenada iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi yerini və rolunu möhkəmləndirir.

Yeganə Əliyeva, “İki sahil”