05 oktyabr 2024 21:50
171

ABŞ ilə sazişlərə xitam verilməli, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmalıdır - RƏY

Dövlətimizə qarşı belə qərəzli və zərərli siyasi xətt tutan dövlətlə əlaqələrə yenidən baxılması məqsədəuyğundur

Azərbaycan Respublikasının Ermənistan üzərində tarixi qələbəsindən və ərazi bütövlüyünü tam bərpa etdikdən sonra regionda uzunmüddətli sülh və sabitlik üçün əsaslı şərait yaranmışdı. Otuz il müddətində regionda gərginlik və müharibə xofu bitmirdi. Bu gün təkcə dövlətimiz üçün deyil, bütün region üçün sülh sazişi zəruridir. Çünki ilk dəfədir ki, Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyə bu qədər yaxınıq.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirdi.

Deputat qeyd etdi ki, lakin belə bir şəraitdə Qərbin riyakar mövqe ortaya qoyması sülh prosesinə zərbədir. Xüsusilə ayrı-seçkiliyi ehtiva edən, böhtanla dolu, müharibə cinayətkarlarının azadlığa buraxılmasına və Ermənistanın hərbiləşdirilməsinə çağırış edən ABŞ Konqresinin 60 üzvünün dövlət katibi Entoni Blinkenə göndərdiyi müraciət qəbuledilməzdir, beynəlxalq hüquqa ziddir və ABŞ-nin ikitərəfli münasibətlərin bərabərhüquqlu şəkildə davam etdirilməsində maraqlı olmadığının gəstəricisidir.

Onun sözlərinə görə, bu gün Milli Məclisin 43 üzvü Xarici işlər naziri Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib. Bu millət vəkillərinin içərisində mən də varam. Düşünürəm ki, dövlətimizə qarşı belə qərəzli və zərərli siyasi xətt tutan dövlətlə əlaqələrə yenidən baxılması, əməkdaşlığın azaldılması məqsədəuyğundur.