06 oktyabr 2024 02:29
73

Bizim işimiz haqq işidir və bizim işimizi Azərbaycan xalqı dəstəkləyir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və oğlu Heydər Əliyev 30 sentyabr 2024-cü ildə Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında iştirak ediblər.

Üç il əvvəl Aşıq Ələsgərin adının əbədiləşdirilməsi məqsədilə cənab Prezident iki sərəncam imzalamışdı. Bir sərəncam Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsi haqqında idi. Bu sərəncam əsasında yubiley dövlət səviyyəsində qeyd edildi. İkinci sərəncam Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında idi. 

Dövlətimizin Başçısı çıxışında bildirdi ki, Aşıq Ələsgər ömür boyu Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşamış, yaratmışdır, ömrünün son illərində, öz dogma torpaqlarını tərk etməyə məcbur olmuşdur. O vaxt onun 97 yaşı var idi. 1918-ci ildə erməni vəhşiləri azərbaycanlıları etnik təmizləməyə məruz qoymuşdular. Bu, XX əsrdə azərbaycanlıların öz dogma torpaqlarından – Qərbi Azərbaycandan birinci deportasiyası idi. Ondan sonra xalqımız iki deportasiyaya məruz qalmışdır. Aşıq Ələsgər ailəsi ilə birlikdə Kəlbəcər rayonuna köçmüşdür. Vətən sevgisi, torpaq sevgisi o qədər güclü idi ki, bütün təhlükələrə baxmayaraq, o, təqribən üç ildən sonra sonra öz dogma Ağkilsə kəndinə  qayıtmış və bir neçə ildən sonra orada vəfat etmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd etdi ki, 1970-ci illərdə Ulu Öndərin təşəbbüsü ilə  Aşıq Ələsgərin 150 illik yubileyi qeyd edilmişdir, özü də Sovet İttifaqı miqyasında və bu yubiley münasibətilə dogma Ağkilsə kəndində ucaldılmışdır.  Aşıq Ələsgərin yaradıcılığı Azərbaycan xalqının ürəyində böyük bir iz buraxmışdır ki, 200 il keçəndən sonra yenə də o, görkəmli şəxsiyyət, vətənpərvər insan, öz xalqını, Vətənini sevən insan kimi xalqımızın yaddaşında yer tutmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında demişdir: “Bu gün Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü gözləyirlər, Böyük Qayıdış proqramının   icrasını səbirsizliklə gözləyirlər. Əslində, bu proqram artıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Mən əminəm ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik. Çünki bu gün Şuşada, Laçında, Xankəndində, Füzulidə uşaqlar, məktəblilər məktəbə gedirlər. Birinci dərs günü bunu göstərdi.  Yəni, sözün əsl mənasında, bütün bu bölgələrdə və bütün Azərbaycanda bayram ab-havası idi. Qərbi Azərbaycandan olan soydaşlarımız da əminəm ki, eyni hissləri yaşayacaqlar. Hər şey bizim əlimizdədir. Qarabağın işğalı dövründə də bəzi hallarda hər birimiz məyusluq və inamsızlıq hissləri yaşamışıq. Hər birimizin qəlbini incidən bu ədalətsizlik bizə sanki əbədi olacaq kimi gəlirdi. Amma o fikirləri biz özümüzdən hər zaman uzaqlaşdırırdıq, inamla yaşayırdıq və onu da bilirdik ki, ədaləti bərpa etmək bizim öz işimiz olmalıdır, heç kim bizim əvəzimizə bu ədaləti bərpa etməyəcək, heç kimin belə niyyəti də, istəyi də olmamışdır.”
 

Bahar Məmmədova,
YAP Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının sədri