05 oktyabr 2024 00:14
93

Tarixi inkar etməklə nəyəsə nail olmaq qeyri-mümkündür

Ermənilərin müxtəlif dövrlərdə apardıqları işğalçılıq, qəsbkarlıq və soyqırımı siyasəti son anda iflasa uğramışdır. Məğlubiyyətin acı nəticələri ilə üzləşən ermənilər qurd libaslarını çox asanlıqla dəyişib mələk cildinə girərək dünyanın ən humanist, məzlum, yazıq bir toplumu olduqlarını, bütün xalqlarla bərabərlik, dostluq və qardaşlıq şəraitində yaşamaq arzularını bəyan etmişlər

Tarixi faktlar sübut edir ki, azərbaycanlılar bu torpaqda əsrlər boyu yaşamışlar. Bugünkü Ermənistan isə tarixi Azərbaycan torpaqlarında yaradılıbdır. Təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən nəşr edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində yerləşən kəndlərin, şəhərlərin mütləq əksəriyyətinin adları Azərbaycan mənşəlidir. Bunlar reallıqdır. İrəvan xanlığının əhalisinin 70-80 faizi azərbaycanlılar olub. Qarabağ əzəli Azərbaycan torpağıdır. 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Qələbəmiz bunu sübut etdi. Ermənilər Qarabağa və Qərbi Azərbaycana XIX əsrdə İrandan, Şərqi Anadoludan köçürülmüşlər. Hansı məqsədlə köçürülmələri məlumdur. Bunlar tarixdir. Tarixi inkar etməklə nəyəsə nail olmaq qeyri-mümkündür. Ermənilər 30 illik işğal dövründə zəbt etdikləri ərazilərimizdən Azərbaycan xalqının izlərini silmək üçün bütün şəhərləri, kəndləri tamamilə dağıtdılar. Tarixi və dini abidələrimiz yerlə - yeksan edildi. Eyni vəziyyəti Qərbi Azərbaycanda da yaradıblar. Təbii ki, bu yolla tarixi silmək qeyri-mümkündür.

Qərbi Azərbaycan İcmasının Nəzarət-Təftiş Komissiyasının  üzvü, filologiya üzrə fəlsəfə doktoru, dosent  Cəlal Allahverdiyev  “İki sahil”ə açıqlamasında bildirib ki, Cənubi Qafqazda, o cümlədən “Ermənistanda” sovet hakimyyətinin bərqərar olması siyasi-ictimai duruma nisbətən dinclik gətirsə də, bu, heç də millətlərarası münasibətlərin xarakterinin dəyişməsindən, birdən-birə, gözlənilmədən ermənilərin düşmənçilik mövqelərindən çəkilib, sözdə bəyan olunduğu kimi, azərbaycanlıları dərin məhəbbətlə sevdiklərindən xəbər vermirdi. Sadəcə olaraq, millətlərarası münasibətlərdə mövcud olan ziddiyyətlər “dostluq” və “qardaşlıq” pərdəsi arxasında gizlədildi: ermənilərin xalqımıza düşmən münasibəti daha xəbis, daha gizli səciyyə kəsb etdi. Əgər rəsmi mənbələrə əsaslansaq,1920-ci il noyabr ayının 29-da Ermənistanda sovet hakimiyyəti qurulmuşdur. Amma Ermənistanda “sovet hakimiyyəti” öz spesifik xüsusiyyətlərinə malik idi. Bu, hər şeydən əvvəl, erməni kommunistlərinin və dövlət xadimlərinin sözdə bir, əməldə əks prinsiplərdən çıxış etməsində özünü büruzə verirdi. Başqa respublikalardan fərqli olaraq Ermənistanda sosial mühitin, partiya həyatının, milli siyasətin iki - birincisi, görünən, ikincisi, görünməyən tərəfləri var idi. Görünən tərəf “proletar beynəlmiləlçiliyi” “bolşevizm ideyalarının həyata keçirilməsi”, görünməyən tərəf isə rəsmi Ermənistan rəhbərliyinin gizli surətdə həyata keçirdiyi şovinist və antitürk siyasəti idi.

Ermənistanda sovet hakimiyyətinin qurulmasının və Ermənistan Kommunist Partiyasının yaradılmasının 40 illiyi münasibətilə 1960-cı ildə çap olunmuş tezisdə deyilirdi: “Ermənistan zəhmətkeşləri qazandıqları bütün müvəffəqiyyətlər, azad, fərəhli və xoşbəxt həyatı üçün ölməz Leninə, onun yaratdığı Kommunist partiyasına, böyük rus xalqının, sosialist vətənimizdə yaşayan digər qardaş xalqların əvəzsiz yardımına borcludur”. Hətta kommunist beynəlmiləlçiliyi pərdəsinə bürünmüş ən qatı daşnak olan Anastas İvanoviç Mikoyan yazırdı: “Daşnaklar zamanı Ermənistan yetimlər ölkəsi, göz yaşları ölkəsi, dilənçilik və vəhşi özbaşınalıq ölkəsi idi. “Daşnaksütyun” burjua millətçi partiyası özünün bütün siyasəti ilə imperializmin mənafeyinə xidmət edirdi. Daşnakların müsibətli siyasəti nəticəsində ölkə ağır fəlakət qarşısında qalmışdı”. İosif Stalin isə 1920-ci ilin noyabrında “Pravda” qəzetinin müxbirinə verdiyi müsahibədə deyirdi: “Daşnak Ermənistan, heç şübhəsiz, Antantanın fitnəkarlığının qurbanı kimi yıxıldı... Ermənistanın Rusiya ilə birləşməkdən başqa yolu qalmadı”. Bu fikirlərdən aydın olur ki, ermənilər heç vaxt azad düşüncəli xalq kimi yaşamamış, müstəqil dövlətə malik olmamış, zaman-zaman müxtəlif dövlətlərin əlində siyasi alət rolunu oynamışlar. Həmin dövlətlər Qafqazda öz siyasi-strateji maraqlarını həyata keçirmək üçün erməniləri hər zaman dəstəkləmiş və onların “böyük Ermənistan” xülyası ilə yaşamasına rəvac vermişdilər. Yaşadığımız dövrün reallıqları da bunu təsdiq edir. Tarixi prosesi izləyərkən bir daha aydın olur ki, ermənilərin müxtəlif dövrlərdə apardıqları işğalçılıq, qəsbkarlıq və soyqırımı siyasəti son anda iflasa uğramış, erməni xalqının ağır faciələrinə səbəb olmuş, onun həyatının bütün sahələrində dərin böhrana meydan açmışdır. Məğlubiyyətin acı nəticələri ilə üzləşən ermənilər qurd libaslarını çox asanlıqla dəyişib mələk cildinə girərək dünyanın ən humanist, məzlum, yazıq bir toplumu olduqlarını, bütün xalqlarla bərabərlik, dostluq və qardaşlıq şəraitində yaşamaq arzularını bəyan etmişlər. Ermənilərin bütün xalqlarla dostluğunu və qardaşlığını elan edən çoxsaylı mənbələrdən birinə nəzər yetirək: “Erməni xalqı, onun avanqardı olan Ermənistan Kommunist Partiyası SSRİ-nin bütün xalqları ilə öz dostluq və qardaşlığını çox yüksək qiymətləndirir və onu göz bəbəyi kimi qoruyurlar”. Ermənilərin güya bütün xalqlarla dostluq və qardaşlıq münasibətində olduğunu bəyan edən saxta və yalan ifadələr üzərində qurulmuş yüzlərlə bu cür mənbəyə rast gəlmək olar. Ermənistanın rəsmi dairələrinin yalan və riyakar təbliğatı nəticəsində formalaşmış, görünüşü 70 illik Sovet hakimiyyəti dövründə zahirən ermənilər haqqında beynəlmiləlçi xalq təsəvvürü yaradırdı. Amma ermənilərin əsas fəaliyyəti gizlində olmuşdur. Əslində, daşnaklar  Arşak Camalyan, Qaragin Njde, Andranik Ozanyan, Srvandzyan Hamazasp, Drastamat Kanayan (Dro) və bolşeviklər Stepan Şaumyan, Levon Mirzoyan, Aleksandr Myasnikyan, Y.Əlixanyan Bonner, Sarkis Kasyan, Ağasi Xancyan, Anastas Amatuni arasında heç bir fərq olmamışdır. Birincilər Daşnaksütyun partiyasının, ikincilər isə Kommunist Partiyasının biletlərini gəzdirirdilər. Bunların hər ikisi ideoloji baxımdan eyni mənbədən - erməni şovinizmindən qidalanırdılar.

Bu gün də Ermənistanın havadarları etnik ermənilərin qayıdış hüququndan danışanda Qərbi Azərbaycandan olan soydaşlarımızın vəziyyətini gözardı etməyə çalışırlar. Amma Prezident İlham Əliyevin də söylədiyi kimi, qayıdış hüququ qarşılıqlı şəkildə təmin olunmalı, o cümlədən də Qərbi azərbaycanlılara da şamil edilməlidir. Sentyabrın 30-da Prezident İlham Əliyev böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında çıxışı zamanı bir daha Qərbi Azərbaycandan olan soydaşlarımızın öz yurd-yuvasına qayıdış hüququnu xatırladıb: “Bu gün Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir. Biz o günü səbirsizliklə gözləyirik, inanırıq, mən də inanıram, siz də inanırsınız. Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik”.

Şəmsiyyə Əliqızı, “İki sahil”