05 oktyabr 2024 00:42
112

Müəllim ömrü…

5 Oktyabr – Beynəlxalq  Müəllimlər Günüdür!

Müəllimlik dünyada ən çətin, eyni zamanda, ən şərəfli və ən gözəl peşədir. 

Peşəsini sevən və bütün varlığı ilə bu sənətə bağlı olan müəllim yaşadığı mühitdən və cəmiyyətdən asılı olmayaraq ancaq bir amal üçün - şagirdlərə yüksək bilik verməyi, onları bir şəxsiyyət kimi yetişdirməyi qarşısına məqsəd qoyub. Qarşılığında isə müəllimin umacağı tək bir şey var ki, o da ona göstərilən diqqət və ehtiramdır. "İki sahil”qəzetinin yaradıcı kollektivi olaraq biz də daim müəllimlərin həyat tərzini, onların fəaliyyətini işıqlandırmağı ümdə vəzifəmiz hesab edirik.

Elə bu məqsədlə də “İki sahil” in əməkdaşı 5 Oktyabr- Beynəlxalq Müəllimlər Günü ərəfəsində ömrünü bu çətin, eyni zamanda, şərəfli peşəyə həsr edən müəllimlərimizdən daha biri ilə həmsöhbət oldu. Bir az da dəqiqləşdirməli olsaq müsahibimiz paytaxtın Nəsimi rayonundakı 164 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Afət Allahverdiyevadır.

- Afət müəllim istərdik ki, özünüzü oxucularımıza təqdim edəsiniz…

-1984-cü ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunu fərqlənmə diplomu ilə bitirərək müəllim kimi fəaliyyətə başlamışam. 40 illik pedaqoji fəaliyyətim dövlətimiz tərəfindən ən yüksək səviyyədə dəyərləndirilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Əməkdar müəllim” fəxri adına layiq görülmüşəm. Ölkə başçısı cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən keçirilən  “Ən yaxşı  müəllim” müsabiqələrində 2009-2015-ci illərdə qalib gəlmişəm. Bu il Elm və Təhsil  Nazirliyi tərəfindən Bakı şəhəri üzrə “Örnək müəllim” adına layiq görülmüşəm.

- Niyə məhz müəllim olmaq istədiniz?

- Düşünürəm ki, müəllimlik bütün peşələrin ən başlıcası sayılır. Çünki hər bir kəsi - alimi də, həkimi də, fəhləni də yetişdirən, formalaşdıran məhz müəllimdir. Ümummilli Liderimiz Heydər Əliyevin  dediyi kimi: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” Həqiqətən də, belədir. Müəllim ömrünün hər bir şəxsin həyatında kiçik bir damla qədər də olsa izi vardır. Müəllimlik məsuliyyətli işdir, çünki gələcək nəsillərin böyüməsində və tərbiyə olunmasında həlledici rol oynayır. Odur ki,mən də müəllim olmağa qərar verdim.

- Ötən 40 ildə hansı məktəblərdə fəaliyyət göstərmisiniz?

- İlk dəfə müəllimlik fəaliyyətinə 1984-cü ildə Sabunçu rayonundakı 187 nömrəli məktəbdən başlamışam.10 il həmin məktəbdə işlədikdən sonra fəaliyyətimi Nəsimi rayonundakı 164 nömrəli tam orta məktəbdə davam etdirmişəm. Hazırda da həmin məktəbdə gənc nəslin təlim-tərbiyəsi ilə məşğulam.

- İlk dəfə sinif otağına müəllim kimi daxil olmağınızı, şagirdlərinizlə tanışlıq, tədris etdiyiniz ilk dərsi necə  xatırlayırsınız? O gündən bu günə nələr dəyişdi?

- Mənim bu peşəyə yiyələnməyimdə valideynlərimin rolu danılmazdır. Yaxşı yadımdadır,  ilk dəfə müəllimlik fəaliyyətinə başladığım məktəbə körpə uşaq kimi atamla birlikdə getdim. Dərs deyəcəyim körpə fidan balaların mənə baxan nəzərləri daim yadımdadır və o gözləri heç zaman unutmuram.

- Ötən 40 ildə nələrin dəyişdiyini müşahidə etmişiniz? Özünüzü peşənizin kamil bilicisi hesab edirsinizmi?

- 40 illik müəllimlik fəaliyyətimi gözlərim önünə gətirəndə çox şeyin dəyişdiyini görürəm. Zaman dəyişib. Uşaqların dünyaya baxışı dəyişib. Onların intellektual səviyyəsi, dünya görüşü çox fərqlənir. Müəllimlik məsuliyyət, qayğı, sevgi, diqqət tələb edən bir peşədir. Düşünürəm ki, əgər şagirdlərim məni yaddan çıxarmırsa, onların qəlbində bir iz buraxa bilmişəmsə deməli, mən yaxşı  müəlliməm. Əgər bir vaxtlar dərs dediyim bu gün isə valideyn olan şagirdlərim də öz balalarını mənə əmanət edirlərsə, onların əlindən tutaraq”müəllimim,sizə inanaraq bu məktəbi seçirik” deyirlərsə  deməli, yaxşı müəlliməm.

-Şagirdləriniz arasında başqa yüksək vəzifədə çalışanlar var?

-Yetirmələrim arasında istər xaricdə, istərsə də Vətənimizdə yüksək vəzifələrdə olan alim, həkim, müəllim, polis, hətta hərbi sahədə çalışanlar var.

-Məktəblə, şagirdlərinizlə bağlı xatirinizdə ən yadda qalan hansı hadisələr olub?

- Xatirələr çoxdur. Onların sevgilərini bildirmək üçün aşkarda və ya gizlicə yazaraq masanın üstünə qoyduqları açıqcalar, mənim təsvirimi çəkdikəri şəkillər, yazdıqları məktublar... hansından danışım ki? Yaxşı xatırlayıram bir neçə il bundan əvvəl mənim sinfimdə açıq dərs idi. Şagirdlərə belə bir sualla müraciət etdim: Siz özünüzü nə zaman xoşbəxt hesab edirsiniz? Sizcə, xoşbəxtlik nədir?

Çox keçmədi ki,balaca bir qızı əlini qaldırıb söz demək istədi. Düşündüm ki, nəsə lazımdır. Amma ürkək baxışlarla qonaqlara baxaraq mənə astadan dedi ki, müəllim sizə xoşbəxtliklə bağlı deyəcəklərim var. Təbii ki, ona söz veriləndə mənim üçün qələmə aldığı bir bənd şeiri səsləndirdi. O bir bənddə mənim sinfimdə oxuması, bilik alması, özünü dünyanın xoşbəxti sanmasını vurğulamışdı. Onu dinləyəndə bir daha özümü xoşbəxt müəllim sandım.

- Hər zaman müəllim şagirdinə öyrədir. Bəs, sizin şagirdlərinizdən öyrəndiyiniz nələrsə olubmu?

- Müəllim şagirdini özündən öndə görməzsə,şagird müəllimdən önə keçməzsə onda inkişaf da gedə bilməz. Şagirdlərin məsum baxışları, düzlükləri, onların saflığı, kindən, həsəddən uzaq olmaları böyüklər üçün bir məktəb olmalıdır.

- Azərbaycan gəncləri xalqın 30 ilə yaxın həsrətində olduğu ən böyük arzusunu reallaşdırdı. Gənclər ön və arxa cəbhədə fədakarlıqlar göstərərək tarixi və əzəli torpaqlarımızın azad olunmasında öz sözlərini dedilər. Tarixi Zəfərimizdə gənclərimizin rolundan bəhs etməyinizi istərdik..

Gənc nəslin təlim–tərbiyəsində duran bütün müəllimlər öz Vətən müharibəsi zamanı yetirmələri ilə fəxr edirdilər. Mənim də dərs dediyim şagirdlərimdən istər xüsusi təyinatlılar içində, istərsə də Milli Ordumuzda rəşadət göstərənləri oldu. Təlimin hər bir mərhələsində biz müəllimlərin bir amalı olur: “Vətən anadır ,onu göz-bəbəyimiz kimi qorumaq hər bir vətəndaşın borcudur. “Odur ki,məktəbdə keçirdiyimiz tədbirlərdə də, dəyirmi masalarda da, dərs zamanı da milli-mənəvi dəyərlərimizə söykənərək daim şagirdlərdə Vətən sevgisi, onu qorumağı, daim çiçəklənməsi naminə əllərindən gələni hər bir işində cani-dildən yerinə yetirməyi öyrədirik. İnanın ki, bir zamanlar əllərindən tutub ana, Vətən sözlərini yazmağı öyrətdiyim döyüşçü balalarım qələbə sevincini də ilk dəfə mənimlə bölüşdülər. Müharibədən qalib əsgər kimi qayıdanda da məktəbə gəlib bizimlə görüşdülər. Qazilərimizlə keçirdiyimiz görüşlər indi yetişən nəsillərdə Vətənə bağlılıq üçün bir örnək oldu. Qazilərin döyüş səhnələrini canlandırması, oradakı göstərdikləri şücaətlərdən açdıqları söhbətlər gənc nəsillərin yaddaşında dərin izlər salacaqdır.

Bu sevinci bizlərə bəxş edən, Vətən uğrunda döyüşərək canlarından keçən şəhidlərimizə, qazilərimizə borcluyuq. Bundan sonra hər birimiz şəhidlərimizin ruhunu şad etmək üçün Vətən naminə öz mövqeyimizi səngər edib, doğma Azərbaycanımız naminə çalışmalıyıq.

- 5 Oktyabr- Beynəlxalq  Müəllimlər Günü ilə bağlı  ürək sözləriniz, arzularınız...

- Mən bütün müəllimləri bu şərəfli və məsuliyyətli peşə bayramı münasibətilə təbrik edirəm. Onlara ən əsası sağlıqlı həyat, səbr, dözüm, təmkin arzulayıram. Əziz müəllimlər, bayramımız mübarək!

- Bizdə öz növbəmizdə Afət müəllim, sizin simanızda bütün müəllimlərimizi Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edirik! Parlaq gələcəyimizin qurucuları olan yüksək ixtisaslı mütəxəssislər hazırlayan, xalqı və dövləti üçün bağlı layiqli vətəndaş yetişdirən müəllimlərimizə şərəfli işlərində yeni nailiyyətlər arzulayırıq!  Qoy, əkdiyiniz ağacların gülü, çiçəyi heç zaman solmasın!

Yaqut Ağaşahqızı, “İki sahil”