04 oktyabr 2024 12:53
132

Qlobal Metanın Azaldılmasının İnkişafı təşəbbüsünün nəticələrinə dair beynəlxalq konfrans keçirilib

3 oktyabr 2024-cü il tarixində Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Daş salnamə muzeyində Qlobal Metanın Azaldılmasının İnkişafı (AGMR) təşəbbüsünün nəticələrinə dair beynəlxalq konfrans keçirilib.

“İki sahil” xəbər verir ki,  konfransda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, SOCAR, bp, Petronas kimi beynəlxalq neft-qaz şirkətlərinin, “Baker Hughes”, “SLB” və digər xidmət təchizatçılarının, Dünya Bankının, Ətraf Mühitin Müdafiəsi Fondunun, London İmperial Kollecinin, habelə “Clean Air Task Force”, “Metan Rəhbər Prinsipləri” (MGP), “Neft və Qaz İqlim Təşəbbüsü” (OGCI), “GHGSat”, “SeekOps” kimi beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Konfransda çıxış edən Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, SOCAR-ın vitse-prezidenti Əfqan İsayev və bp şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli “Paris Sazişi”nin müddəalarının icrası, metan emissiyalarının azaldılmasının əhəmiyyəti, bu istiqamətdə həyata keçirilən fəaliyyətlər, icra olunan dekarbonizasiya layihələri haqqında iştirakçılara ətraflı məlumat veriblər. Çıxışlarda “Yaşıl dünya naminə həmrəylik ili” çərçicəsində icra olunan AGMR təşəbbüsünün neft-qaz sektorunda metan emissiyalarının azaldılmasını təşviq etdiyi vurğulanıb.

Daha sonra konfrans “Metan elmi araşdırmaları”, “AGMR təşəbbüsünün fəaliyyətində irəliləyişlər, çağırışlar və növbəti addımlar”, “Emissiyaların ölçülməsi, uyğunlaşma tədbirləri və onların azaldılmasında texnologiyanın rolu” mövzularında panel sessiyaları ilə davam etdirilib. Sessiyalar zamanı AGMR təşəbbüsünün icrası zamanı əldə olunan nəticələr, emissiyaların azaldılmasına dair müsbət göstəricilər, icra olunmuş layihələr haqqında geniş fikir mübadiləsi aparılıb.

Tədbirə qatılan beynəlxalq təşkilatların və nüfuzlu elm xadimlərinin təqdimatları zamanı müxtəlif sektorlarda metan emissiyalarının illər üzrə dəyişmə dinamikası, istixana qazlarının azaldılması sahəsində innovativ texnoloji yeniliklər, peyk monitorinqləri, emissiyalara dair şəffaf hesabatlıq sisteminin yaradılması, həmçinin bu sahədə rəqəmsal alətlərin tətbiqinə dair ətraflı məlumat verilib.

Qeyd edək ki, SOCAR bp şirkəti ilə birlikdə Azərbaycanda qabaqcıl sənaye liderləri kimi MGP çərçivəsində AGMR təşəbbüsünü icra edir. Təşəbbüsün əsas məqsədi Azərbaycanda fəaliyyət göstərən neft-qaz operatorları üçün metan emissiyalarının ölçülməsi, hesabatlılığı, azaldılması fəaliyyətlərinin təşviq edilməsi, bu sahədə bilik və bacarıqlarının təkmilləşdirilməsi, habelə mövcud ən yaxşı texnologiyaların tətbiq edilməsini dəstəkləməkdən ibarətdir.