05 oktyabr 2024 21:24
132

Konqresə sifarişi Dövlət Departamenti verir və prosesləri idarə edir - Elman Nəsirov

Tarixi qələbələrimiz Qərb siyasi dairələrinin yuxusuna haram qatıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Cəbrayıl şəhərində inşa edilən yaşayış kompleksinin açılış məraaimində Qərbin riyakarlığı, xüsusilə də ABŞ Dövlət Departamentinin anti-Azərbaycan siyasətinin "anatomiyası"nı konkret faktlar və arqumentlər əsasında açıb göstərdi. Dövlətimizin başçısı bildirdi ki, 60 nəfər ABŞ konqresmeninin ölkəmizə qarşı sanksiyaların tətbiqi ilə bağlı Amerika hökumətinə müraciəti ikili standartlar və riyakarlığın bariz nümunəsidir.

Bu sözləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputat, siyasi elmlər doktoru, professor Elman Nəsirov bildirdi.

Deputat bildirdi ki, Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini tam, qəti və əbədi olaraq təmin etməsi Qərb siyasi dairələrinin yuxusuna haram qatıb. "Münaqişənin hərbi həlli yoxdir" deyən qüvvələr  Azərbaycanı tarixi qələbələrinə görə cəzalandırmaq yolunu seçiblər. Cənab Prezidentin qeyd etdiyi kimi, bu qüvvələr eyni mərkəzlərdən idarə olunurlar. Konqresə sifarişi Dövlət Departamenti verir və prosesləri idarə edir. Ukraynanın ərazi bütövlüyünü dəstəkləyənlər və bu məqsədlə onu silahlandiran Qərb dövlətləri eyni niyyəti həyata keçirən Azərbaycanı sanksiyalarla hədələyirlər. Ermənistanı silahlandırır və onu yeni müharibəyə sövq edirlər. Ermənistanda revanşizmi şirnikləndirirlər.

Elman Nəsirov vurğuladı ki, cənab Prezident İlham Əliyev Ermənistanın siyasi-hərbi rəhbərliyinə və onun xarici himayədarıarına - ABŞ Konqresi, Dövlət Departamenti və Fransa rəhbərliyinə kəskin etirazını bildirərək ciddi xəbərdarlıq etdi. Bəyan etdi ki, bizim işimiz haqq işidir. Heç kim bizimlə hədə dili ilə danışa bilməz. Azərbaycan güclü dövlətdir. Əleydarlarımız ağıllarını başlarına yığsınlar. Odla oynamasınlar.

Şəmsiyyə Əliqızı, “İki sahil”