06 oktyabr 2024 12:21
117

Cəbrayılın azadlığı: Tarixi qələbənin dördüncü ildönümü 

Bu il Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin dördüncü ildönümü tamam olur. Bu əlamətdar gün Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı Vətən müharibəsində mühüm mərhələnin simvoludur. Cənab Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə cari ilin  3 – 4 oktyabr tarixlərində Cəbrayıla növbəti səfəri zamanı  şəhər sakinləri ilə görüşmüş və onların qarşısında çıxış etmişdir. 

Dövlət başçısı çıxışına,  bundan sonra hər il bu tarixi günün  Cəbrayılın azad edilməsi şərəfinə qeyd olunacağını vurğulayaraq başlamışdır. 
Vətən Müharibəsinin əsas dönüş nöqtəsi Cəbrayılın düşmən işğalından azad edilməsi ilə bağlıdır. Çünki bu tarixdən bir həftə əvvəl başlayan döyüşlərdə Azərbaycan Ordusu 20-yə yaxın kəndi işğaldan azad etsə də,  Cəbrayıl azadlığa qovuşan ilk şəhər idi. Cəbrayılın  işğaldan azad edilməsi  həm ordunun mənəvi gücünü, həm də xalqın ruh yüksəkliyini daha da artırdı. Bu uğurlu əməliyyat müharibənin gedişatına müsbət təsir göstərdi. 
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən bir neçə gün sonra Hadrut əməliyyatı uğurla həyata keçirildi və düşmənin möhkəm müdafiə xətləri darmadağın edildi. Nəticədə,  düzgün qurulmuş hərbi strategiya, ordumuzun döyüş əzmi, əldə edilmiş qələbələrdən qaynaqlanan ruh yüksəkliyi sayəsində Füzuli, Zəngilan və Qubadlı şəhərləri də işğaldan azad edildi. Nəhayət, 8 noyabrda Şuşanın azad olunması ilə müharibə Azərbaycanın tam qələbəsi ilə yekunlaşdı. Ümumilikdə, müharibə dövründə 300-dən çox yaşayış məntəqəsi işğaldan azad edildi və Ermənistan məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktını imzaladı. 

Cənab Prezident çıxışında azad edilmiş torpaqlarımızda gedən genişmiqyaslı quruculuq və bərpa işlərindən də danışdı. Cəbrayılın azad edilməsindən dərhal sonra ərazidə minaların təmizlənməsi və infrastrukturun bərpasına başlanıldığını xatırlatdı. Prezident İlham Əliyev Cəbrayıl şəhərində çoxmənzilli 33 binanın inşa edildiyini, 712 mənzilin inşasının davam etdirildiyini  və yeni yaşayış məhəllələrinin sakinlər üçün hazır olduğunu bildirdi. Azad edilmiş torpaqlarda aparılan bərpa işləri miqyas və sürət baxımından bənzərsizdir, bütün şəhərlər və kəndlər üçün dəqiq və planlı şəkildə infrastrukturlar qurulmaqdadır.  Prezident İlham Əliyev çıxışında Qərb ölkələrinin, xüsusilə Fransa və ABŞ-ın Ermənistanı dəstəklədiyinə və Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirdiklərinə diqqət çəkdi. O, Ermənistanın beynəlxalq hüququn bütün norma və prinsiplərini pozmasına baxmayaraq, onlara qarşı 30 il ərzində heç bir sanksiya tətbiq edilmədiyini vurğuladı. Məsələyə ikili standartlarla yanaşan bu dövlətlər  öz ərazi bütövlüyünü təmin edən Azərbaycana qarşı isə  təzyiqlər göstərməkdə davam edir. Prezident İlham Əliyev Azərbaycanın yalnız öz gücünə güvənərək,  hər hansı xarici təzyiqə  boyun əyməyəcəyini, beynəlxalq hüquq normaları çərçivəsində öz suverenliyini və ərazi bütövlüyünü hər zaman qoruyacağını diqqətə çatdırdı.

Cənab  Prezident çıxışında Qərb dövlətlərinin Cənubi Qafqaza müdaxilələrini və Azərbaycanın daxili işlərinə qarışmaq cəhdlərini qınadı O, Azərbaycanın müstəqilliyini qorumaq və gələcək inkişafını təmin etmək üçün yalnız öz milli maraqlarına uyğun qərarlar qəbul edəcəyini vurğuladı.  
Azad edilmiş ərazilərin sürətli bərpası və Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlər artıq öz yurdlarına qayıdırlar. Prezident İlham Əliyev Xankəndi, Şuşa, Laçın və digər azad edilmiş şəhərlərdə Azərbaycan bayrağının dalğalandığını, bərpa işlərinin sürətlə davam etdiyini və kəndlərin bərpası prosesinin uğurla icra olunduğunu qeyd etdi.

Prezident İlham Əliyevin Cəbrayılda etdiyi çıxış Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda göstərdiyi mübarizənin əzəmətini, azad edilmiş torpaqların bərpası və inkişafı istiqamətində görülən işlərin miqyasını və qərəzli  təzyiqlərə qarşı ölkəmizin möhkəm iradə nümayiş etdirdiyini bir daha sübut etdi.     Bundan sonra da azad olunmuş torpaqlarımızda aparılan quruculuq işləri davam etdiriləcək, ölkəmiz bütün çətinliklərə sinə gərərək öz müstəqilliyini, ərazi bütövlüyünü qorumağa davam edəcək, müxtəlif sahələrdə qazandığı zəfərlərlə şanlı tarixini yazacaqdır. 

Ziyafət Əsgərov,
Azərbaycan Respublikası  Milli Məclisinin Sədr müavini