25 noyabr 2023 01:38
303

Senatorlar, konqresmenlər və İrəvan konyakı...

Onlar ermənilərin deyil, öz hindularının hüquqlarını qorusalar daha yaxşı olardı

Son aylarda ABŞ-Azərbaycan münasibətlərində yaranmış gərginlik və hadisələrin gedişatı diqqətlə izlənilir. Bəs bu gərginlik nədən qaynaqlanır? Azərbaycandan min kilometrlərlə uzaqda olan ölkəni nə vadar edir ki, bizə qarşı sərt davranır, ədalətsiz qərarlar qəbul edir? Bəyəm özünün problemi yoxdur? 300 ildir yerli hinduları qırıb çatan, indi də hüquqlarını tapdalayan bu ölkə deyilmi? Sirr deyil ki, okeanın o tayında yuva salmış erməni lobbisi Senatın və Konqresin bəzi tamahkar və rüşvətxor üzvlərini asanlıqla öz torlarına sala bilirlər. Görünür, İrəvan konyakı və maddi şirnikləndirmələr bu cür rəsmi şəxsləri ermənilərə lakeylik etməyə qədər alçaldır. Onlar da göz görə-görə yalan danışır, işğalçını dəstəkləyir, Azərbaycana gücləri çatan bütün zərbələri vurmağa cəhd edir, demokratiyanın beşiyi adlandırdıqları ölkənin şərəfini hərraca çıxarırlar.

ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisi Ceyms O’Braynın “ABŞ-ın Azərbaycana münasibəti əvvəlki kimi olmayacaq” təhdid dolu  bəyanatına, bədnam 907-ci düzəlişin yenidən qüvvədə qalması haqqında qərara cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyi bu mövqeyi “birtərəfli, qərəzli, əsassız və qəbuledilməz” kimi qiymətləndirib,  yüksək səviyyəli Amerika nümayəndələrinin Bakıya səfərlərinə moratorium elan edib.

Məlumdur ki, Vaşinqton-Bakı münasibətləri buna qədər də hamar yolla getmirdi, amma 44 günlük müharibədən sonra ilk dəfədir ki, bu səviyyədə gərginləşib. Sadə dildə desək, ABŞ-la Azərbaycanın narazılıq doğuracaq heç bir məsələ yoxdur. Əslində bu gərginliyi rəsmi Vaşinqton özü süni surətdə yaradıb. Bəzi ekspertlər güman edirlər ki, Vaşinqton tezliklə münasibətlərin normallaşması üçün lazımi addımlar atacaq. İrəli sürülən mülahizələrdə qeyd olunur ki, Prezident Cozef Bayden Administrasiyası Azərbaycan olmadan Cənubi Qafqaz regionunda öz məqsədlərinə nail ola bilməz və o səbəbdən də münasibətlərin bərpası üçün real addımlar atmalıdır.  Bu barədə “S&P Global”ın Avropa və MDB üzrə proqnozlaşdırma departamentinin baş analitiki Aleks Melikişvili  də “X” sosial şəbəkəsində yazıb. O, hesab edir ki, Vaşinqton münasibətləri bərpa etmək üçün heç bir tədbir görməsə bu, Amerikanın Qafqazdakı mövqelərinin əhəmiyyətli dərəcədə zəifləməsinə gətirib çıxara bilər.

Melikişvilinin sözlərinə görə, ABŞ dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında noyabrın 20-də Vaşinqtonda keçirilməsi planlaşdırılan danışıqların pozulmasına görə məsuliyyət dövlət katibinin köməkçisi Ceyms O’Braynın üzərinə düşür.

Qaydaya əsasən, ittiham olunan hər hansı dövlət özünün  qürurunu qorumalıdır. Əgər bu olmasa, onda dövlətə siyasi təzyiqlər artır, get-gedə özünün beynəlxalq müstəvidə siyasi müstəqilliyini itirmiş olar. Azərbaycan ona görə dövlət müstəqilliyini bərpa etməyib ki, siyasi təzyiqlər altında olsun, yaxud da beynəlxalq münasibətlərdə hansı siyasəti yeridəcəyini digər dövlətlərin məsləhəti ilə müəyyən etsin. Odur ki, ABŞ dövlət katibinin köməkçisinin ölkəmizlə bağlı heç bir həqiqəti əks etdirməyən ittiham xarakterli fikirlərinə Azərbaycan  haqlı olaraq sərt reaksiya verdi. Azərbaycan sıradan ölkə deyil və öz heysiyyatına kiminsə toxunmasına dözməz. Eyni zamanda, Ağ evin özü də Azərbaycan kimi ABŞ-Azərbaycan münasibətlərində maraqlıdır. Ölkəmiz Qoşulmama Hərəkatına beşinci ildir ki, sədrlik edir, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayır, bir sıra beynəlxalq layihələrdə iştirak edir. Azərbaycan Cənubi Qafqaz regionunun lideri, Şərqin nüfuzlu dövlətlərindən biridir. Bu da faktdır ki, rəsmi Bakı ilə münasibətləri korlamaq heç də Vaşinqtonun marağında deyil. Bu baxımdan, ABŞ administrasiyası öz məmurunun Azərbaycanla bağlı fikirlərinə aydınlıq gətirməlidir. Dövlət katibinin köməkçisinin fikirlərinə Azərbaycan tərəfi sərt reaksiya bildirməli idi və belə də oldu. ABŞ Azərbaycanla münasibətlərin əvvəlki səviyyədə olması, münasibətlərin daha da yüksəlməsi üçün öz tərəfindən təşəbbüslər göstərməlidir. Ola bilsin ki, bu gün Amerikanın xarici siyasətinin bütün diqqəti İsrail-Fələstin müharibəsinə istiqamətlənib və bu baxımdan, Azərbaycanla münasibətlər onun gündəliyində deyil. Amma istənilən halda, bu məsələyə münasibət bildirilməlidir. Ən azı gündə bir məsuliyyətsiz fikir  söyləyən məmurlar cəzalandırılmalı və ya intizama dəvət edilməlidir.

Azərbaycanın beynəlxalq birlikdə digərlərinə səmimiyyəti və hörməti, qazandığı böyük siyasi nüfuz ona eyni münasibətin göstərilməsini tələb edir. Bu tələb böyüklüyündən və kiçikliyindən asılı olmayaraq bütün dövlətlərə aiddir. Şübhəsiz ki, başqasına hörmət göstərən özü də hörmət görəcəkdir, zorbalıq göstərən isə...

Azərbaycan Prezidenti İlham Əliyev xarici təzyiqlərə münasibət bildirərkən deyib: "Heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və Azərbaycan hökumətinin iradəsinə təsir göstərə bilməz. Ermənistan indi dünyanın müxtəlif yerlərində olan diaspor təşkilatlarından Azərbaycana hər yerdə hücum etmək üçün istifadə edir. Lakin onlar üçün bu, sıfır nəticə verəcək. Biz sülhə hazırıq, lakin ədalətli sülhə, hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında olan sülhə. Biz sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırıq. Beləliklə, mən həmkarımı bu barədə məlumatlandırdım ki, Cənubi Qafqazda real vəziyyəti daha yaxşı anlamaq mümkün olsun."

Vəli İlyasov, "İki sahil"