25 noyabr 2023 02:40
339

Ermənilərin bir toyuq hinini belə zəbt etməmişik

Hayastanın anklavlar bəhanəsi kəsilmir

44 günlük müharibənin başa çatmasından sonra Azərbaycan ictimaiyyətinin müxtəlif təbəqələrində “Qərbi Azərbaycan”, “Şərqi Zəngəzur” barədə söhbətlərin genişlənməsi ermənilərin əlinə gərginlik ocağı yaratmaq üçün bəhanə verib. Halbuki həmin söz-söhbətlərin məzmunu o yerlərdən deportasiya olunmuş soydaşlarımızın doğma yurd-yuvalarına qayıtmasından ibarət idi. Lakin mayası şərdən tutulmuş haylar hər yerdə bunu ayrı-ayrı ictimai qrupların müzakirə predmeti kimi deyil, Azərbaycan dövlətinin növbəti planı kimi qələmə verməyə çalışırlar. Bəzən də öz uydurmalarından vahimələnib beynəlxalq təşkilatlara və dövlətlərin siyasi dairələrinə şikayət də edirlər. Məsələn, ermənilər ABŞ-ın dövləti katibi Entoni Blinkeni necə aldatmışdılarsa adam "Azərbaycanın Ermənistana qarşı təcavüzü ilə barışmayacaqları" barədə kəskin bəyanat vermişdi. Sonradan o, bəyanatının absurd, faktın isə sabun köpüyünə oxşadığını anladı və sözünü dəyişdi.

Ermənistan saxta görüntü yaratmaq istəyir ki, guya Azərbaycan onun ərazisinə iddia edir, daha bir neçə yaşayış məntəqəsini qoparmağa çalışır. Bu isə rəsmi İrəvana artıq qapanmış Ermənistan-Azərbaycan münaqişəsini yenidən BMT səviyyəsinə çıxarmağa, ölkəmizin  təcavüzkar kimi tanıdılmasına rəvac verərdi.

Rəsmi İrəvan sərhəd xətləri boyunca delimitasiya və demarkasiya olunmamış adsız təpəliklər və dərələrlə bağlı belə bir iddia irəli sürür ki, guya bu ərazilər Ermənistan təşkil olunduğu vaxt ona məxsus imiş. Lakin son illərdə Azərbaycan Ordusunun öz postlarını irəli çəkməsii ilə nəzarətdən çıxıb. Real fakt budur ki, Azərbaycan sərhədçiləri sovet vaxtından qalan xəritələri əldə rəhbər tutaraq hərəkət ediblər. Əslində iki ölkə arasında mübahisəli ərazilərlə bağlı məsələ yoxdur. Mürəkkəb məsələ anklav və eksklavlarla bağlıdır. Sovet sənədləri ilə Azərbaycana məxsus olan bir sıra kəndlər hazırda Ermənistandadır, eyni zamanda, 1992-ci ilə qədər Ermənistanın inzibati-ərazi vahidi olan bəzi kəndlər isə bizdədir. Həmin kəndlərin öz sahiblərinə qaytarılması ona görə çətindir ki, sərhəd xətti boyunca ərazilərdə ciddi xaos yarana bilər. Elə olsa gərək hər anklavın sərhəd xətti ayrıca tikanlı məftillərlə dövrələnsin, hər kənd üçün sərhəd-keçid məntəqəsi, neytral zona və ya dəhliz yaradılsın. Ermənilər Başkəndə gəlib-getmək üçün sərhədi iki-üç dəfə keçməlidirlər. Eynilə bizim soydaşlarımız da, məsələn, Bağanıs-Ayrıma gedib-gəlmək üçün eyni hərəkət etməlidirlər.

Düzgün çıxış yolu həmin kəndləri birdəfəlik dəyişmək olar ki, o kəndlərdə yaşayanlar üçün həyat rahat olsun.  Ancaq bu da dövlətlərarası razılaşmalardan sonra referendum  yolu ilə həll olunmalıdır. Çünki ən kiçik ərazi məsələsi yalnız ümumxalq səsverməsi yolu ilə həll oluna bilər. Hər necə olsa da, Azərbaycan öz anklavlarını güc yolu ilə özünə qaytarmaq niyyətində deyil. Çünki marıqda yatan düşmənlərimiz dərhal buna qara rəng verəcəklər, onların iddiasına görə bu, mütləq başqa bir dövlətin ərazisinə hərbi təcavüz demək olacaq və bu halda haqsız duruma düşməyimiz qaçılmazdır. Hələ heç bir hərəkət olmadan Ermənistan Azərbaycanı şantaj etməyə cəhd edir ki, guya biz həmin kəndləri geri almaq üçün hərbi əməliyyatlara hazırlaşırıq. Görürsünüzmü necə namərd bir düşmənlə üz-üzəyik?

Hələ Ermənistanın bir toyuq belə hinini zəbt etməmişik, ancaq  buna baxmayaraq ABŞ və Fransa kimi dövlətlər, Avropa İttifaqı, Avropa Şurası və digər beynəlxalq təşkilatlar hər tərəfdən üstümüzə ayaq almağa çalışırlar. Onsuz da onların Ermənistanla birgə olduğunu bilirik. Onlar keçən otuz beş ildə özlərini tanıdıblar. Çalışıblar ki, torpaqlarımızın hesabını soruşmayaq. Ermənistan ərazilərimizi müharibə yolu ilə işğal edəndən sonra Azərbaycana guya məsləhət verərək daim xəbərdarlıq ediblər ki, biz ərazilərimizi güc yolu ilə deyil, danışıqlar vasitəsi ilə geri qaytaraq. Hesab edirdilər ki, bu cür manevrlə vaxtı sonsuza qədər uzadacaq və bizə Qarabağı unutduracaqlar. Bildiyimiz kimi, bu plan alınmadı, Ermənistan və onun himayədarları məğlub oldular. Odur ki,  məkrli düşmənlərə qarşı mübarizədə ehtiyatlı və tədbirli davranmağımız vacibdir.

Vəli İlyasov, "İki sahil"