25 noyabr 2023 03:09
318

Korrupsiyalaşmış, siyasiləşmiş təşkilat, separatizmin dəstəkçisi - UNESCO

Fransa, ABŞ kimi dövlətlərin əllərində vasitə olan, fəaliyyətini Ermənistanın maraqları əsasında formalaşdıran bu qurum xalqların milli maraqları deyil, alacaqları qrantlar düşündürür

Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayan ermənilərin özləri də yaxşı bilirdilər ki, onlar zəbt etdikləri ərazilərdə əbədi sakin ola bilməycəklər. Elə buna görə də xislətlərinə uyğun olaraq ilk gündən dağıdıcılıq missiyalarını həyata keçirdilər. Kəndləri, şəhərləri viran qoydular, təbiətin göz işığı olan yaşıllıqlara qənim kəsildilər, həyat mənbəyi olan su hövzələrini, çayları qurutdular. Tariximizi silmək, milli-mənəvi dəyərlərimizi yox etmək üçün insanın ağlına gəlməyən vəhşiliklər törətdilər. Hərbi cinayətlərdən, tökdükləri qanlardan doymayan erməni silahlıları ekoloji, mədəni terrorları ilə təbiətə ziyan vurdular. Amma torpaqlarımızın işğal altında qaldığı 30 ildə Ermənistanın törətdikləri vandallıqları «görməyən» UNESCO kimi bir çox beynəlxalq təşkilatlar, dövlətlər əksinə, əsassız bəyanatları ilə Azərbaycanı ittiham etdilər. «Bizə qarşı qətnamələr qəbul edən ölkələr baxsınlar, gözlərini açsınlar. Riyakar siyasətçilər açın gözlərinizi, baxın. Sizin parlamentləriniz qətnamələr qəbul edib. Bizim üçün o qətnamələrin heç bir əhəmiyyəti yoxdur, bir kağız parçasıdır. Amma iş ondadır ki, bizə qarşı yenə əsassız ittihamlar irəli sürülür. Fransa parlamentinin deputatları, Belçika, Hollandiya parlamentlərinin deputatları, baxın, sizin sevimli ermənilər nələr ediblər bu torpaqlarda? Açın xəritəyə baxın, ensiklopediyaya baxın, görün Zəngilan rayonu, Qubadlı rayonu hansı ölkənin tərkib hissəsidir. Qətnamələr qəbul edirsiniz. Başınıza dəysin bu qətnamələr. Azərbaycanı ittiham edirlər» sözləri ilə belə qüvvələri tutarlı cavabları ilə susduran Prezident İlham Əliyev ATƏT-in faktaraşdırıcı missiyasını, UNESCO-nun ermənipərəst siyasətlərini sərt tənqid etdi.

Bədnam anti-Azərbaycan fəaliyyətini davam etdirən millətçi və təcavüzkar Ermənistan saxtakarlıqdan çəkinməyərək ölkəmizə qarşı ləyaqətsiz mövqe sərgiləyən UNESCO-nun səlahiyyətlərindən kənar işlərə burnunu soxması, siyasiləşməsi, supergüclərin mənfi münasibətdə olduqları dövlətərə qarşı təxribatlara qoşulmasının məqsədi bəllidir: Fransada yerləşən qurumun maliyyə mənbəyi bu ölkədə hökumətə təsir imkanları çox olan erməni diasporu və imkanlı haylardır. Təşkilatın əsas ideologiyası məntiq yox, millətçilikdir. UNESCO-nun Ümumdünya İrs Komitəsi də ədalətsiz «qiymətləndirmə və seçim» prinsiplərində erməni rəyinə əaslanır.

Qurumun yüzminilliklərin yadigarı, ilk insan məskənlərindən olan Azərbaycanın tarixi əraziləri- Azıx və Tağlar mağaralarının ermənilərə məxsus olduğunu dünyaya sırımağa çalışması UNESCO-nun həyasızlığının, uğursuz missiyasının təzahürü idi. Bu cür ədalətsizlik nümunələri bəşəriyyətin ümumi, ortaq dəyərlərinə xəyanətdir. Halbuki, bəzi erməni alimləri də Azıx və Tağlar düşərgələrində Azərbaycan arxeoloqlarının tədqiqatlarının yüksək peşəkarlıqla aparıldığını qeyd etmiş və qanunsuz qazıntılara qarşı çıxmışdılar. Azərbaycan Xarici İşlər Nazirliyi torpaqlarımızı işğal altında saxladıqları müddətdə Azıx və Tağlar düşərgələrini «erməniləşdirmək»lə saxtarkarlığa yol verən, Azərbaycanın icazəsi olmadan bu ərazilərdə qazıntı işləri aparan hayların əməlləri ilə bağlı bəyanat verdi. Qeyd olundu ki, ermənilərin bu əməlləri respublikamızın qanunvericiliyinin, habelə beynəlxalq hüquq normalarının kobudcasına pozulmasıdır. Çox təəssüf ki, o zaman da ermənipərəst UNESCO-nun etiraz səsi eşidilmədi.

Bir çox ölkələri siyasi güzəştlərə məcbur etmək üçün bu «mədəniyyət» təşkilatından siyasi məqsədlər üçün istifadə hallarından rəsmi İrəvana qarşı heç vaxt istifadə olunmur, saksiyalar tətbiq edilmir. Hayastanın torpaqlarımızı işğalda saxladığı 30 ildə Azərbaycan dəfələrlə UNESCO-ya müraciət edərək işğal altında qalan ərazilərimizdə ermənilərin törətdikləri vəhşilikləri görmələrini, abidələrimizin qorunmasına nəzarət etmələrini təklif edib. Amma erməni diasporunun razılığı olmadığı üçün işğalçının qarşısında « yaşıl işıq» yandırılaraq qarşığılığında xeyli məbləğə sahib olub. Azərbaycanın haqlı tələbi isə cavabsız qalıb. Hayların Azərbaycanın tarixi, dini, mədəni abidələrinin «erməniləşdirmək» əməllərinə belə etinasız qalan UNESCO-nun bu məsələyə münsibət bildirməməsi xalqların milli-mənəvi dəyərlərinin qorunması deyil, separatizmə dəstək idi. Şuşadan oğurladıqları Azərbaycan xalçalarını sərgilərdə özlərinə məxsusluğunu sübut etməyə çalışan ermənilərin bu oğurluğuna da göz yuman qurum susmağa üstünlük verdi. Maddi-mənəvi irsini qorumaq üçün haqq səsini qaldıran Azərbaycana növbəti dəfə ögey münasibət göstərildi. Şuşadan oğurlanıb sərgilərdə göstərlən xalçalardan birinin 350 yaşının olması həqiqəti təsdiqləyir: 350 yaşlı xalça Şuşa şəhərindəndirsə, tam arxayınlıqla demək olar ki, bu qiymətli el sənəti haylara yox, azərbaycanlılara məxsusdur. Belə görünür ki, illərdən bəri daşnakların quraşdırdıqları yalanlara inanan UNESCO-ya görə məsciddə inək, donuz saxlanılması, tövlə kim istifadə olunması ermənilərin «heyvanlara sevgisindən qaynaqlanan» diqqət imiş.
 Bu kimi hallara etinasız qalan UNESCO bilməli idi ki, 65 məscidi bütünlüklə yox edən, bəzilərini yararsız hala salan erməni vandalları Azərbaycana məxsus 927 kitabxananı, 44 məbədi, 473 tarixi abidəni, sarayları və muzeyləri məhv edib, 40 mindən çox muzey eksponatını qanunsuz olaraq talayıb. UNESCO yenə də bu hadisələrə adekvat münasibət bildirməyib. Tolerant ölkə olan, bütün dinlərə məxsus dəyərlərə hörmətlə yanaşan Azərbaycandan fərqli olaraq bayquş xislətini davam etdirən haylar ölkəmizdə yaşayan digər millətlərə məxsus dini abidələri də dağıdıb, erməniləşdirib. Qəbələ rayonunun Nic kəndində yerləşən Müqəddəs Mariya Alban kilsəsinin Heydər Əliyev Fondunun dəstəyi ilə bərpası Azərbaycan multikulturalizminə parlaq nümunədir. Erməni vəhşilərinin dağıtdıqları abidələrin siyahısının qeyd olunduğu «Azərbaycana qarşı müharibə mədəni irsə hücumdur» ” adlı kitaba da adekvat cavab verməyən UNESCO-dan sual olunur: Maraqları olan ölkələrə missiyalar göndərən təşkilat Vətən müharibəsini Qələbə ilə başa vuran Azərbaycana getməyi nə üçün «unudub.»

Milliyyətindən, siyasi mövqeyindən asılı olmayaraq bütün xalqların dini və mədəni abidələrini qorumalı olan UNESCO-nun bəzi siyasi dairələrin əlində alət olması siyasi riyakarlıq, ikili standartların parlaq nümunəsidir. Görünür, İkinci Qarabağ müharibəsini Zəfərlə başa vuran Azərbaycanın Cənubi Qafqazda yaratdığı reallıqları bölgədəki maraqlarının məhvi kimi qəbul edən ABŞ-ın, Fransanın əlində alət olan UNESCO-nun qorxusu yalanları qarşılığında alacaqları qrantlardan məhrum olmasıdır. Azərbaycan xalqı bu cür rəzilliyi, riyakarlığı bağışlamır, etirazını bildirir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) xoşməramlı səfiri kimi fəaliyyətinə xitam verilməsi məqsədilə təşkilatın baş direktoruna yazdığı məktubda da xalqımızın iradəsi əksini tapmışdır.
Məktubda Azərbaycanla UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi, birgə layihələrin əhəmiyyəti və Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinə və tarixi abidələrinə qarşı həyata keçirilmiş siyasət və vandallıq barədə məlumat verən Mehriban xanım Əliyeva Birinci vitse-prezident kimi siyasi proseslərə aktiv cəlb olunduğu və xüsusi rolu nəzərə alınaraq onun UNESCO-nun xoşməramlı səfiri vəzifəsini yerinə yetirməsinin imkan xaricində olduğu vurğulanıb. Bu seçim UNESCO-nun Azərbaycana münasibətdə göstərdiyi ədalətsizliyə diplomatik şillə idi. Bütun dünya ictimaiyyəti də yaxşı bilir ki, UNESCO-nun dəyərlərinin təbliğində xoş məramlı səfir kimi Mehriban xanım Əliyevanın misilsiz xidmətləri olmuşdur. Bir sıra ölkələrdə, habelə Vatikanda mədəni irsin qorunması istiqamətində xanım Mehriban Əliyeva hər zaman dəstək nümayiş etdirib. Fransanın məşhur Luvr muzeyində baş verən yanğından sonra aparılan bərpa işlərinə maddi yardımlarını əsirgəməyən Azərbaycan tolerantlıq nümunəsi göstərdi. Mehriban xanım Əliyevanın ünvanladığı məktubda ölkəmizin bundan sonra da UNESCO-nun təməl prinsiplərinin qoruyub saxlayacağını, təşkilatla əməkdaşlığın inkişafını təşviq edəcəyini diqqətə çatdırılması Azərbaycan qadınına məxsus xoş niyyətdən qaynaqlanan mənəvi dəyərlərə bağlılıq, qətiyyət nümunəsi idi. Lakin UNESCO tərəfindən Azərbaycanın çağırışlarına yetərincə reaksiya verilməməsi yaxşılığın qarşılığında göstərilən xəyanət, ikiüzlülükdür.

UNESCO-nun Azərbaycana qarşı sərgilədiyi ikili standartlara nümunə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbədən sonra işğaldan azad edilən ərazilərdə guya bəzi «erməni» abidələri”nin dağıdılması barədə Ermənistanın əsassız iddialarına dərhal müsbət reaksiya verilməsidir. Təşkilatla Azərbaycanın çox məhsuldar, səmimi münasibətlərin olduğunu dəfələrlə təşkilat rəsmilərinin diqqətinə çatdıran Prezident İlham Əliyev bildirib ki, qurumla əməkdaşlıq etməyə hazırıq: «Ancaq bir şərtlə ki, UNESCO öz beynəlxalq statusunu saxlasın. UNESCO hər hansı ölkənin filialı deyil. Əgər bu yanaşma bizim münasibətlərimizdə üstünlük təşkil edərsə, əməkdaşlıq olacaq. Əgər yox, olmayacaqsa, bu əməkdaşlığa yenidən baxmaq olar. Hər halda bizim niyyətimiz təmizdir. İkili standartlardan, islamofobiyadan, ayrı-seçkilikdən azad olan münasibətlər olmalıdır”.»

Roma Papası Fransiskin, İslam Əməkdaşlıq Təşkilatının rəhbərlərinin Bakıya səfərləri zamanı bəyanatlarını, yəhudi, katolik, pravoslav, müsəlman dini rəhbərlərinin çıxışlarını xatırladan Prezident İlham Əliyevin «Kim bizi ittiham edə bilər ki, Azərbaycanda başqa dinlərin abidələri təhlükə altındadır? Naşı siyasətçilər, populistlər, bizim bölgəmizdən xəbəri olmayan, ancaq erməni lobbisinin sifarişini yerinə yetirən, ya da ona çalışan bəzi dırnaqarası siyasətçilər bizə hansısa irad tuta bilərlər. Bu iradların əsası varmı? Yoxdur. Mənim sözümü sübut edən bizim bax, bir neçə cildlik işlərimizdir. Getsinlər baxsınlar, ermənilər müsəlman abidələrini nə günə qoyublar?! Niyə 30 il ərzində bu məsələ ilə bağlı UNESCO məsələ qaldırmayıb? Biz dəfələrlə müraciət etmişik, dəfələrlə. Bu müraciətlər məktublar formasında sənədləşdirilib. İki il əvvəl UNESCO-nun yeni rəhbərliyinə də belə təklif verildi ki, missiya göndərin. İşğal edilmiş torpaqlara missiya gəlsin, baxsın ki, nə günə qoyublar bizim tarixi abidələrimizi? Nə oldu UNESCO-nun rəhbərliyinin cavabı? Dedilər ki, biz məsələni siyasiləşdirmək istəmirik. Yaxşı, iki il bundan əvvəl məsələni siz siyasiləşdirmək istəmirdiniz, bəs indi niyə siyasiləşdirmək istəyirsiniz? Cavab versinlər, çox sadə bir cavab, məntiqli bir cavab. Cavab yoxdur» sözlərinə qurum rəhbərliyinin ədalətli, həqiqəti əks etdirən cavabını bütün Azərbaycan xalqı gözləyir.

Xuraman İsmayılqızı, «İki sahil»