18 oktyabr 2023 10:53
193

Dünya bu xaos vəziyyətindən necə xilas ola bilər?

Keçmişə qayıdıb nəzər salsaq görərik ki, dünyanın siyasi xəritəsindəki hər dəyişiklik bir hərbi toqquşmanın əsasında yaranıb. Gərəksə l Dünya Müharibəsi, gərəksə də ll Dünya Müharibəsinin həm əvvəlində həm də sonrasında sərhədlər dəyişdi ölkələr parçalandı, xalqlar arasında münaqişə ocaqları yarandı. Amma son 30-40 illik siyasi tarixi nəzərə alsaq belə bir nəticəyə gəlmək olar ki, dünyada elə də böyük bir müharibə olmayıb. Buna baxmayaraq dünyanın siyasi xəritəsi 40 il öncəyə nisbətdə olduqca dəyişib. Yaranan vəziyyət dünya müharibəsini çağırır amma böyük dövlətlər hələ də buna hazır deyil. Bunun əvəzində dövlətlərarası münaqişələr, daha kiçik miqyaslı hərbi əməliyyatlar, terror qruplaşmalarının bir vasitə kimi istifadə edildiyi müharibələr tez-tez ortaya çıxmağa başlayır. Vəziyyətdən çıxış yolu kimi görülsə də bütün bunlar müxtəlif etnik qruplar arasında sönməyəcək münaqişə ocaqlarının ilk qığılcımlarını yaradırdı.

Etnoslararası münaqişələr müxtəlif səbəblərdən yarana bilər. Burada ilk olaraq hər etnik qrupun öz mədəni və genetik kimliyinin olmasını qeyd etməliyik. Məhz bu kimlik müxtəlifliyinə görə xalqlar müstəqil yaşamaq istəyi ilə çıxış edə bilir. Bir digər təzadlı məqam isə "Xalqların öz müqəddəratını təyin etmə" prinsipi ilə "Dövlətlərin ərazi bütövlüyü" prinsipinin bir birinə zidd olmasıdır. Əgər dövlətin ərazi bütövlüyü qorunursa, onda etnik azlıqlar necə öz müqəddəratını təyin edəcək?

I Dünya müharibəsinin nəticəsi olaraq ortaya çıxmış Versal müqaviləsində də yuxarıda söylədiyimiz prinsiplər öz əksini tapdı. Belə ki, Versal müqaviləsinin XVIII maddəsində göstərilirdi ki, “Müstəmləkələrin xalqlarına hərtərəfli kömək göstərilməsi sivilizasiyalı dövlətlərin müqəddəs missiyasıdır və Cəmiyyətin statusu da bunun təmin edilməsini öhdəsinə götürür. çünki müstəmləkə ölkələrinin xalqları hələ elə bir səviyyəyə gəlib çatmamışlar ki, onlar özləri-özlərini idarə etməyi bacarsınlar. Onların idarə edilməsində qəyyumluğu Millətlər Cəmiyyəti öz üzərinə götürməlidir. Bu xalqları idarə etməyin ən yaxşı üsulu Mandatlar sisteminə riayət edilməsidir. Millətlər Cəmiyyəti ayrı-ayrı dövlətlərə bu xalqları idarə etmək üçün mandat verməlidir”.
Bütün bunlarla, ABŞ beynəlxalq münasibətlər sistemində “koloniyalaşmanın qarşısını almaq” və özünün geostrateji maraqlarının təmin olunması üçün xalqların öz müqəddəratını təyinetmə prinsipini əsas gətirməklə, dəhşətli müharibələrə, vətəndaş qarşıdurmalarına səbəb oldu. Bu prosesin axarında onlarla yeni, lakin idarəçilik sükanı Millətlər Liqasının “rəhbərlərinin” əlində olan kiçik dövlətlər yarandı. Bu prinsipin nəzarətsiz şəkildə işə salınması nəticəsində dünyada yenidən xaos yarandı.

Bəs yaranan bu xaos vəziyyətindən necə çıxmaq mümkün olacaq? Söhbət burada daimi sülhdən gedir. Bəlkə də hal hazırda Azərbaycanı maraqlandıran ən mühüm məsələ də məhz daimi sülhdür.  Daimi sülhə nail olmaq xüsusilə də müharibədən yeni çıxan dövlətlərin bunu bacarması olduqca çətin prosesdir. Çünki heç bir tərəf öz perspektiv məqsədlərini heçə saymayacaq.

Professor K.Bouldinq deyir ki: “Əgər soruşsaq ki, daimi sülhün şərtləri nədir, cavab çox sadə olar: qarşılıqlı razılıq olmadan digər bütün hallarda milli sərhədlərin yenidən bölüşdürülməsi haqqında məsələnin gündəlikdən çıxarılması”. Karl Doyç isə əlavə edir ki: “Sərhədlərin dəyişdirilməsi haqqında məsələnin gündəlikdən çıxarılması milli suverenliyi lazımi səviyyədə qoruyub saxlamaqla yanaşı, “təhlükəsiz birlik” yaradır. Deməli, əsas məsələ sərhədlərin dəyişməməsi və dövlətlərin dünya birliyi tərəfindən tanınan sərhədləri daxilində suveren fəaliyyətinin təmin edilməsidir. Bu gün Azərbaycan Respublikası daimi sülhə maraqlıdır, çünki ərazi bütövlüyünü tam mənada bərpa edə bilib və qarşı tərəf də nə zaman ki, mübarizənin artıq faydasız olduğunu dərk edəcək, onda daimi sülhə nail ola biləcəyik.

Ədəbiyyat
1. “Birinci Dünya müharibəsi dövründə beynəlxalq münasibətlər”, Səmayə Mustafayeva, Zərifə Cavadova, səh. 140
2. "Politologiya”, H.Şirəliyev, Ə.Əhmədov, səh. 405

Elməddin Nəzərli,
Nəsib Quliyev

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası,
Siyasi İdarəetmə fakültəsinin tələbələri