09 oktyabr 2024 09:43
106

Güclü iqtisadiyyat müstəqilliyin əsasıdır

Bu gün dünyada bütün qlobal problemləri və eləcə də digər məsələlərin hamısını iqtisadiyyatı güclü olan dövlətlər həll edirlər. "Azərbaycan müasir güclü dövlətə çevrilməlidir. Bunu etmək üçün bizim bütün imkanlarımız var. Həm iqtisadi, həm siyasi imkanlar, həm də insanların intellektual səviyyəsi, dövlət siyasəti, dövlətin iradəsi və açıq-aydın görünən gələcəyin üfüqləri". Bu fikri Prezident İlham Əliyev deyib. Güclü iqtisadiyyat əhalinin rifahı, ölkənin sabitliyi, ordunun gücü, dövlətin təhlükəsizliyidir. İkinci Qarabağ müharibəsində bunun bir daha şahidi olduq. Bu qələbənin təminatı olan güclü iqtisadiyyatın əsası hələ illər əvvəl ulu öndər Heydər Əliyev tərəfindən qoyuldu. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı regionun ən güclü dövləti səviyyəsinə yüksəltdi. Güclü iqtisadiyyat bu gün Azərbaycanın milli maraqlara uyğun siyasət aparmasını təmin edir. Ölkəmiz regionda bütün qlobal əhəmiyyətli nəqliyyat və enerji layihələrinin təşəbbüskarı və iştirakçısıdır. Bu da Azərbaycanın iqtisadi siyasətinin doğru atılan addımlar hesabına inkişafı deməkdir. Qarabağın azad olunması və bərpası işlərinin əsasında da güclü iqtisadi potensial dayanır.

Azərbaycan iqtisadiyyatının hazırkı mənzərəsi bir daha göstərir ki, ölkəmiz təkcə neft gəlirlərindən asılı deyil. Hazırda ölkə iqtisadiyyatının 70%-ə yaxın hissəsi qeyri-neft sektorunun payına düşür. İqtisadi inkişaf siyasi amillərdən bilavasitə asılıdır. Azərbaycanda mövcud siyasi mühit iqtisadi inkişaf üçün müsbət təsirə malikdir. Belə ki, güclü dövlət və güclü siyasi hakimiyyət milli iqtisadiyyatını formalaşdıran bir ölkə üçün böyük əhəmiyyət kəsb edir. Bu sahənin əsas istiqamətlərindən biri qeyri-neft sektorudur. Müasir sənaye müəssisələrinin yaradılması, sənaye parklarının və məhəllələrinin təşkili davam etdirilmiş, texniki avadanlıqlar, metal konstruksiyalar, beton məmulatları zavodları, tekstil fabriki və digər müəssisələr açılmış, bir sıra sənaye obyektləri tikilmişdir. İrimiqyaslı neft və qaz layihələri ilə yanaşı, Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin və Ələt Azad İqtisadi Zonasının açılışı ilə Azərbaycan və Bakı regionun ən böyük ticarət və logistika mərkəzinə, Şimal-Cənub, Şərq-Qərb və Orta Dəhliz nəqliyyat marşrutlarının mərkəzinə çevrilib. Azərbaycanın davamlı inkişafının və iqtisadi dayanıqlılığının təmin olunmasında ölkəmizdə yaradılmış siyasi sabitliklə yanaşı, həyata keçirilən dövlət proqramları da əhəmiyyət kəsb edir. "Güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah" prinsiplərinin vəhdəti bu gün Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edib.

Bütün bunlar bir daha Azərbaycanın güclü iqtisadiyyata malik olduğunu təsdiqləyir, ölkədə iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsindən, həmçinin neft-qaz sektorundan asılılığın azaldılmasından xəbər verir. Çünki iqtisadi müstəqillik siyasi müstəqillik üçün əsasdır. Dövlət başçısı İlham Əliyevin çıxışlarında vurğuladığı kimi, Azərbaycan bu gün inamla inkişaf edən ölkələr sırasında olmaqla, müstəqil, güclü iqtisadiyyata və maliyyə resurslarına malik, özünü təmin edən və mövqeyini müdafiə etməyi bacaran ölkədir.

Fatimə Salmanova,
Bakı şəhəri Xətai rayonu 27 nömrəli tam orta məktəbinin müəllimi