09 oktyabr 2024 08:28
95

Dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük - Azərbaycan-Rusiya münasibətləri

Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında bir daha bildirdi ki, möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri bundan sonra da yüksələn xətlə inkişaf etdiriləcək

Dövlətimizin xarici siyasətində ayrı-ayrı ölkələrlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması və yeni prioritetlər üzrə inkişaf etdirilməsi əsasdır. Azərbaycanın bu istiqamətdə qazandığı uğurlar göz önündədir. Qarşılıqlı səfərlər fonunda bu əlaqələr daha da möhkəmlənir, ona yeni çalarlar əlavə olunur. Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 7-də Rusiya Federasiyasına səfər etdi.

Artıq çoxdan strateji tərəfdaşlıq səviyyəsinə çatmış bu münasibətlər həyatımızın bütün sahələrini əhatə edir. Hər iki tərəf münasibətlərin səviyyəsindən məmnundur. Siyasi, ticari-iqtisadi, humanitar sahələrdə fəal əməkdaşlıq edirlər. Nəqliyyat və energetika sahələrində yaxşı perspektivlər var. Münasibətlərimiz çoxşaxəlidir. Vacib məsələlər - regional, dünya siyasəti, ikitərəfli münasibətlər və regionda təhlükəsizliyin möhkəmləndirilməsi məsələləri üzrə vaxtaşırı məsləhətləşmələrə ehtiyac var.

Qədim dostluq və mehriban qonşuluq ənənələrinə söykənən Rusiya-Azərbaycan münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdədir. Əlaqələrin inkişafı regional sabitliyin və təhlükəsizliyin qorunub saxlanılması, Cənubi Qafqazda sülhün və qarşılıqlı anlaşmanın dəstəklənməsi, xalqlarımızın əsaslı maraqlarının reallaşması üçün xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı İlham Əliyevin sözügedən səfəri çərçivəsində keçirdiyi görüşdə, həmçinin MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışında da iki dost, müttəfiq ölkənin münasibətlərinin günəninə, bugününə və onların əsasında perspektivlərə işıq salındı. Prezident İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti ilə görüşündə «Dərhal qeyd etmək istərdim ki, münasibətlər müsbət inkişaf edir, biz bunu hələ Azərbaycana səfər zamanı bildirmişdik» söyləyən Vladimir Putin əlaqələrin inkişafında əsas amil olan iqtisadi vəziyyətə xüsusi diqqət göstərdi. Əmtəə dövriyyəsi 4 dəfədən çox artıb. 4,3 milyard dollardır. Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarımız dörd milyard dollardan çoxdur: «Energetika sahəsində də, infrastrukturun inkişafı üzrə də çoxlu yaxşı, maraqlı layihələr var. Onların hamısı perspektivlidir, realdır, həm ikitərəfli, həm də çoxtərəfli layihələr aktualdır. Çox şadıq ki, MDB ölkələri başçılarının görüşü platformasında bizim bu gün cari işlər barədə informasiya mübadiləsi aparmaq, ola bilər ki, irəliyə doğru bu hərəkətdə, - bu isə açıq-aşkardır, - hər hansı düzəlişlər etmək imkanımız var.» Cənab İlham Əliyev ikitərəfli əlaqələrimizin gündəliyinin kifayət qədər geniş olduğunu bildirərək onu da əlavə etdi ki, bu gün gündəliyə nəzər salmaq və iki ölkə arasında əldə olunmuş razılaşmaların yerinə yetirilməsi üzrə konkret addımları müəyyənləşdirmək üçün yaxşı fürsətdir.

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 23-24-də Kazanda BRICS xətti ilə BRICS plyus-autriç tədbirlərində gözlədiyini bildirdi və bu əminliyi ifadə etdi ki, orada faydalı görüşlər keçiriləcək, bu təşkilatın iştirakçı ölkələrinin bütün liderləri ilə işləmək mümkün olacaq. Əlbəttə, BRICS-lə əməkdaşlıq etməyə çalışan çox sayda ölkəni dəvət edirik. İyirmi beş həmkar öz iştirakını təsdiq edib. Ona görə də belə platformalarda işləmək hər zaman rahatdır. Bu tədbirin iştirakçılarını maraqlandıran məsələlərin bütöv dairəsi üzrə danışıqlar aparmaq mümkündür. Bu, həm faydalı, həm də maraqlı olacaq. Qeyd edildi ki, Azərbaycan da öz iştirakını təsdiq etmiş həmin 25 ölkə arasındadır.

 Tarixi Zəfərimzdən sonra qarşılıqlı səfərlərə diqqət yetirəndə əsas müzakirə mövzularından birinin məhz şanlı Qələbəmizin yaratdığı reallıqlar diqqətdən kənarda qalmır. Onu da qeyd edək ki, Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixil üçtərəfli Bəyanatın iştirakçılarından biri Rusiya Prezidenti Vladimir Putin oldu. Onun təşəbbüsü və iştirakı ilə dəfələrlə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü olmuşdur. Bu görüşlər Azərbaycanın tarixi Zəfərimizdən sonra regionda dayanıqlı sülhün təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün qarşı tərəfə təklif etdiyi sülh müqaviləsinin imzalanması prosesində müəyyən irəlilləyişlərə yol açdı. 30 illik işğal dövründə keçmiş ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri kimi Rusiyanın mövqeyi Azərbaycan üçün daim maraqlı idi.

 Qeyd etdiyimiz kimi, tarixi Zəfərimiz, suverenliyimizin tam bərpa edilməsi yeni reallıqlara yol açıdı. Bu reallıqlar Azərbaycanın ikitərəfli və beynəlxalq təşkilatlarda əlaqələrinin daha yüksələn xətlə inkişafında əhəmiyyətli rol oynayır. Xarici siyasətində qonşu dövlətlərlə əlaqələrin qurulmasında və yeni istiqamətlər üzrə inkişafında maraqlı olan Azərbaycanın Rusiya ilə münasibətləri möhkəm təmələ əsaslanır. Qarşılıqlı səfərlər ölkələr arasında əlaqələrin inkişafında əhəmiyyətli rol oynamaqla yanaşı, hər bir ölkənin potensial imkanlarının təqdimatına da öz müsbət təsirini göstərir. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əlaqələrini quran Azərbaycan ədalətli mövqeyi ilə beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirir. Rusiya və Azərbaycan dövlət başçıları hər zaman Rusiya-Azərbaycan dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirir və bunun üçün zəruri tədbirlərin görüləcəyini diqqətə çatdırırlar. Hər bir səfərin önəmini nəzərə alsaq, bu ümumiləşdirməni apara bilərik ki, Prezident İlham Əliyevin Rusiyaya səfəri və Prezident Vladimir Putinlə görüşü iki ölkə arasında bütün sahələr üzrə məhsuldar əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edəcək.

Bunun üçün təkcə cari il çərçivəsində qarşılıqlı əlaqələrin say tərkibinə, imzalanan sənədlərə, dövlət başçısı İlham Əliyevin qatıldığı tədbirlərə diqqət yetirmək kifayətdir. Dövlət başçısı İlham Əliyev bu ilin aprel ayında Rusiyada işgüzar səfərdə oldu. Səfər çərçivəsində Prezident İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirildi. Həmin görüşdə Rusiya Prezidenti bildirdi ki, BAM bütöv bir nəslin arzularının və romantik istəklərinin simvoludur. BAM, həmçinin Sovet İttifaqının hər yerindən olan iki milyon gəncin nəhəng əməyinin və cəsarətinin təcəssümüdür. Onlar dünya tarixində tayı-bərabəri olmayan, hər mənada bənzərsiz bir layihə həyata keçirdilər. Bu gün görürük ki, BAM əsasən XXI əsr üçün qlobal logistikanı müəyyən edir: «BAM-ın tikintisinə başlanmasının yarıməsrlik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevi şəxsən təbrik etməkdən çox məmnunam. Onun atası, - bunu bütün BAM inşaatçıları yaxşı bilir, - Heydər Əlirza oğlu BAM-ın tarixində müstəsna, böyük rol oynayıb. Heydər Əlirza oğlu SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində Baykal-Amur Magistralının tikintisinə rəhbərlik edir və bu çətin layihənin həyata keçirilməsi üçün əlindən gələni əsirgəmirdi. Bu işdə ona böyük bilik və təcrübə, idarəçilik istedadı, ən mürəkkəb problemləri həll etmək bacarığı və əlbəttə ki, xüsusi şəxsi keyfiyyətlər, ilk növbədə, çalışdığı insanlara qayğıkeş, hörmətli münasibət kömək etdi və o, bu nəhəng problemləri həll edə bildi.»

 Dövlətimizin başçısı İlham Əliyev möhkəm təmələ söykənən münasibətlərimizdən geniş bəhs edərək bu fikri xüsusi qeyd etdi ki, biz yaxşı bilirik ki, 2000-ci illərin əvvəllərində ölkələrimiz arasındakı dostluq və mehriban qonşuluq münasibətlərinin əsasını məhz Vladimir Putin və Heydər Əliyev qoyublar. Vladimir Putin 2001-ci ildə Azərbaycana səfər etdi və bu, bu gün birlikdə keçdiyimiz böyük yolun başlanğıcı olub. Əlbəttə, Heydər Əliyev amili dövlətlərarası münasibətlərimizdə həmişə mühüm rol oynayıb və oynayacaqdır. Çünki Kremldə işlədiyi illərdə sovet dövlətinin və ona tapşırılan sahənin inkişafına rəvac vermək üçün böyük səylər göstərib. Onlardan biri də nəqliyyat sahəsi idi. Müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. Birgə böyük nəqliyyat layihələri həyata keçiririk. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında fəal iştirak edir, iqtisadi, siyasi, enerji, humanitar və bir çox digər sahələrdə əlaqələrimiz yüksələn xətlə inkişaf edir.

Cari ilin avqust ayında isə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin bu ilin mart ayında Prezident seçildikdən sonra ilk dəfə ölkəmizə dövlət səfəri oldu. Bu səfər də mühüm məqamları ilə diqqətdə olmaqla yanaşı, əlaqələrimizn gələcək inkişafı üçün yol xəritəsinin təqdimatında öz sözünü dedi. Hər bir səfər imzalanan sənədlər, həmçinin müzakirə edilən məsələlər baxımından münasibətlərdə yeni səhifənin açılması ilə tarixə yazılır.

İki dost, müttəfiq ölkənin münasibətlərinin dünəninə qısa nəzər salaq. 1997-ci ildə imzalanan "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə" ikitərəfli münasibətlərin hüquqi bazasını təşkil edən əsas sənəddir. 2002-ci ilin yanvarında Ulu Öndər Heydər Əliyevin Rusiyaya dövlət səfəri zamanı “Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında Birgə Bəyannamə" Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə qaldırdı. Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Rusiya ilə münasibətlərimizin inkişafına xüsusi diqqət göstərir. Ümumilikdə iki ölkənin dövlət başçılarının dostluq münasibətləri ölkələrimiz arasında əlaqələrin daim yuksələn xətlə inkişafına stimul verir.

SSRİ-nin süqutundan sonra Rusiya ilə Azərbaycan arasında münasibətlər heç zaman indiki kimi yüksək səviyyədə olmayıb. 2022-ci il fevralında Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamə dövlətlərarası münasibətlərimizi müttəfiqlik səviyyəsinə qaldırdı.

Dövlət suverenliyini tam bərpa etmiş Azərbaycan regionda əməkdaşlığın və davamlı inkişafın təmin olunması üçün ardıcıl səylərini davam etdirir. Bu prosesdə Rusiya ilə əlaqələrin inkişaf etdirilməsi xüsusi yer tutur. Prezident İlham Əliyevin Rusiyaya səfəri məhz bu baxımdan mühüm əhəmiyyət daşıyır.

Oktyabrın 8-də Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında Prezident İlham Əliyevin iştirakı və çıxışı münasibətlərimizin təqdimatında əhəmiyyətli rol oynadı. Rusiya Federasiyasının Prezidentinin Azərbaycana bu yaxınlardakı dövlət səfərinin Rusiya-Azərbaycan münasibətlərinin müttəfiqlik xarakterini bir daha təsdiq etdiyini önə çəkən cənab İlham Əliyev bildirdi ki, əldə olunmuş razılaşmaların həyata keçirilməsi gələcəkdə münasibətlərimizin ardıcıl inkişafı işinə xidmət edəcək.

Ölkə Prezdienti bu mühüm məqamı xüsusi qeyd etdi ki, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur rayonunun Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib.

Təbii ki, bu mühüm addım tarixi Zəfərimizin reallıqlarının təqdimatında öz sözünü deyəcək. Hazırda nəinki Laçın, işğaldan azad edilmiş bütün ərazilərimiz bərpa-quruculuq dövrünü yaşayır. Cənab İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb.

O da bildirildi ki, növbəti il Azərbaycanda III MDB Oyunları keçiriləcək. Gəncə şəhəri idman paytaxtına çevriləcək. Yarışlar, həmçinin Azərbaycanın 10-dan çox şəhərində keçiriləcək.

Cari ildə dövlət başçısı İlham Əliyevin qarşılıqlı səfərlərdə, iştirak etdiyi beynəlxalq tədbirlərdə diqqət göstərdiyi əsas məsələ Azərbaycanın noyabr ayında mötəbər tədbirə – COP29-a ev sahibliyi olur. Bu tədbir Azərbaycanın beynəlxalq nüfuzunun təqdimatıdır. Hər zaman belə bir əminlik də ifadə edilir ki, Azərbaycan digər beynəlxalq tədbirlər kimi, COP29-un da yüksək səviyyədə təşkilinə nail olacaq. Bu tədbir yeni əməkdaşlıq formatlarının yaradılmasına yol açacaq. Azərbaycan malik olduğu imkanları bu tribunadan dünyaya təqdim edəcək. Dövlət başçısı İlham Əliyev sözügedən çıxışında da bildirdi ki, bir aydan sonra Bakı ən böyük beynəlxalq tədbirə - COP29 iqlim konfransına ev sahibliyi edəcək. Biz 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndiririk.

Diqqət göstərilən məsələlərdən biri də MDB dövlət başçılarının İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi ilə bağlı müraciətinin qəbul edilməsi oldu. Cənab İlham Əliyev qeyd etdi ki, Azərbaycan ümumi Qələbəmizə sanballı töhfə verib. Həmin dövrdə 3 milyon 400 min əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib. Bütün bunlar həmin dövrdə Azərbaycanda istehsal olunub, göstərilən məhsulların o vaxtlar SSRİ-də ümumi istehsalının faizidir. Azərbaycanda 130 növdən çox silah, sursat və texnika, o cümlədən məşhur “Katyuşalar”, “Yak-3” qırıcıları istehsal edilirdi.

Həmin dövrün reallıqları sırasında bu statistik rəqəmlər də diqqət çatdırıldı ki, Bakıda 41 hərbi hospital fəaliyyət göstərirdi, 440 min yaralı müalicə alırdı. 1942-ci ilin martında, həmçinin Taqanroq adı ilə tanınan 416-cı Azərbaycan atıcı diviziyasının döyüşçüləri and içdilər və Şimali Qafqazdan başlayan döyüş yolunu Berlində başa çatdırdılar. 416-cı Azərbaycan atıcı diviziyası 1945-ci il aprelin 21-də birincilər sırasında Berlinin girəcəyinə daxil oldu. Mayın 2-də diviziyanın döyüşçüləri polkovnik Rəşid Məcidovun komandanlığı altında Qələbə Bayrağını Brandenburq darvazası üzərinə sancdılar. Belə bir əminlik də ifadə edildi ki, 9 May ümumi Qələbəmiz MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir. Azərbaycan bu əməkdaşlığa böyük əhəmiyyət verir və bundan sonra da qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcək.

Göründüyü kimi, ikitərəfli əlaqələrin inkişafında maraqlı olan Azərbaycan bütün imkanlardan maksimum istifadə etməyə səy göstərir. Azərbaycan-Rusiya münasibətlərinin gələcək inkişafı üçün möhkəm baza mövcuddur.

Yeganə Əliyeva, «İki sahil»