09 oktyabr 2024 11:05
97

Ermənistan və havadarları 23 saatlıq antiterror tədbirlərindən nəticə çıxarmalıdır

Cəbrayıl rayonu işğaldan azad edildikdən az sonra bu ərazilərə baş çəkən dövlət başçısının tapşırığına uyğun olaraq, fasiləsiz şəkildə bərpa və yenidənqurma işləri başlandı. Ötən 4 ildə Cəbrayıla çoxsaylı səfərlər edən Prezident İlham Əliyev zəruri infrastrukturların, kommunikasiyaların, yol-nəqliyyat, enerji layihələrinin təməllərini qoyub, eyni zamanda, bölgənin reinteqrasiyasında əsaslı rol oynayacaq nəhəng iqtisadi modelin - “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılmasını təmin edib, inşası başa çatan obyektlərin isə açılışını edib.

“Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, Cəbrayıl rayonun Baş planı təsdiqlənib və şəhər və qəsəbələrin, kəndlərin layihələri əsasında təməlləri qoyulub. Oktyabrın 4-də Cəbrayıl Şəhəri Günü münasibətilə ilk yaşayış ünvanının - 7,9 hektarda inşa olunmuş Cəbrayıl yaşayış kompleksinin istifadəyə verilməsi isə rayon sakinləri üçün 4 il əvvəlki Qələbə müjdəsindən sonra ən böyük sevinc və hədiyyə oldu. 27 ildən sonra öz doğma yurdlarına geri dönən 712 cəbrayıllı ilk mərhələdə mənzillə təmin olundular. Bu, Cəbrayıla Cocuq Mərcanlıdan sonra davamlı qayıdışın ilk addımı olmaqla, daha böyük və əbədi köçün anonsudur. Cəbrayılda genişmiqyaslı abadlıq-quruculuq işləri dava etdirilir və yaxın illərdə bütün sakinlər öz evlərinə dönəcək.

Cənab İlham Əliyev açılış mərasimində çıxışı zamanı bir sıra xüsusi əhəmiyyət daşıyan məqamlara toxundu, ölkəmizin inkişafı, xarici əlaqələrinin artması və uğurları və digər fundamental məsələlərdən bəhs etdi. Səsləndirilən mesajlarda Qərbin, ələlxüsus da ABŞ-ın ölkəmizə qarşı 30 il əvvəl olduğu kimi, yenə də davam edən qərəzli və əsassız münasibəti haqda fikirləri xüsusi diqqət çəkdi. ABŞ Dövlət Departamentinin təşkilatçılığı ilə ölkəmizə qarşı irqi ayrı-seçkiliyi ehtiva edən, böhtanla dolu, dialoq ruhuna zidd olan, müharibə cinayətkarlarının azadlığa buraxılmasına və Ermənistanın hərbiləşdirilməsinə çağırış edən müraciətin qəbuledilməz və beynəlxalq hüququn əleyhinə olduğunu bildirdi.

Dövlət başçısı çıxışında bildirdi ki, ABŞ Konqresinin 60 üzvü tərəfindən Azərbaycanı sanksiya ilə hədələmək məqsədilə hazırlanan müraciət riyakarlıq nümunəsidir. Amerikanın ən mühüm dövlət təsisatının üzvləri Vaşinqtonun insanlıq əleyhinə hərəkətlərini, İraq, Əfqanıstan və dünyanın digər müxtəlif bölgələrində törətdiyi müharibələr nəticəsində milyonlarla dinc insanın həlak olmasına səbəb olduğunu, insanları işgəncəyə məruz qoyduğunu nədənsə unudur.

Amerikanın bu cinayətləri sanki Ermənistanın Azərbaycana qarşı törətdiyi soyqırımı ilə eyniyyət təşkil edir və ABŞ Konqresində hazırlanan sənədlərin ruhunda da eyni oxşarlıqlar var. Çünki Konqresdə Cənubi Qafqazda sülhün deyil, gərginliyin davam etməsində maraqlı olan qüvvələr beynəlxalq hüquqa zidd olaraq işğalçı Ermənistanın separatizmini dəstəkləyən mövqe sərgiləyirlər. Çox təəssüf ki, Konqresin bu açıq ermənipərəst və Azərbaycana qarşı nifrət təşviq edən mövqeyi Dövlət Departamenti səviyyəsində dəstəklənir. Məlum müraciətin üslubu və məzmunu da ABŞ Dövlət Departamentində tərtib edildiyinə işarə edir.

Ən böyük təəssüf doğuran məqam isə daim Azərbaycanın dövlət başçısına sülh və qarşılıqlı etimad yaradılması üçün müraciət edən ABŞ Dövlət katibi Entoni Blinkenin ermənipərəst mövqeyidir. Blinken öz ritorikası ilə ermənilərin haqlarını qoruduğunu, təəssübkeşlik etdiyini büruzə verir. Ancaq belə bir münasibət Azərbaycana qarşı heç vaxt göstərilmədi. Ötən 30 ildə erməni faşizmi Azərbaycan ərazilərini işğalda saxladığı dövrdə şəhər və qəsəbələrimizi, kəndlərimizi darmadağın edərək talayanda, maddi-mənəvi sərvətlərimizi oğurlayanda, tarixi irsimizi məhv edərək vandallıq aktları törədəndə Amerika və Qərb ölkələri bu acı gerçəkliyi görməzdən gəldi, Ermənistanın insanlıq əleyhinə cinayətlərinə göz yumdu.

Azərbaycan dövləti erməni terrorizminin kökünü kəsdikdən və regionda sabitlik yaratdıqdan sonra beynəlxalq birliyi erməni vandalizminin vəhşiliyinə məruz qalmış cinayətləri, maddi-mənəvi sərvətlərimizin talan olunması reallıqları yerindəcə görmək üçün dəfələrlə azad ərazilərimizə dəvət edib, ancaq bu müraciətlərə adekvat cavab verilməyib. Çünki, bölgəyə gəldikləri zaman Ermənistanın insanlıq əleyhinə cinayətlərini, tarixi irsə qarşı soyqırımını gözləri ilə görəcəklər.

Vaşinqtonun siyasətində diqqət çəkən əsas məqamlardan biri “COP29” fürsətçilliyi ilə bağlıdır. ABŞ Azərbaycana qarşı bu qərəzli davranışlarını COP29-la bağlayaraq demokratiya və insan haqları kimi fundamental dəyərləri şantaj və siyasi alət kimi istifadəyə etməyə çalışır.

2023-cü ilin noyabr ayında Konqresdə Azərbaycanın öz suverenliyinin bərpasından narahat olan konqresmenlər “dinləmələr” təşkil edərək Dövlət Departamentinin rəsmi şəxsləri ilə birlikdə ölkəmizə qarşı bu əsassız iddiaları səsləndirirdilər. Bu iddiaların davamı olaraq 2024-cü ilin iyul ayında Nümayəndələr Palatasının üzvləri ikipartiyalı qətnamə layihəsini təqdim ediblər. Həmçinin, bir müddət öncə konqresmen Adam Şif və 47 tərəfdarı Dövlət katibi Entoni Blinkenə məktub yazaraq “Qarabağda kökü kəsilməkdə olan erməni irsi” barədə “narahatlıqlarını” bölüşüblər. Yəni bütün bunlar məqsədli şəkildə ABŞ Dövlət Departamenti tərəfindən hələ ötən ilin sonlarından təşkil edilib və bu, bir daha COP29-dan şantaj kimi istifadə olunduğunu təsdiqləyir.

Digər tərəfdən, insan haqları, ətraf mühit, sağlam həyatla bağlı normaları ən çox pozan, total ekoloji soyqırımı törədən ölkələrdən biri elə ABŞ-dir. Hazırda insanların sağlam ekoloji yaşamaq haqlarına zərər verən 10-luq ölkələri sırasında ilk yerlərdə ABŞ və Fransa dayanır, onlarla birlikdə 10 ölkənin qlobal karbon-dioksid emissiyasında payı 67 faizdir. Azərbaycanın isə dünya üzrə karbon emissiyasının payı cəmi 0,13 faizdir. Bu baxımdan COP-dan demokratiya, insan haqları və digər məqsədlər kimi istifadə edənlər, ələlxüsus da ABŞ-ın bu məsələdə də saxtakarlığı və riyakarlığı da aydın sezilir.

Beynəlxalq hüququn işləmədiyi, dünyada ayrı-seçkiliyin dərinləşdiyi müasir geosiyasi mühitdə Amerikanın bu riyakarlığı anlaşılandır. Azərbaycan regionun əbədi təhlükəsizliyi və sabitliyi üçün dayanıqlı sülhü təmin edən sazişin imzalanmasını tələb edir, Ermənistanın Qərb masasında hazırlanmış yarımçıq sülh və ya sülh naminə sülh sazişi imzalamaq istəmir. Ölkəmizin yürütdüyü müstəqil siyasət, qəbul etdiyi prinsipial qərarlar dövlətimizin milli mənafeyinə, müstəqil dövlətçilik arxitekturasına söykənir.

Məhz bu geridönməz və iradəli diplomatiya, əzmkar dövlət nümunəsi Qərbi qıcıqlandırır, onların korporativ maraqlarına cavab vermədiyindən müxtəlif bəhanələr, siyasi alətlər meydana atılır. Əlverişli sülh mühitinə və münbit sağlam şəraitini irəli aparmaq əvəzinə, kövrək sülhü pozmağa yönəlik, Azərbaycan və Ermənistan arasında müharibənin alovlandırılmasına cəhdlər göstərilir.

ABŞ-ın ölkəmizə qarşı bu siyasəti əlbəttə, Azərbaycanın iradəsinə heç vaxt təsir göstərə bilməz, Prezident İlham Əliyevin bəyan etdiyi kimi, bizə qarşı əsassız, ikili standartlar əsasında qurulmuş ittihamlar davam edir. Ancaq bu, nə bizim iradəmizə, nə xalqımızın iradəsinə heç cür təsir edə bilməz. Ermənistan və arxasında dayanan ölkələr İkinci Qarabağ müharibəsini unutmamalıdırlar, Azərbaycan dövlətinin, Ordusunun 44 günlük uğurlarından, 23 saatlıq antiterror əməliyyatlarından nəticə çıxartmalıdırlar. 

Ramid Namazov,
​Milli Məclisin deputatı