09 oktyabr 2024 02:57
95

Makronun COP29-a kölgə salmaq cəhdidə fiaskoya uğrayacaq

Azərbaycan indiyədək bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edib. Təbii ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Hətta Birinci Avropa Oyunlarını xatırlasaq, o vaxt Azərbaycana 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdi. Noyabrın 11-dən 22-dək davam edəcək COP29 zamanı isə təqribən 70-80 min xarici qonaq ölkəmizə gələcək. Onların arasında ölkə rəhbərləri də olacaq, siyasi xadimlər də, həmçinin bu və ya digər sahələrdə çalışanlar da.

Hazırda Bakı bu tədbirə günün tələbləri səviyyəsində hazırlaşır. Hətta Azərbaycan bu böyük tədbirin daha uğurlu olması məqsədilə xarici ölkələrdə də müxtəlif mövzularda görüşlər keçirir. Bu mənada rəsmi Bakının üzərinə düşən öhdəliyi layiqli səviyyədə yerinə yetirəcəyinə heç bir şübhə ola bilməz. Şübhəsiz, dünyanın nüfuzlu siyasi xadimlərinin iştirakı ilə keçirilən bu tədbirlər çərçivəsində Cənubi Qafqazda yeni reallıqlar yaratmış ölkəmiz həm də öz imkanlarını, siyasətini, iqtisadiyyatını, mədəniyyətini də dünyaya təqdim edir. Bütün bunlar bir daha göstərir ki, ölkəmiz dünyada qlobal müzakirələrin aparıldığı mərkəz statusunu qoruyub saxlamaqdadır.

Amma COP29 yaxınlaşdıqca Cənubi Qafqazda Ermənistanın əli ilə möhkəmlənməyə çalışan, təcavüzkarı durmadan silahlandıran, ölkəmizi yarımçıq sülh müqaviləsini imzatmağa cəhdlər göstərən Qərb, o cümlədən ABŞ ölkəmizə qarşı qarayaxma kampaniyalarını genişləndirib. Hətta demək olar ki, son həftələr bu kampaniyaların sayı-hesabı yoxdur. Bəli, Azərbaycanda söz, mətbuat azadlığının məhdudlaşdırıldığını, siyasi məhbuslar olduğunu, insanların siyasi baxışlarına görə təqib edildiyini iddia edən bu qüvvələr üstəlik utanıb-qızarmadan rəsmi Bakını öz ərazisində separatizmə son qoymaq üçün həyata keçirdiyi əməliyyatı “hərbi təcavüz” kimi dəyərləndiməkdə, ölkəmizi “etnik təmizləmə”də ittiham etməkdədirlər. Şübhəsiz, bununla da onlar ölkəmizdə keçiriləcək COP29-a kölgə salmağa, həmçinin Azərbaycanın dünyəvi imicinə zərbə vurmağa çalışırlar.

İndi də COP29-un guya səmərəli keçməyəcəyini söyləyən Makron yeni üsula əl atıb. Belə ki, o, COP29-un fəal üzvlərinə təsir etməklə onları belə bir mötəbər tədbirdən yayındırmağa cəhdlər göstərir. Amma onun bu səyləri də baş tutmur. Belə ki, Fransa Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla çoxtərəfli təsisatlarda ölkəmizlə səmərəli əməkdaşlıq edən Nigeriyanın nümayəndə heyətini Bakıya gəlməkdən çəkinməyə səsləyib. Lakin sözügedən ölkənin Prezidenti Asivaju Bola Ahmed Tinubu ermənipərəst Makronun hədə və tələblərinə baxmayaraq tədbirdə iştirak edəcəyini birmənalı şəkildə bildirib. Bununla da o, Azərbaycanla səmərəli əməkdaşlığa sadiq olduğunu bir daha ortaya qoyub. Bu isə o deməkdir ki, demokratiyaya can atan ölkələr Azərbaycanın haqq yolunda olduğunu yaxşı dərk edir və yeri gələndə onu dəstəkləyirlər. Şübhəsiz, bunu Yelisey Sarayının növbəti fiaskosu adlandırmaq olar.

Yeri gəlmişkən qeyd edək ki, bu günlərdə Bakıda olan Nigeriya Prezidentinin sabiq sözçüsü, ölkəsinin “The People’s Daily” qəzetinin direktoru Qarba Şehu Bakının COP29 konfransına hazırlıq işlərini yüksək dəyərləndirib. O, həmçinin vurğulayıb ki, Bakıda gördüklərimdən bir şey aydın olur ki, Azərbaycan xalqının və hökumətinin ətraf mühitlə bağlı anlayışı təkcə COP29 konfransına ev sahibliyi etməkdən qaynaqlanmır: “Azərbaycan uzun illərdir ki, ətraf mühitə investisiya yatırır, bu, məlum bir faktdır. Bakının parkları, şəhərdə gördüyüm yaşıllıqlar bunun bariz nümunəsidir”.

Yeri gəlmişkən, Qərb, o cümlədən Fransa 2015-ci ildə Azərbaycanda keçirilən Birinci Avropa Oyunları, 2017-ci ildə Bakının ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunları, həmçinin Formula 1 yarışları, “Eurovision-2012” musiqi yarışması kimi mühüm tədbirlər ərəfəsində də oxşar cəhdlər etmişdi. Amma rəsmi Bakı həmin tədbirləri yüksək səviyyədə keçirmişdi. Bu da həmin ssenarinin növbəti serialıdır. Şübhəsiz, COP29 beynəlxalq konfransını da rəsmi Bakı yüksək səviyyədə keçirəcək, bu da, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Bununla da Azərbaycan makronlara bir daha öz yerlərini göstərəcək.

Qvami Məhəbbətoğlu, “İki sahil”