18 oktyabr 2023 12:43
10499

Azərbaycan beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi üçün çox önəmli ölkəyə çevrilib

Azərbaycan Respublikası tərəfindən bütün MDB ölkələri (Ermənistandan başqa) ilə azad ticarət rejimi yaradılmış, sərbəst sərmayə üçün hüquqi baza tərtib olunmuşdur. Azərbaycan barədə müvafiq məlumatlar mütəmadi olaraq “MDB iştirakçı dövlətlərinin işgüzar mühiti, investorlara verilən imtiyazlar, azad iqtisadi zonalar, sənaye və elmi-texniki parklar haqqında İcmal”a daxil edilir. Ölkənin ticarət siyasəti barədə icmalları mütəmadi olaraq hazırlanır, son icmal 2020-ci ildə hazırlanaraq MDB-nin rəsmi internet səhifəsində yerləşdirilmişdir. Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın vəziyyətinə dair icmal 2019-cu ilin aprel ayında İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanaraq MDB İcraiyyə Komitəsinə göndərilmişdir.

 Müstəqil Dövlətlər Birliyi 8 dekabr 1991-ci ildə Minsk şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyinin yaradılmasına dair Saziş” əsasında təsis edilmişdir. 24 sentyabr 1993-cü il tarixində MDB dövlət başçıları Şurasının iclasında Azərbaycan Respublikasının MDB-yə daxil olmasına dair qərar qəbul olunmuşdur. MDB çərçivəsində əsasən 9 əməkdaşlıq istiqaməti mövcuddur və təşkilatın ümdə məqsədi iqtisadi, hərbi-siyasi və humanitar sahələrdə çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsindən ibarətdir. Hal-hazırda MDB-də 8-i nizamnamə, 69-u sahəvi əməkdaşlıq orqanları və 15-i digər qurumlar olmaqla, ümumilikdə 90-dan çox orqan fəaliyyət göstərir.

Azərbaycan Respublikası MDB iştirakçı-dövlətləri ilə əməkdaşlığın ikitərəfli əsasda davam etdirilməsinə üstünlük verir. Bununla yanaşı, Azərbaycan Respublikası MDB çərçivəsində siyasi, iqtisadi və humanitar sahələrdə ölkəmiz üçün maraq kəsb edən məsələlər üzrə əməkdaşlığın davam etdirilərək, bu təşkilatın iştirakçı-dövlətlər arasında dialoq müstəvisi kimi saxlanılmasında maraqlıdır. MDB-nin gələcək inkişaf Konsepsiyasına dair dövlət başçıları Şurasının 5 oktyabr 2007-ci il tarixli qərarı ölkəmiz tərəfindən xüsusi rəylə imzalanmış və həmin xüsusi rəydə Azərbaycan Respublikasının MDB çərçivəsində fəaliyyətinin əsas prinsipləri öz əksini tapmışdır. MDB Dövlət Başçıları Şurasının 2011-ci il oktyabrın 18-də Sankt-Peterburqda keçirilən iclasında MDB azad ticarət zonası ilə bağlı müqavilə imzalansa da, Azərbaycan bu müqaviləni imzalamamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2015-ci il oktyabrın 16-da MDB Dövlət Başçıları Şurasının iclasında iştirak və çıxış etmişdir. O, çıxışında Azərbaycanın Şimal–Cənub və Şərq–Qərb dəhlizlərinin bir parçası kimi oynadığı əhəmiyyətli rola toxunmuş, digər MDB dövlətlərini layihələrə qoşulmağa dəvət etmişdir.

MDB ilə bağlı gözləntilərin tam reallaşmamasına baxmayaraq, yenə də Azərbaycan MDB çərçivəsində fəallığını davam etdirməyi məqsədəuyğun hesab edir. Azərbaycanın bu quruma daxil olması bütün məqsədlərə çatmağa gətirib çıxarmasa da, Ermənistanın müəyyən planlarının qarşısını almaq baxımından əhəmiyyətli olmuşdur. Çünki Azərbaycanın razılığı olmadan MDB heç bir ciddi sənəd qəbul edə bilməmişdir. Azərbaycan MDB-nin bir çox sənədlərinə Ermənistan amilini nəzərə alaraq arasında mövcud olmuş münaqişəyə görə veto qoya bilmişdir. Xüsusilə təhlükəsizlik sisteminin yaradılması məsələsində ölkəmizin müstəqil mövqe nümayiş etdirməsi ermənilərin qərəzli siyasi niyyətlərini cilovlamağa imkan vermişdir. Azərbaycan MDB çərçivəsində inteqrasiyanın respublikaların müstəqilliyini məhdudlaşdıra biləcək şəkildə getməsinə mane olmuş, mane ola bilmədiyi proseslərdən isə özünü kənarda saxlamağı bacarmışdır. 14 oktyabr 2022-ci il tarixində Prezident İlham Əliyev Astanada keçirilən Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında iştirak edib. Dövlət Başçıları Şurasının iclasında birlik ölkələrinin təhlükəsizliyinin təmin edilməsi sahəsində bir sıra qərarlar qəbul edilib. Dövlət başçıları korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.

Bu sənədə əsasən, MDB ölkələri korrupsiya ilə bağlı hüquqpozuntuları zamanı bir-birinə hüquqi yardım göstərəcək, operativ məlumatların, normativ sənədlərin mübadiləsini həyata keçirəcək, müvafiq proqramlar hazırlayacaq, kadrların hazırlanması və ixtisasının artırılmasını həyata keçirəcək. MDB Dövlət Başçıları Şurası həmçinin 2023-2025-ci illər üçün Terrorizm və Ekstremizmlə Mübarizə üzrə Əməkdaşlıq Proqramını təsdiqləyib.

Xarici siyasətində bərabərhüquqlu, qarşılıqlı hörmət və maraq prinsiplərini ön planda saxlayan Azərbaycanın ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri yüksələn xətlə inkişaf edir. Tarixi Zəfərimizdən sonra bu əməkdaşlığın daha da möhkəmlənərək yeni prioritetlər üzrə inkişaf etdiyi diqqətdən kənarda qalmır. Dövlətimizin başçısının son illər müxtəlif beynəlxalq tədbirlərə, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitinə, Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə toplantısının plenar iclasına, “Avropa siyasi birliyi” Zirvə toplantısına xüsusi qonaq qismində dəvət olunması Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisidir. Sentyabrın 14-də Prezident İlham Əliyev Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə də fəxri qonaq qismində iştirak etdi. Dövlətimizin başçısı tədbirdəki çıxışında bu mühüm məqamı xüsusi qeyd etdi ki, Məşvərət Şurasının işində ilk dəfədir iştirak edir və regional əməkdaşlığın bu formatının ölkələrimizin, xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradacağına əmindir. Prezident İlham Əliyev bu xatırlatmanı da etməklə Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əlaqələrin hazırkı inkişaf səviyyəsinə aydınlıq gətirdi. Belə ki, son 2 ildə Mərkəzi Asiya dövlətlərinə doqquz səfər etdiyini bildirən Prezident İlham Əliyev bu müddət ərzində bütün qardaş dövlətlərin başçılarınin da ölkəmizə dəfələrlə səfər etdiklərini vurğuladı. Dedi ki, ilin sonuna qədər qarşılıqlı səfərlərin fəal dinamikası davam etdiriləcək. Prezident İlham Əliyev bu il ikinci dəfə Tacikistana səfər edir. Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Dövlətimizin başçısı İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirakı Azərbaycanın, həmçinin ölkə Prezidentinin nüfuzunun göstəricisidir. Ölkəmizin ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti beynəlxalq səviyyədə təqdir edilir və əməkdaşlığın inkişafında stimulverici amildir. Mərkəzi Asiya dövlətləri Azərbaycanla əməkdaşlıqda maraqlıdır və bu özünün aydın ifadəsini qarşılıqlı səfərlərdə tapır. Sözügedən tədbirdə bu əlaqələrin əhatə etdiyi sahələr, eyni zamanda, yeni istiqamətlər diqqətə çatdırıldı.

“Qarşılıqlı etimada əsaslanan əməkdaşlıq uğurla inkişaf edir. Prezident İlham Əliyevin cari ilin ötən dövründə Tacikistana iki səfəri həm bu əlaqələrin, həm də xalqlarımızın çoxəsrlik qarşılıqlı ünsiyyət tellərinin məntiqi davamıdır. Azərbaycan və Tacikistan prezidentlərinin təkbətək görüşündə, həmçinin dövlətimizin başçısının Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə çıxışı zamanı səsləndirdiyi fikirlər ölkələrimiz arasında münasibətlərin inkişafına böyük nikbinliklə baxmağa əsas verir. İki ölkə arasında bu günədək imzalanan onlarla sənəd əlaqələrin müxtəlif istiqamətlər üzrə inkişafında möhkəm hüquqi bazadır. “2025-ci ilədək Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Tədbirlər Planı” iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı üçün geniş imkanların mövcudluğunu təsdiqləyir. Dövlətimizin başçısı sözügedən tədbirdəki çıxışında da bu məqamı xüsusi vurğuladı ki, ikitərəfli əməkdaşlığın mühüm meyarlarından biri qarşılıqlı ticarətin və sərmayələrin artımıdır. Həmin iki istiqamət üzrə göstəricilərin davamlı artıma malik olması sevindiricidir. Keçən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb”.Ölkəmizin Mərkəzi Asiya ilə əlaqələrində Türk dünyası ilə münasibətlər də xüsusi önəm daşıyır. Bu gün dünya Azərbaycan-Türkiyə münasibətlərinin timsalında Türk dünyasının birliyini, həmrəyliyini görür. Respublikamızda etibarlı, sürətli və təhlükəsiz nəqliyyat sisteminin yaradılması və ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi məqsədilə infrastrukturun yenilənməsi, multi-modal logistika sistemlərinin təkmilləşdirilməsinə böyük önəm verilir.

Azərbaycanın Qafqaz regionundan keçən Avrasiya nəqliyyat bağlantılarının inkişafı üzrə bir sıra layihələrin təşəbbüskarı və fəal iştirakçısı olduğunu qeyd edib. “Bu baxımdan, 2017-ci ilin oktyabrında istismara verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti bölgə üçün strateji əhəmiyyət kəsb edir. Yeni dəmir yolu xətti Avropa və Asiyanın dəmir yolu şəbəkələrinin region üzərindən ən qısa birləşməsini təmin edir. Bakı-Tbilisi-Qars, Çin də daxil olmaqla Uzaq Şərqdən Avropa istiqamətinə və geriyə daha etibarlı, səmərəli və təhlükəsiz daşımaların həyata keçirilməsinə töhfə verəcəkdir”. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əhəmiyyəti bu limanın Xəzər dənizi hövzəsində ən böyük liman kompleksi olduğudur. Yeni limanın bölgədə ən əhəmiyyətli tranzit nöqtəsi olaraq Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri vasitəsilə yük və sərnişin daşımalarının həyata keçirilməsində əsas rol oynayacağını diqqətə çatdırılıb. Avropa İttifaqı ilə nəqliyyat sahəsində əməkdaşlığın ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir: “Mühüm layihələrin həyata keçirilməsi və ölkənin tranzit potensialının artırılması məqsədilə beynəlxalq əməkdaşlığın genişləndirilməsini prioritet hesab edilir. Bu baxımdan nəqliyyat şəbəkələrinin genişləndirilməsi, qarşılıqlı maraq kəsb edən layihələrin maliyyələşdirilməsi və nəqliyyatda təhlükəsizlik sahəsində ölkəmizlə əməkdaşlığın inkişafına dair Avropa İttifaqının fəaliyyəti qarşılıqlı maraqlarımıza uyğundur.

“Dövlətimizin başçısının 2018-ci ildə Bakı şəhərinin azad olunmasının 100 illiyinə həsr edilmiş hərbi paradda səsləndirdiyi “Bu gün, sözün əsl mənasında, tarixi bir gündür, Türkiyə-Azərbaycan birliyi, Türkiyə-Azərbaycan qardaşlığı günüdür. Biz bu nəslin nümayəndələri bu günü yaşadırıq, yaşadacağıq. Bu gün bütün dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir, bütün dünya görür ki, bizim sarsılmaz dostluğumuz, qardaşlığımız əbədidir” fikirləri iki qardaş ölkənin istər sevincli, istərsə də kədərli anlarda biri-birinin yanında olduğunu, dəstək verdiyini nümayiş etdirdi. 44 günlük İkinci Qarabağ müharibəsi bu birliyin sarsılmazlığının bir daha təsdiqi oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk andan dünyaya “Azərbaycan tək deyil” mesajını ünvanladı. Tarixi Zəfərimizin hər bir anını iki dost ölkə bir yerdə qeyd edir. Azərbaycan və Türkiyə bu qardaşlığı, dostluğu və müttəfiqliyi Şuşa Bəyannaməsini imzalayıb rəsmi şəkildə təsdiqləməklə münasibətlərin gələcək inkişafının aydın mənzərəsini təqdim etdilər”.

Bu tədbirlərin həyata keçirilməsi Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında yük və sərnişinlərin maneəsiz, sürətli və təhlükəsiz daşınması, eləcə də tammiqyaslı iqtisadi əməkdaşlıq və ticarətin inkişafı üçün şərait yaradacaqdır. Humanitar məsələlərin müzakirəsi çox önəmlidir: "Çünki biz müasir dünyada bu sahədə həm nailiyyətləri, həm də problemləri görürük. Azərbaycan bu sahəyə çox böyük önəm verən ölkələrdən biridir. Ölkəmizdə humanitar əməkdaşlığa dair bir çox mötəbər beynəlxalq tədbirlər keçirilmişdir. Onların arasında BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunu xüsusilə qeyd etmək istərdim. Bu, çox önəmli beynəlxalq tədbirdir. Eyni zamanda, Bakıda dünya dinləri liderlərinin Zirvə görüşü keçirilmişdir. Dörd dəfə Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Altıncı dəfə Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi onu göstərir ki, doğrudan da Azərbaycan beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi üçün çox önəmli ölkəyə çevrilmişdir". Azərbaycan həm İslam Əməkdaşlıq Təşkilatına, həm Avropa Şurasına üzv dövlətdir. Əlbəttə ki, biz bu imkanlardan istifadə edib çalışırdıq və çalışırıq ki, sivilizasiyalararası dialoqa öz töhfəmizi verək.  “Bakı Prosesi” artıq beynəlxalq müstəvidə çox önəmli bir təşəbbüs kimi qiymətləndirilir. Bu təşəbbüs nəticəsində müxtəlif görüşlər, tədbirlər keçirilmişdir ki, bütün bunların bir məqsədi var - sivilizasiyalarası, dinlərarası dialoq dərinləşsin, güclənsin, dünyada risklər azalsın, ayrı-seçkilik, ksenofobiya hallarına düzgün qiymət verilsin və bu təhlükəli meyillərin qarşısı alınsın. Eyni zamanda, Azərbaycanda keçirilmiş mötəbər idman yarışları da idman yarışları olsalar da, eyni zamanda, humanitar əməkdaşlığın dərinləşməsinə xidmət göstərir. 

Orxan İsmayılov,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının fəalı