12 avqust 2023 09:45
416

Belçika millisinin daha bir ulduzu Azərbaycanla oyunu buraxacaq

Belçika yığmasının daha bir ulduzu sentyabrda Azərbaycan millisinə qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyununu buraxacaq.

“İki sahil” "hln.be" saytına istinadən xəbər verir ki, İngiltərənin "Mançester Siti" klubunda çıxış edən Kevin De Bröyne zədə səbəbindən Bakıdakı matçda oynamayacaq.

32 yaşlı pleymeyker səfərdə "Bernli"ni 4:0 hesabı ilə darmadağın etdikləri Premyer Liqanın yeni mövsümünün açılış qarşılaşmasında dizindən zədə alıb. Təcrübəli oyunçu 23-cü dəqiqədə Mateo Kovaçiçlə əvəzlənib.

Qeyd edək ki, daha əvvəl Belçika yığmasının əsas qapıçısı Tibo Kurtua İspaniya "Real"ının məşqi zamanı sıradan çıxıb. Qolkiperin əməliyyat olunacağı və ən azı 6 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Sentyabrın 9-da keçiriləcək Azərbaycan - Belçika oyunu saat 17:00-da başlayacaq.