06 avqust 2026 16:36
171

Mətbuat dövrün çağırışlarına uyğun olaraq təkmilləşir, yeniləşir, təməl prinsipləri dəyişməz qalır - TƏHLİL

Azərbaycan mətbuatı üzərində senzuranın ləğvindən 28 il keçir

Ulu Öndər Heydər Əliyevin 1998-ci il avqustun 6-da imzaladığı “Azərbaycanda söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanına əsasən Azərbaycan mətbuatı üzərində senzuranın ləğvindən 28 il keçir. 28 ildə mətbuatın keçdiyi inkişaf yolunu bir yazıda əhatə etmək mümkün deyil. Hər dövrün öz tələbi, çağırışı olduğunu nəzərə alsaq cəmiyyətin güzgüsü missiyasını yerinə yetirən mətbuatın ötən dövr ərzində zəngin inkişaf yolu keçdiyini böyük əminliklə qeyd edə bilərik. Reallıq budur ki, senzuranın ləğvindən sonra Azərbaycan mətbuatı mühüm inkişaf mərhələsinə qədəm qoydu, söz və mətbuat azadlığı demokratik cəmiyyətin əsas dəyərlərindən biri kimi inkişaf etdi.

Ulu Öndər Heydər Əliyev demokratik cəmiyyətin varlığını təsiqləyən bütün atributların ölkəmizdə bərqərar olması üçün bütün zəruri addımların atılmasını təmin etdi. Bu çağırış edildi ki, demokratik islahatlar dünənimizin, bu günümüzün və gələcəyimizin əsasıdır. Bu fikirlərin davamı olaraq isə Prezident İlham Əliyev bildirir ki, hüquqi dövləti mətbuatsız təsəvvür etmək mümkün deyil. Həmçinin  mətbuat hər bir ölkənin inkişaf səviyyəsini göstərir.

Zəngin tarixi və mütərəqqi ənənələrə malik Azərbaycan mətbuatı bu gün hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda demokratiyanın mühüm vasitəsi kimi çıxış edir. Cəmiyyətdə şəffaflığın təmin edilməsində, aktual ictimai problemlərin ümumxalq müzakirəsinə çıxarılmasında, sosial ədalət prinsipinin müdafiəsində mətbuatın xüsusi rolu vardır. Senzuranın ləğvindən sonra kütləvi informasiya vasitələrinin üzərindən əlavə dəyər vergisi götürülmüş, ölkəyə gətirilən qəzet kağızına tətbiq olunan gömrük rüsumu azaldılmışdır. 1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında” Qanuna əlavə və dəyişikliklər edilməsi qəzet, jurnal təsis etmək işini xeyli asanlaşdırmışdır. 2001-ci ildə ölkədə kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması haqqında verilən Fərman və sərəncamlar mətbuata göstərilən qayğının miqyasını daha da artırdı. Ümummilli Lider Heydər Əliyevin 2002-ci ildə  “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi Onun bu sahənin inkişafına göstərdiyi diqqət və qayğının ümumiləşdirilmiş ifadəsi oldu.

 Son 23 ilə yaxın dövrdə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin azad medianın inkişafı yönümündə atdığı addımlar davamlılığı ilə diqqətdədir. Prezident İlham Əliyevin ötən bu müddət ərzində 4 dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi bütün məqamlara aydınlıq gətirir. 2005-ci ildə milli mətbuatın 130 illik yubileyi ərəfəsində mətbu orqanlara güzəştli kreditlərin ayrılması dövlətin mətbuatın inkişafında maraqlı olduğunu bir daha təsdiqlədi. Həmin il qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borcları silindi. 2008-ci ildə  38 mətbuat orqanının hər birinə 5 min manat, 2009-cu ildə 39 qəzet redaksiyasına ayrılıqda 10 min manat birdəfəlik maliyyə yardımı ayrıldı. Hazırda  ölkədə 4 mindən artıq  mətbuat orqanı qeydiyyata alınıb. 50-dən artıq informasiya agentliyi müvafiq dövlət orqanında qeydiyyatdan keçib. Təbii ki, bu qeyd etdiklərimiz sadəcə statistika deyil. Bu, mətbuatın inkişafına yönələn addımların uğurlu nəticələrinin göstəricisidir. Azərbaycan postsovet məkanında yeganə ölkədir ki, qəzet təsis etmək, yazılı media ilə məşğul olmaq üçün heç bir dövlət orqanından icazə almağa ehtiyac yoxdur. Bütün bunlar Azərbaycan hökumətinin bundan sonra da demokratiyanın inkişafı sahəsində üzərinə düşən vəzifələri yerinə yetirmək əzmində olduğunu təsdiq edir.

Əvvəldə də qeyd etdiyimiz kimi, mətbuat dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirir. Artıq 6 ilə yaxındır ki, tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. Şanlı Qələbəmizdən sonra digər sahələrdə olduğu kimi, mətbuatda da yenilişməyə, təkmilləşməyə, islahatlara böyük ehtiyac duyuldu. Yeni dövrə qədəm qoyan Azərbaycanın  mətbuatının  inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi zərurətə çevrildi. Dövlət başçısı İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradıldı. MEDİA Agentliyi ölkəmizdə çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir. “Media haqqında” yeni Qanun qəbul edildi. Qanunun məqsədi ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılmasıdır.  9 fəsildən, 78 maddədən ibarət olan “Media haqqında” Qanunun qəbulunu zəruri edən səbəblərin və perspektivlərin müzakirəsindən sonra ümumi rəy bundan ibarət olmuşdur ki,  hər dövrün, zamanın öz tələbləri var. 1999-cu ildə həmin dövrün reallıqları fonunda qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” Qanunla sonadək addımlamaq mümkünsüz idi. Azərbaycan mətbuatı dövrün tələblərini lazımi səviyyədə yerinə yetirməlidir. Ona görə ki, Azərbaycan dövləti daim yeniliyə, təkmilləşməyə maraq göstərir. Bu baxımdan cəmiyyətin idarə olunmasında, ayrı-ayrı sahələrin inkişafında əsas rol oynayan qanunlarımız da dəyişməz olaraq qalmır, vaxtaşırı qanunvericilik aktlarında əlavə və dəyişikliklərin edilməsinə zərurət duyulur və dövrün tələbləri nəzərə alınır. Qanunun özündə ehtiva etdiyi 78 maddəyə, eyni zamanda, müddəalara diqqət yetirdikdə media sahəsində gələcək inkişaf barədə aydın təsəvvür yaranır. Əsas olan budur ki, hər bir mətbu orqan, hər bir jurnalist yeni Qanundan irəli gələn vəzifələrin yerinə yetirilməsinə öz töhfəsini versin. “Media haqqında”  Qanunun qəbul edilməsi jurnalist fəaliyyətinin rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını və ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını hədəfləyir.

Yeni dövrün çağırışları daha bir təkmil addımın atılmasını şərtləndirir. Onu da qeyd edək ki, Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında vahid qurumun – Media və Yayım Şurasının yaradılmasına zərurət yaradıldı.  Bununla bağlı “Dövlət qulluğu haqqında” və “Media haqqında” qanunlara müvafiq dəyişikliklərin edilməsi barədə qanun layihəsi 2026-cı il iyulun 14-ü Milli Məclisdə qəbul olundu. Qanun layihəsində müasir dövrdə milli informasiya təhlükəsizliyini və medianın iqtisadi müstəqilliyini təmin etmək üçün Azərbaycanda media sahəsinə münasibətdə daha çevik və kollegial mexanizmə keçid zərurətinin yarandığı vurğulanır. Bu isə çap, onlayn və audiovizual media arasındakı sərhədlərin silinməsi, informasiya sisteminin əsas sütunu olan mediaya vahid yanaşmanı təmin edir.

Azad sözün cəmiyyətdə aşkarlıq və plüralizm prinsiplərinin bərqərar edilməsində, eləcə də demokratik inkişaf prosesində əsas meyarlardan biri olduğunu nəzərə alan Azərbaycan hakimiyyəti heç zaman mətbuatın inkişafına diqqət və qayğısını əsirgəməyib. Bu gün Azərbaycanda ən müasir tələblərə və standartlara cavab verən medianın mövcudluğu və bu sahədə qazanılan uğurlar məhz bu reallığın nəticəsidir. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımız həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib. Ölkə mediası   Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin artıq tarixə qovuşmuş Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi hər bir fikrin, hər bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır. Mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirir, rəqabət qabiliyyətini artırır. Tarixi Zəfərimizdən sonra ənənəvi keçirilən Şuşa Qlobal Media forumları Azərbaycan mətbuatının inkişaf yolunun təqdimatında əhəmiyyətli rol oynayır. Bu gün Azərbaycan mətbuatı müasir dövrün çağırışlarına çevik reaksiya verərək rəqəmsallaşma, sosial media və süni intellekt kimi yeniliklərə uğurla uyğunlaşır. Media qurumları xalqın informasiya tələbatını operativ ödəmək, oxucu auditoriyasını genişləndirmək və təkzibolunmaz faktlara əsaslanan məlumatlar təqdim etmək üçün qlobal texnoloji trendləri fəal şəkildə tətbiq edir.

Azərbaycan mətbuatı beynəlxalq əməkdaşlığa, təcrübə mübadiləsinə xüsusi önəm verir. Bu baxımdan tarixi Zəfərimizdən sonra Azərbaycanla Türkiyənin birgə Ortaq Media Platformasının yaradılmasını qeyd edə bilərik. Şanlı Qələbəmizdən sonra iki qardaş ölkənin bütün sahələrdə əlaqələrinin inkişafı əsas prioritet kimi qarşıda dayandı. Yeni sahələrə xüsusi diqqət yetirildi ki, bunlardan biri təbii ki, media və təhsil oldu. Azərbaycan və Türkiyə arasında Ortaq Media Platforması iki ölkənin informasiya sahəsində əməkdaşlığını gücləndirmək, dezinformasiyaya qarşı vahid strategiya qurmaq və inteqrasiya olunmuş fəaliyyət göstərmək məqsədilə yaradıldı. Bu kimi əməkdaşlıq əlaqlərindən  xeyli sayda bəhs edə bilərik. Tarixi Zəfərimizdən sonra ənənə halını alan Şuşa Qlobal Media Forumlarının hər birinə qatılan ölkələrin, onları təmsil edən iştirakçıların say tərkibinə diqqət yetirsək bu sayda əməkdaşlığın mövcudluğundan bəhs edəcəyik. Azərbaycanın  belə tədbirlərə ev sahibliyi etməsi  digər sahələr kimi, mətbuatda da beynəlxalq media nümayəndələri ilə  fikir mübadiləsi aparıb, bölüşəcəkləri zəngin təcrübəyə malik  olmalarından qürurlana bilərik. Dövlətimizin başçısı İlham Əliyevin müzakirə xarakteri daşıyan həmin tədbirlərdə 3 saata qədər içtirakçıların  suallarını cavablandırmaqla ümumilikdə  media nümayəndələri vasitəsilə Azərbaycan həqiqətlərini  dünya ictimaiyyətinə çatdırmaq imkanlarını, sözün əsl mənasında jurnalistlərin dostu olduğunu təsdiqləyir.  

Qısa təhlil onu deməyə əsas verir ki, hər zaman mətbuatın prinsiplərinə böyük hörmətlə yanaşan, onların reallıqda öz əksini tapmasına xüsusi diqqət göstərən Azərbaycan mediası qarşısına qoyduğu hədəflərə yüksək səviyyədə nail olacaq. Günümüzün əsas hədəfi azad edilmiş ərazilərimizin bərpası, soydaşlarımızın qayıdışıdır. Mətbuat bu reallıqları böyük qürur hissi ilə paylaşır, qarşıya qoyulan vəzifələrə yüksək səviyyədə nail olmaq üçün səylərini daha da artırır. Bir sözlə, Azərbaycan mətbuatı müasir dövrün texnoloji və informasiya çağırışlarına uyğun olaraq sürətlə təkmilləşir və rəqəmsal transformasiya keçir, lakin onun peşəkarlıq, obyektivlik və Vətənə sədaqət kimi təməl prinsipləri dəyişməz qalır.

 Yeganə Əliyeva, “İki sahil”