06 avqust 2026 10:46
524

Vaşinqton görüşü: Cənubi Qafqazın müasir tarixində dönüş nöqtəsi

2025-ci ilin 8 avqust tarixində Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən üçtərəfli zirvə görüşü Cənubi Qafqazın müasir tarixində dönüş nöqtəsi kimi qiymətləndirilir. Onilliklər boyu davam edən münaqişənin yekun sülh müqaviləsi ilə nəticələnməsi yolunda atılan bu addım, regionda dayanıqlı sabitliyin, təhlükəsizliyin və iqtisadi inteqrasiyanın təməlini qoydu. 

Görüşün geopolitik konteksi və ABŞ vasitəçiliyi

Vaşinqton sammiti Cənubi Qafqazda sülh prosesinin tamamilə yeni mərhələyə keçdiyini göstərdi. ABŞ Administrasiyasının fəal vasitəçiliyi ilə təşkil olunan bu görüş, tərəflər arasında birbaşa dialoqun dərinləşməsinə və uzun illər həllini tapmayan düyünlərin açılmasına şərait yaratdı. Vaşinqton diplomatik platforması tərəflər arasında qarşılıqlı etimadın möhkəmlənməsi üçün lazımi siyasi təminatları təqdim etdi. ABŞ Prezidenti Donald Trampın ev sahibliyi ilə baş tutan müzakirələr beynəlxalq birliyin Cənubi Qafqazda sülhün bərqərar olmasına verdiyi yüksək dəyərin bariz nümunəsi oldu. Görüşün əsas nəticəsi sülh sazişinin paraflanması, regionda yeni nəqliyyat-logistika reallıqlarının formalaşdırılması və yeni əməkdaşlıq perspektivlərinin açılması oldu. Belə ki, görüş çərçivəsində tərəflər sülh gündəliyinin ən kritik aspektləri üzrə mühüm irəliləyişlər əldə etdilər, sülh sazişinin əsas prinsipləri üzrə razılığın əldə olunmasını təsdiqləyərək, sənədin imzalanması üçün hüquqi və siyasi baza formalaşdırdılar. Həmçinin beynəlxalq hüquq normaları və suverenlik prinsipləri əsasında sərhədlərin müəyyənləşdirilməsi prosesinin sürətləndirilməsi qərara alındı. Regionun iqtisadi potensialını artıracaq nəqliyyat dəhlizlərinin (o cümlədən regional kommunikasiyaların) bərpası və açılması istiqamətində konkret addımlar müəyyənləşdirildi. Görüşdə tərəflərin bir-birinin suverenliyini və ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıması prinsipi bir daha vurğulandı.

907-nin ləğvi 

Görüş zamanı ABŞ administrasiyası tərəfindən uzun müddətdir müzakirə olunan  907-ci dəyişikliyin dayandırılması ilə bağlı sənədin verilməsi də rəsmən elan edildi. Azərbaycan Prezidenti bu qərəri “33 il sonra ədalətin bərpası” kimi qiymətləndirdi. Qeyd edək ki, 1992-ci ildə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək Aktı"na əlavə olunmuş 907-ci düzəliş, Azərbaycan hökumətinə ABŞ-ın birbaşa dövlət yardımını (hərbi, iqtisadi, maliyyə) qadağan edirdi. Ermənistan lobbisinin təşəbbüsü ilə qəbul edilən bu maddə Azərbaycanın Ermənistanı və Qarabağı "blokadada saxlaması" iddiasına əsaslanırdı. 11 Sentyabr 2001-ci il hadisələrindən sonra ABŞ Prezidentinə terrorla mübarizədə Azərbaycanın dəstəyinə görə bu qadağanı hər il 1 illik müddətə dayandırmaq hüququ verildi. Lakin Biden administrasiyası 2024-cü ildə bu müddəti uzatmamışdı. 8 avqust 2025-ci il tarixində Prezident Donald Tramp rəsmi sərəncam imzalayaraq 907-ci düzəlişin tətbiqini yenidən dayandırdı. Bu addım ABŞ-ın Azərbaycan hökumətinə birbaşa hərbi və təhlükəsizlik yardımlarını rəsmən bərpa etdi. Beləliklə, 30 ildən artıq davam edən və Azərbaycanı haqsız yerə "təcavüzkar" kimi qələmə verən ədalətsiz hüquqi akt faktiki olaraq öz əhəmiyyətini itirdi.

Bakının prinsipial mövqeyi - Minsk qrupunun ləğvi

Vaşinqton razılaşmasının ən mühüm hüquqi və siyasi nəticələrindən biri də ATƏT-in Minsk Qrupunun və onunla bağlı institutların rəsmən ləğvi prosesinin başlaması oldu. Bu addım Ermənistan-Azərbaycan münaqişəsinin artıq keçmişdə qaldığını və vasitəçilik mexanizmlərinə ehtiyacın olmadığını beynəlxalq müstəvidə təsdiqlədi. Azərbaycan və Ermənistan xarici işlər nazirləri Vaşinqton bəyanatına uyğun olaraq ATƏT-in fəaliyyətdə olan sədrinə və Daimi Şurasına Minsk Qrupunun, habelə Yüksək Səviyyəli Planlaşdırma Qrupunun və ATƏT Sədrinin Şəxsi Nümayəndəsi strukturunun tam ləğvi üçün birgə rəsmi müraciət ünvanladılar. Keçmiş münaqişənin "davam edən beynəlxalq problem" kimi göstərilməsinə xidmət edən bütün beynəlxalq mexanizmlər və mandatlar ləğv olundu. Fransanın, Rusiyanın və ABŞ-ın həmsədrlik etdiyi köhnə formatın ləğvi ilə tərəflər birbaşa ikitərəfli sülh formatını əsas götürdüklərini rəsmiləşdirdilər. Qarabağ məsələsinin beynəlxalq vasitəçilərin müzakirə mövzusu olmasından çıxarılması Azərbaycanın daxili suverenliyinin beynəlxalq miqyasda nöqsansız tanınmasını yekunlaşdırdı. "Dondurulmuş münaqişə" statusuna son qoyuldu, Qərb və ya Rusiya tərəfindən gələcəkdə status-kvonu yenidən gündəmə gətirmək üçün istifadə oluna biləcək rəsmi hüquqi alət aradan qaldırıldı. Vaşinqton razılaşması həm də göstərdi ki, region ölkələri kənar vasitəçilərin diktəsi olmadan da ikitərəfli müstəvidə yekun sülhə nail ola bilərlər.

Diplomatik Zəfərin yekunları

Vaşinqton sammitindən keçən 1 il ərzində Cənubi Qafqazda sülhün və regional inteqrasiyanın möhkəmləndirilməsi istiqamətində mühüm irəliləyişlər əldə olunub. Bu müddət ərzində tərəflər sənədin yekun imzalanması və parlamentlərdə ratifikasiya olunması üçün lazım olan hüquqi-diplomatik prosedurları davam etdiriblər. Belə ki, Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən nəqliyyat və kommunikasiya xətlərinin açılması üzrə konkret işlərə başlanılıb. TRIPP İqtisadi Təşəbbüsü: Marşrutun infrastrukturu ABŞ-ın dəstəyi ilə "İnkişaf və Sülh naminə Tramp Marşrutu" (TRIPP - Trump Route for International Peace and Prosperity) layihəsi çərçivəsində planlaşdırılıb. Bu xətt üzrə dəmir yolu, neft-qaz, fiber-optik və enerji ötürücü xətlərinin çəkilişi üzrə konsorsium modelləri formalaşdırılıb. Eləcə də ikitərəfli Delimitasiya Komissiyalarının fəaliyyəti intensivləşib, sərhəd xətlərinin dəqiqləşdirilməsi üçüncü tərəflərin müdaxiləsi olmadan, birbaşa ikitərəfli formatda davam etdirilib. Görüş çərçivəsində imzalanmış anlaşmalara uyğun olaraq, Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması və enerji sahəsində (o cümlədən SOCAR və ExxonMobil arasında iş birliyi) yeni layihələrin icrasına start verilib. Şərq-Qərb ("Orta Dəhliz") nəqliyyat marşrutunun təhlükəsizliyi artdığından regiona xarici investisiyaların axını sürətlənib.

Qlobal sülh quruculuğunda Liderlik nümunəsi

Vaşinqton Bəyannaməsi sadəcə bir diplomatik sənəd yox, müharibədən sülhə keçidin beynəlxalq hüquq əsasında möhkəmləndirilməsinin nümunəsi oldu. Prezident İlham Əliyev həm hərbi, həm də diplomatik mərhələdə Azərbaycanın milli maraqlarını qoruyaraq regionun geosiyasi xəritəsini dəyişdi. Həmin sənəd həm də gələcək nəsillər üçün sülh, əməkdaşlıq və beynəlxalq hüquqa sadiqlik irsidir. Ümumiyyətlə qeyd edək ki, bir il öncə Vaşinqtonda imzalanan Birgə Bəyannamə, kağız üzərindəki sadə diplomatik sənəd olmaqdan daha artıqdır. Bu sənəd Cənubi Qafqazın gələcək taleyinə yön verə biləcək Siyasi Yol Xəritəsi rolunu oynayır. Prezident İlham Əliyevin görüşdə nümayiş etdirdiyi siyasi uzaqgörənlik, dövlətçilik iradəsi və diplomatik məharəti, sadəcə olaraq, müasir dövrün liderlik etalonuna çevrildi. ABŞ Prezidenti Donald Trampın özü də görüş zamanı dəfələrlə vurğuladı ki, Prezident İlham Əliyev dərin strateji təfəkkürə malik liderdir. Tramp mətbuat qarşısında Azərbaycan Prezidentinin yüksək intellektindən, siyasi çevikliyindən və geosiyasi balans yaratmaq bacarığından heyranlıqla danışaraq, onun regional və dünya siyasətində oynadığı rolu açıq şəkildə təqdir etdi. Əminliklə deyə bilərik ki, Üçtərəfli bəyannamənin ruhunu və mahiyyətini müəyyən edən əsas xətt də məhz Prezident İlham Əliyevin illərlə apardığı prinsipial, ardıcıl və strateji siyasətin nəticəsi idi. Onun rəhbərliyi ilə Azərbaycan nəinki müharibədə qalib gəldi, həm də sülh prosesində siyasi və mənəvi üstünlüyünü qoruyub saxladı.

Sevinc Azadi, “İki sahil”