31 iyul 2026 11:56
161

Azərbaycan - Qırğızıstan müttəfiqliyi Türk dünyasının strateji inteqrasiyasında yeni mərhələ açır - Nadir Azəri

“Müasir dünyada milli dövlətlər, eləcə də onların təmsil olunduqları birliklər, təşkilatlar və ittifaqlar getdikcə daha böyük əhəmiyyət qazanır. Çünki köhnə dünya nizamı artıq öz yerini yeni geosiyasi düzənə verir. Formalaşmaqda olan bu yeni sistemdə həm ayrı-ayrı dövlətlər, həm də onların daxil olduqları regional platformalar beynəlxalq münasibətlərdə daha fəal mövqe tutmağa çalışırlar”.

Bu fikirləri “İki sahil”ə açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri səsləndirib.

Onun sözlərinə görə, məhz bu baxımdan Türk Dövlətləri Təşkilatının fəaliyyəti xüsusi əhəmiyyət daşıyır: “Bu il Türk Şurasının Türk Dövlətləri Təşkilatına çevrilməsinin beşinci ildönümüdür. Eyni zamanda, təşkilatın bugünkü inkişaf mərhələsinə güclü təkan verən Şuşa Bəyannaməsinin imzalanmasının da beş ili tamam olur. Həm Şuşa Bəyannaməsinin iimzalanmasında, həm də Türk Dövlətləri Təşkilatının bugünkü nüfuzunun formalaşmasında Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərin müstəsna rolu var”.

Nadir Azəri qeyd edib ki, həmin Zəfər təkcə Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasını təmin etmədi, həm də Türk dünyasında yeni siyasi dinamika yaratdı: “Bu Qələbə Türk dövlətləri arasında yaxınlaşmanı sürətləndirdi, inteqrasiya proseslərinə yeni impuls verdi və ortaq strateji baxışın formalaşmasını sürətləndirdi. Bu gün bunun konkret nəticələrini görürük”.

Siyasi şərhçinin fikrincə, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri də məhz bu geosiyasi proseslərin davamı kimi qiymətləndirilməlidir. Səfər çərçivəsində imzalanan sənədlər və verilən mesajlar uzun müddət regional siyasətin əsas müzakirə mövzularından biri olacaq.
O bildirib ki, səfərin ən mühüm nəticələrindən biri Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında “Müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanmasıdır. Qırğızıstan Prezidenti Sadır Japarov sənədi danışıqların ən mühüm nəticəsi adlandıraraq bunun Qırğızıstan -Azərbaycan münasibətlərində yeni mərhələnin başlanğıcı olan tarixi hadisə olduğunu vurğulayıb.

Nadir Azərinin qənaətincə, bu müqavilə mahiyyət etibarilə Şuşa Bəyannaməsinin yaratdığı strateji xəttin məntiqi davamıdır: “Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik münasibətlərini rəsmiləşdirməklə kifayətlənmədi. O, bütün Türk dünyasında yeni əməkdaşlıq modelinin əsasını qoydu və qardaş dövlətlər arasında oxşar strateji sənədlərin imzalanmasını təşviq etdi. Azərbaycan ilə Qırğızıstan arasında müttəfiqlik sənədinin imzalanması da həmin prosesin növbəti mühüm mərhələsidir”.

Nadir Azəri vurğulayıb ki, Azərbaycan və Qırğızıstan Türk Dövlətləri Təşkilatı çərçivəsində siyasi koordinasiyanın gücləndirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi, nəqliyyat-kommunikasiya layihələrinin inkişafı və qarşılıqlı ticarətin artırılması istiqamətində fəal əməkdaşlıq edirlər. Hər iki ölkənin Türk dünyasının daha sıx inteqrasiyasına yönəlmiş baxışları üst-üstə düşür.
Onun sözlərinə görə, son illərdə təşkilat daxilində iqtisadi inteqrasiya, nəqliyyat əlaqələrinin genişləndirilməsi, Orta Dəhlizin inkişafı və birgə layihələrin həyata keçirilməsi istiqamətində ciddi irəliləyiş əldə olunub. Azərbaycan və Qırğızıstanın bu proseslərdə fəal iştirakı Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir.
Sonda Nadir Azəri qeyd edib ki, dövlət başçılarının qarşılıqlı səfərləri və qəbul olunan strateji qərarlar təkcə ikitərəfli münasibətləri möhkəmləndirmir, həm də Türk dünyasında siyasi həmrəyliyin, iqtisadi inteqrasiyanın və ortaq strateji mövqenin güclənməsinə xidmət edir. Azərbaycan ilə Qırğızıstan arasında müttəfiqlik münasibətlərinin qurulması da bu baxımdan Türk Dövlətləri Təşkilatında inteqrasiyanı daha da dərinləşdirəcək mühüm tarixi addımlardan biridir.