09 avqust 2023 00:07
368

"Beşiktaş"ın cəzalı futbolçusu "Neftçi" ilə cavab oyununda iştirak edə biləcək

Türkiyə "Beşiktaş"ının cəzalı futbolçusu Artur Masuaku UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Neftçi"yə qarşı cavab oyununda iştirak edə biləcək.

“İki sahil” klubun rəsmi saytına istinadla xəbər verir ki, Avropa futbol qurumu konqolu müdafiəçi ilə bağlı qərarını dəyişib.

Albaniyada "Tirana" ilə II raundun cavab matçında qırmızı vərəqə gördüyü üçün 2 oyunluq diskvalifikasiya olunan 30 yaşlı futbolçunun cəzası azaldılıb. O, yalnız Bakıdakı ilk qarşılaşmanı buraxacaq.

Bundan başqa, UEFA "Tirana" ilə matçda "Beşiktaş" azarkeşlərinin davranışlarına görə klubu şərti olaraq 40 min avro cərimələyib. Analoji hadisə təkrarlanarsa, Türkiyə klubu səfər oyunlarının birində azarkeş dəstəyindən məhrum ediləcək.

Qeyd edək ki, "Neftçi" və "Beşiktaş" arasında ilk oyun avqustun 10-da Bakıda, cavab matçı isə bundan bir həftə sonra İstanbulda baş tutacaq.