03 avqust 2023 23:06
522

Konfrans Liqası: “Neftçi” qələbə ilə növbəti mərhələyə yüksəlib VİDEO

“Neftçi” UEFA Konfrans Liqasında III təsnifat mərhələsinə yüksəlib.

“İki sahil” xəbər verir ki, Bakı klubu II raundun cavab oyununda doğma arenasında Bosniya və Herseqovinanın “Jelezniçar” komandasını 2:0 hesabı ilə məğlub etməklə buna nail olub.

İlk qarşılaşmada rəqibi ilə 2:2 hesablı bərabərə qalan Adrian Mutunun baş məşqçi olduğu kollektiv iki görüşün nəticəsinə əsasən adını növbəti mərhələyə yazdırıb.

8-ci km stadionunda gerçəkləşən cavab oyununda hesab 20-ci dəqiqədə açılıb. Kenni Sayef qapıçı ilə təkbətək epizodda fərqlənərək, “Neftçi”ni önə keçirib. 68-ci dəqiqədə Eddi İsrafilov başla fərqi 2 topa çatdırıb və qarşılaşmada son nöqtəni qoyub.

Qeyd edək ki, “Neftçi” III təsnifat mərhələsində “Beşiktaş” (Türkiyə) - “Tirana” (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun oyunları 10-17 avqustda keçiriləcək.