03 avqust 2023 22:21
330

Konfrans Liqası: "Sabah" əzmkar qələbə ilə növbəti mərhələyə vəsiqə qazanıb

"Sabah" UEFA Konfrans Liqasında III təsnifat mərhələsinə yüksəlib.

“İki sahil” xəbər verir ki, Bakı klubu buna II raundun cavab oyununda Bakıda Latviyanın RFŞ komandasını 2:1 hesabı ilə məğlub etməklə nail olub. İlk qarşılaşmada rəqibinə 2 cavabsız qolla qalib gələn Murad Musayevin baş məşqçi olduğu kollektiv iki görüşün nəticəsinə əsasən adını növbəti mərhələyə yazdırıb.

Cavab oyununun ilk hissəsində qapılara top vurulmayıb. Əvəzində 34-cü dəqiqədə qonaqların hücumçusu Andrey İliç ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Hesab isə 67-ci dəqiqədə açılıb. Yanus İkauniyeks qonaqları önə çıxarıb. Buna baxmayaraq, "Sabah" məğlubiyyətdən xilas ola bilib. Cəmi 10 dəqiqə sonra fərqlənən Coy Lens Mikels tarazlığı bərpa edib. 90+4-cü dəqiqədə isə Emanuel Apeh yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, "Sabah" III təsnifat mərhələsində Serbiya "Partizan"ı ilə qarşılaşacaq. Bu raundun oyunları 10-17 avqustda keçiriləcək.