14 mart 2023 21:27
396

2026-cı il futbol üzrə dünya çempionatında 48 komanda iştirak edəcək

Beynəlxalq Futbol Federasiyası (FİFA) 2026-cı ildə keçiriləcək dünya çempionatının formatını təsdiqləyib.

“İki sahil” xəbər verir ki,  bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.

Çempionatda 48 komanda iştirak edəcək. Turnirin qrup mərhələsi 72 oyundan ibarət olacaq. Komandalar 12 qrupa bölünəcək.

Qrup mərhələsindən sonra 1/16 finala birinci, ikinci yerlər və qrupda üçüncülüyü qazanmış səkkiz ən yaxşı komanda çıxacaq.Ümumilikdə turnir 104 qarşılaşmadan ibarət olacaq. Turnir 56 gün davam edəcək. Final matçı 2026-cı il iyulun 19-na təyin edilib.

2026-cı il futbol üzrə dünya çempionatı ilk dəfə üç ölkədə - Kanada, ABŞ və Meksikada keçiriləcək.

Xatırladaq ki, 2017-ci ildə FİFA 2026-cı il dünya çempionatında ilk dəfə 48 komandanın iştirak edəcəyini açıqlamışdı. Əvvəllər dünya çempionatlarında 32 komanda iştirak edirdi. Turnir 64 görüşdən ibarət idi.