10-12 iyun tarixlərində keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi 2022 zamanı yenidən dünyanın diqqəti Bakıda olacaq
Avtoidmanın zirvəsi sayılan Formula 1-in builki mövsümü rekord sayda - 23 mərhələdən ibarət olacaq. Mövsüm martın 20-də Bəhreyndə başlayıb, noyabrın 20-də Əbu-Dabi Qran-Prisi ilə yekunlaşacaq.
Formula 1 Azərbaycan Qran-Prisi 2022 zamanı azarkeşləri qəbul edəcək Bakı Şəhər Halqası sonuncu hazırlıqlarını tamamlayır. 2019-cu ildən bəri tribunalara yenidən qayıdan azarkeşlər builki yarışa xüsusi rəng qatacaq. Həyəcanlı mübarizə ilə yanaşı, azarkeşlər həftəsonu Bakının Dənizkənarı Milli Parkı boyunca uzanan əyləncə zonalarını da kəşf edəcəklər. Nəhayət ki, azarkeşlərin gözlədiyi avtoqraf sessiyaları və Pit zolağı gəzintisi onlara F1 super ulduzları və komandalarını yaxından görmək imkanı yaradacaq.
2016-cı il debütündən bəri dünya idman azarkeşlərinin sevimlisinə çevrilən Bakı Şəhər Halqası bu möhtəşəm yarışın tarixində ən yaddaqalan və dramatik yarışlara ev sahibliyi etməklə, dünyanın aparıcı F1 pilotlarını sınaq qarşısında qoyur. Yarış bolidlərinin 366 km/saat sürətlə rekord həddə çatdığı, 2 km uzunluğunda düz yolu və UNESCO-nun mədəni irs nümunəsi İçərişəhər Qala divarları qarşısından keçərək dar yolları aşan, dolama döngələri ilə tanınan Bakı Şəhər Halqası qısa müddət ərzində bugünkü F1 təqvimində ən çətin treklərdən biri kimi öz yerini təsdiqləyib.
Bakı trekində heç bir pilot iki dəfə qalib gəlməyib, son beş yarışda beş fərqli qalib müəyyən olunub. Bu il də ötən illərdə yaşanmış gözlənilməz anlar, rəqabət doğuran və saysız-hesabsız həyəcanlı hadisələr Bakı yarışında istisna olunmur.
Formula 1 yarışına əlavə olaraq, azarkeşlər Luis Hemilton, Şarl Lekler, Corc Rassel və Lando Norris kimi Formula 1 ulduzlarının bir çoxunu yetişdirən, olduqca populyar Formula 2 seriyasının geri dönüşündən də həzz ala bilərlər.
Formula 1 Azərbaycan Qran-Prisi 2022 Bakı küçələrində daha bir möhtəşəm rəqabətə hazırlaşır. Əvvəlki qaliblərdən hər hansı biri “tilsimi qıracaqmı” və Bakı yarışlarında qalib gəlmiş pilot təkrar qalib ola biləcəkmi? Bu suala məhz iyunun 12-də cavab tapacağıq.
Builki yarışların formatında qlobal pandemiya fonunda tamaşaçıların təhlükəsizliyini maksimum dərəcədə təmin etmək məqsədilə konsert proqramı nəzərdə tutulmayıb. Lakin ötən illərdə olduğu kimi, bu il də tamaşaçılar üçün müxtəlif əyləncə proqramları təşkil olunacaq.
Azarkeşlər Formula 1 Azərbaycan Qran-Prisinə 2022-yə bilet və Bakıya səyahət barədə ətraflı məlumatı Bakı Şəhər Halqasının rəsmi saytından əldə edə bilərlər (www.bakucitycircuit.com). 2020-ci ildə COVID-19 səbəbi ilə təxirə salınmış Formula 1 Azərbaycan Qran-Prisi zamanı alınmış biletlər hazırkı Azərbaycan Qran-Prisi 2022 üçün keçərli olacaq.
Formula 1 Azərbaycan Qran-Prisi 2022 iyunun 10-da saat 15:00-da və 18:00-da iki sərbəst yürüş təşkil olunacaq. Növbəti gün, iyunun 11-də saat 15:00-da üçüncü sərbəst yürüş, saat 18:00-da təsnifat mərhələsi olacaq. Bu barədə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) yayımladığı yarış proqramında qeyd olunub. Bu Qran-Pridə son yarış isə iyunun 12-də saat 15:00-da başlayacaq.
Xatırladaq ki, Formula 1 Azərbaycan Qran-Prisi 2022 üçün bilet satışına fevral ayının 22-dən start verilib.
Cavid Əkbərov, “İki sahil”