07 iyun 2022 23:36
834

Masallıda taekvondo üzrə rayon birinciliyi

Masallının idman həyatı çox qaynardır. Rayonda gənclərin sağlam həyat tərzi üçün tez-tez müxtəlif yarışlar təşkil edilir.

Növbəti belə yarışlardan biri Masallı Taekvondo Mərkəzində baş tutan və 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş taekvondu idman növü üzrə rayon birinciliyi idi. Rayon Gənclər və İdman İdarəsinin, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının birgə təşkilatçılığı hesabına ərsəyə gələn, uşaqlar, uşaqlar və yeniyetmələr arasında gərgin idman mübarizəsi şəraitində keçən yarış iki gün çəkdi. Qaldı ki, oğlan və qızlardan ibarət 15 çəki dərəcəsində 73 nəfərə yaxın idmançının qələbə uğrunda öz qüvvələri sınadığı yarış uzun müddət azarkeşlərin yaddaşında qalacaqdır.

Yarış başa çatıb qalibləri mükafatlandırma mərasimində çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəisi Sadiq Cahangirov, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev birinciliyin qələbə sevincini yaşayan idmançıları təbrik etdilər, onlara gələcək yarışlarda da hər zaman uğur qazanıb Azərbaycanın üç rəngli bayrağını ən yüksək zirvəyə qaldırmağı arzulamaqla, həm də idmanın insan sağlamlığında əhəmiyyətindən danışdılar.

Birincilikdə qalib gəlmiş idmançılara hər iki təşkilatçının diplom və medalları təqdim olundu.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü