07 iyun 2022 21:54
881

Şəhidin xatirəsinə həsr olunan turnir

Vətən müharibəsində qanı bahasına qəhrəmanlıq salnaməsi yazaraq xalqımıza şanlı zəfər yaşadanlardan bir Samir Allahverdiyevdir. O, 7 iyun 2001-ci ildə Lənkəran şəhərində dünyaya göz açıbr. İkinci Qarabağ döyüşləri başlanan gündə odun-alovun içinə atılan, igidcəsinə savaşan Samir Qubadlı rayonunda şəhidlik zirvəsinə ucalıb. Vətən sevdalısı ölümündən sonra “Vətən uğrunda” və digər medallarla təltif edilib.

Doğma Lənkəran şəhərində S. Allahverdiyevin xatirəsinə həsr olunmuş mini-futbol turniri olduqca maraqlı alındı. Balacalar arasında təşkil olunan turnirə Vətən yolunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılmaqla start verildi. Yarışın sonunda qalib komandalar diplom və kubokla təltif edildilər. Daha sonra meydançaya çıxan incəsənət nümayəndələri rəşadətli Azərbaycan Ordusunu və şanlı Qələbəni tərənnüm edən vətənpərvərlik mahnıları oxudular.

Onu da bildirək ki, turnirin tamaşaçıları Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının əməkdaşları, Lənkəran –Astara Regional Təhsil İdarəsinin sektor müdiri Ülviyə Əliyeva, Cənub regional futbol federasiyasının prezidenti Sakin Məmmədzadə, şəhid ailələri, müharibə veteranları və futbolsevərlər idilər.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü