Xəbər verildiyi kimi, dekabrın 31-də Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsi ilə Azərbaycandan kommersiya məqsədli qazın nəqlinə başlanılıb.Bununla da tarixdə ilk dəfə Azərbaycan öz təbii qazını Avropa bazarına birbaşa boru xətləri vasitəsi ilə çıxarmağa nail olub. Avropanın dünyanın ən böyük qaz bazarı olduğunu nəzərə alanda, bu, Azərbaycanın öz ixrac imkanlarını şaxələndirilməsi deməkdir. Nəticə etibarilə Avropanın qaz bazarına çıxış ölkə iqtisadiyyatına əlavə dəyər qazandırmaqla yanaşı, həm də Azərbaycanın iqtisadi müstəqilliyini gücləndirir.
Noyabrın 15-də TAP İtaliyanın qazpaylayıcı şəbəkəsinə uğurlu birləşdirildikdən sonra artıq kommersiya məqsədli təbii qaz Melendugno məntəqəsindən SNAM Rete Gas (SRG) qazpaylayıcı şəbəkəsi ilə İtaliyaya, Nea Mesimvria məntəqəsindən isə DESFA şəbəkəsi ilə Yunanıstan və Bolqarıstana çatdırılıb. Bununla da Yunanıstana illik 1 milyard kubmetr, Bolqarıstana bu həcmdən bir qədər az və İtaliyaya 8 milyard kubmetr təbii qaz nəql olunacağı nəzərdə tutulub. Məsələ burasındadır ki, bu ölkələrin hər birinə ən böyük həcmdə təbii qaz ixrac edən Rusiyanın “Qazprom” şirkətidir. İtaliyanı nəzərə almasaq, bu şirkət digər iki ölkə, xüsusilə də Bolqarıstanın təbii qaz idxalında inhisarçı mövqedədir. Bolqarıstanın təbii qaza olan ehtiyacının 98 faizini, Yunanıstanın 60 faizini, İtaliyanın isə tələbatının 40 faizdən çoxunu “Qazprom” təmin edir.
“Qazprom”un ixrac portfelinə baxdıqda, “Şahdəniz” qazının Rusiya şirkətinin bu ölkələr üzrə ixracının təxminən 1/3-ni, yəni 30 faizdən bir qədər çoxunu təşkil etdiyi məlum olur. Bu, o deməkdir ki, “Şahdəniz” yatağından hasil olunan qaz bu ölkələrin qaz bazarlarında şaxələndirmənin təmin edilməsinə imkan verəcək. Xüsusilə də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində yeni marşrutların, yeni mənbələrin yaradılmasının qarşıya məqsəd qoyulduğunu nəzərə alanda, Cənub Qaz Dəhlizinin bu məqsədlərə tam cavab verdiyi məlum olur.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev də belə hesab edir ki, Avropa yeni mənbədən alternativ marşrut üzrə təbii qaz əldə etməklə öz enerji təhlükəsizliyini gücləndirəcək. Avropa daxilində hasilatın azalması bazarda əlavə qaz həcmlərinə ehtiyac yaradır və Azərbaycan qazı məhz bu ehtiyacın ödənilməsinə kömək edəcək. Beləliklə, köhnə qitə üçün Azərbaycanın əhəmiyyəti daha da artacaq: “7 il bundan əvvəl biz tərəfdaşlarımızla birlikdə yekun investisiya qərarını verdik və Avropanın qazpaylayıcı şirkətləri ilə 25 illik qaz alqı-satqısı haqqında müqavilələri imzalamaqla yola çıxdıq. Bəzilərinin vaxtı ilə mümkünsüz hesab etdiyi 3500 kilometr uzunluğunda bir-birinə bağlanan üç qaz boru xəttinin inşası artıq başa çatıb. Azərbaycan qazı bu gün Avropadadır”.
SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov isə qeyd edib ki, 25 illik müqavilə əsasında Avropaya qaz nəqlinə başlanılması ölkəmiz üçün yeni bazarın, dayanıqlı gəlir mənbəyinin əldə edilməsidir. Onun sözlərinə görə, gələcəkdə əlavə infrastrukturun yaradılması ilə Avropaya qaz nəqlini artırmaq mümkün olacaq.
TAP-ın perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Cənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra biləcəyi vurğulanır. Eyni zamanda, belə hesab edilir ki, TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır. Məsələ burasındadır ki, Azərbaycanda qaz hasilatın artması, eyni zamanda, digər ölkələrin “mavi yanacağı”nın bu marşrut üzrə nəqli perspektivləri bu ölkələri regionun enerji habına çevrilməyi mümkün edir.Bu mənada sözügedən ölkələrin gələcəkdə Azərbaycanın hesabına iqtisadi imkanlar əldə etmələri də istisna deyil.
Ümumilikdə isə TAP-ın gələcəkdə genişlənməsi və kəmərin ötürücülük gücünün 20 milyard kubmetrə çatdırılması üçün bazar araşdırmasının ikinci mərhələsi 2021-ci ilin yay aylarında başlanacaq.
TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans Anadolu Boru Kəmərinə (TANAP) birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək, İtaliyanın cənub sahillərinə çatır.TAP-ın səhmdarları SOCAR (20%), BP (20%), Snam (20%), Fluxys (19%), Enagás (16%) və Axpo (5%) şirkətləridir.
Ceyhun Piriyev, "İki sahil"
Cənubi Qafqazın gələcəyi Azərbaycanın formalaşdırdığı yeni reallıqlar əsasında müəyyənləşir