İşğaldan azad olunan torpaqlar sərvətlərini əsl sahiblərinə vermək üçün doğmalarını gözləyir
Başa çatmaqda olan 2020-ci il tarixdə COVID-19-un yaratdığı fəlakətlərlə yadda qalsa da, Azərbaycan xalqı üçün Qələbə ili kimi salnaməmizdə yer aldı. 30 ilə yaxın Ermənistanın işğalı altında qalan torpaqlarımızın azad olunması sevinci bu ilin bəxtinə yazıldı. Sentyabrın 27-dən başlanan müharibədə düşmən üzərində addım-addım qələbə qazanan, torpaqlarımızı sahiblərinə qaytaran müzəffər Azərbaycan Ordusunun rəşadəti bütün dünyanı heyran etdi. Müharibənin davam etdiyi günlərdə dünyanın 30-a yaxın tanınmış KİV-lərinə, telekanallarına müsahibəsində erməni faşizminin vəhşiliyindən danışan, işğal altında saxladıqları Azərbaycan torpaqlarında törətdikləri siyasi, hərbi, ekoloji, mədəni terrorların acı nəticələrini təqdim edən Prezident İlham Əliyev təcavüzkarı dəstəkləyənlərə münaqişənin hərbi yolla həllinin mümkünlüyünü qətiyyəti ilə göstərdi. Xalqımızın haqq səsini, torpaqlarımız uğrunda mübarizəsini beynəlxalq ictimaiyyətə çatdırdı. Xalq-iqtidar-ordu birliyinin yenilməzliyini arqumentlərlə açıqladı. Azərbaycanın beynəlxalq hüququn tələblərinə uyğun savaş apardığını bildirən Ali Baş Komandan İlham Əliyev xarici dairələrin döyüşlərin gedişinə müdaxiləsinin də qarşısını aldı. Prezident İlham Əliyev qətiyyəti ilə beynəlxalq hüquq praktikasında və bölgəmizdə yeni reallıqlar yaratdı: «Bu reallığı biz yaratdıq. Azərbaycan yaratdı bu reallığı. Biz düşməni torpaqlarımızdan qovduq. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdik.. Bu qətnamələr 27 il idi ki, kağız üzərində qalırdı» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik, əməkdaşlıq formatı yaradıldı. Bu tarixi qələbə nəticəsində Dağlıq Qarabağ münaqişəsini həll etdik: «İndi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Əgər kimsə hesab edir ki, bu münaqişə hələ də davam edir, səhv edir.» Ermənistan üzərində Qələbə həm də erməni təcavüzünə biganə qalan beynəlxalq təşkilatlara, insan haqları üzrə fəaliyyət göstərən qlobal institutlara etimadı azaltdı.
Qaçqın, köçkün adının tarixin arxivinə yollandığı bu ildə Ermənistanı hərbi kapitulyasiyaya məcbur edən, XXI əsrə xas döyüş taktika və strategiyası ilə beynəlxalq hərbi ekspertlərin diqqətini çəkən, beşinci nəsil hərbi texnika və avadanlıqlarla təmin olunan Azərbaycan Ordusunun təcrübəsinin tanınmış hərbi təhsil müəssisələrində öyrənilməsi də məqsədəuyğun hesab edilmişdir. Ermənistan, Azərbaycan və Rusiya arasında imzalanmış Bəyanatda qeyd olunduğu kimi, Dağlıq Qarabağa heç bir statusun verilməyəcəyi, Naxçıvanla Azərbaycanın digər rayonları arasında nəqliyyatın, kommunikasiyaların bərpa olunması ilə muxtar respublikanın blokadadan çıxarılması, Türkiyə ilə birbaşa əlaqənin yaradılması iqtisadi, siyasi qələbənin əhəmiyyətli motivlərindəndir.
Xalqa müraciətlərində işğal olunmuş ərazilərdə bərpa işlərinin aparılacağını, rayon və kəndlərin simasının əvvəlkindən daha gözəl olacağını bildirən dövlət başçımızın göstərişlərinə uyğun işlərin başlanılması torpaqlarımıza yeni həyat gətirir. Şuşanın dirçəldiləcəyini bildirən Prezident İlham Əliyevin vurğuladığı kimi, işlərin planlı şəkildə davam etdirilməsi, yenidənqurma işlərinə Füzuli-Şuşa avtomobil yolunun inşası ilə başlanılması dövlət başçımızın yaradıcı ruhunun parlaq təzahürüdür. Düşmənin quldurluq hərəkətləri ilə tanınmaz hala salınan yaşayış məntəqələrimizdə başlanılan bərpa işləri hərbi sahədə qazanılan Qələbəmizin quruculuq mərhələsi üzrə davamıdır. Artıq işğaldan azad olunan rayonlarda ən zəruri işlərə başlanılıb, infrastruktur layihələri icra olunur, torpaqlar doğmalarının nəfəsini hiss edir, həyat axarına düşür.
Hazırda işğaldan azad olunmuş ərazilərdə müxtəlif xidmət sahələrinin fəaliyyəti bərpa edilir. «Azərişıq» Qarabağda» layihəsi üzrə işğaldan azad olunmuş ərazilərdə xüsusi əhəmiyyətli obyektlər enerji ilə təmin edilir. Müasir texnologiyalardan, elektron tipli rele mühafizəsi və avtomatika sistemlərini, məsafədən dispetçer idarəetmə sistemini tətbiq etməklə 110, 35, 0.4 kilovoltluq şəbəkələrin yaradılması nəzərdə tutulur. İşğaldan azad olunan torpaqlarımızda Türkiyədən sonra Azərbaycana dost ölkə olan İtaliya şirkətlərinin iştirakı üçün önəmli layihələr hazırlanıb, sənədlər imzalanıb. «Azərenerji» ilə «Ansaldo Energia» arasında imzalanan müqaviləyə görə, Ağdam, Füzuli, Kəlbəcər, Qubadlı rayonlarında inşa olunacaq dörd 110 kV-luq stansiyanın avadanlıqlarla təchizatı İtaliya şirkətləri tərəfindən təmin olunacaq.
«Azercell» Telekom MMC rayonlarda ilk mobil infrastrukturunu və dördüncü nəsil LTE radio baza stansiyasını quraşdırır. Digər operatorlar olan «Nar» və «Baksell» şirkətləri də layihələrini reallaşdırmaqdadırlar.
İqtisadi potensialı, zəngin təbii sərvətləri, turizmin inkişafı baxımından daha əlverişli olan Laçın və Kəlbəcərdə də görüləcək işlər üzrə aparılan qiymətləndirmələr davam edir. Biomüxtəlifliyi, zənginliyi ilə Qafqaz regionunda seçilən bütün rayonlarda pambıqçılığın, heyvandarlığın, taxılçılığın və üzümçülüyün inkişafı və istehsalı ilə bağlı görüləcək işlər mütəxəssislər tərəfindən müəyyənləşdirilir.
Əlvan metallar, tikinti materialları, kənd təsərrüfatı məhsulları baxımından zəngin olan bu bölgələrin təbii ehtiyatlarından istifadə etməklə işğaldan azad edilmiş rayonların bərpası çox faydalı olacaq. Məsələn, Cəbrayılın yenidən qurulması üçün rayonun ərazisində olan Tulus tuf daşı, Çaxmaqçay tikinti qumu, kərpicin, sementin istehsalına yararlı Qaraçallı gilindən istifadə ilə abadlıq işlərinin sürətlə aparılması mümkün olacaq. Ermənilərin illərdən bəri istismar etdikləri qızılla zəngin Zəngilan rayonundakı Vejnəli, Ağdərədəki Qızılbulaq, Kəlbəcərin Zod yataqlarının istismarı dövlətə xeyli gəlir gətirəcək.
İqtisadiyyatın digər sahələri kimi, hərbi sənaye üçün əhəmiyyətli olan metallurgiya sənayesinin inkişafı zəngin təbii resurslara malik Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı yataqlarından istifadə ilə dağ-mədən sənayesini inkişaf etdirmək mümkündür. Təkcə yeraltı deyil, yerüstü sərvətləri ilə də zəngin olan Qarabağ bölgəsindəki meşələr, bulaqlar, müalicəvi əhəmiyyətli mineral və termal sulardan istifadə ilə bölgədə turizmin, səhiyyənin inkişafı üçün də geniş imkanlar yaranır.
Respublikamızın mineral su ehtiyatlarının 40 faizi işğal altındakı torpaqlarda idi. Sovetlər dövründə belə İttifaqın bütün respublikalarından gələn qonaqların xoş təəssüratla ayrıldıqları Kəlbəcər rayonundakı Aşağı və Yuxarı İstisu sanatoriyaları bərpa edilərək müalicə mərkəzi kimi istifadə olunacaq. Bundan əlavə, müalicə əhəmiyyətli suların qablaşdırılaraq satılması respublikamıza xeyli vəsait qazandıracaq.
Göründüyü kimi, müzəffər ordumuzun rəşadəti ilə torpaqlarımızın işğaldan azad olunması yeni sənaye sahələrinin, kənd təsərrüfatının və qeyri-neft sektorunun, turizmin, səhiyyənin inkişafı üçün də əlavə imkanlar yaradır. Cənnət diyarın əvvəlki şöhrətini özünə qaytaracaq doğmalarını gözləyən Qarabağın ağ günləri hələ qabaqdadır.
Xuraman İsmayılqızı, «İki sahil»
Cənubi Qafqazın gələcəyi Azərbaycanın formalaşdırdığı yeni reallıqlar əsasında müəyyənləşir