31 dekabr 1989-cu ildə onminlərlə naxçıvanlı SSRİ-nin Araz çayı sahilindəki dövlət sərhədinin tikanlı məftillərini sökdülər. Bu hadisəni müstəqilliyimiz yolunda atılan ilk addım adlandıran və əlamətdar gün kimi rəsmiləşdirən ulu öndər Heydər Əliyevin arzularını Prezident, Ali Baş Komandan İlham Əliyev «Qarabağ bizimdir! Qarabağ Azərbaycandır» sözləri ilə əbədiləşdirdi
Ötən əsrin sonlarında «qüdrətli sovetlərin» süquta uğraması, müttəfiq respublikalarda, o cümlədən Azərbaycanda başlanan azadlıq hərəkatları, Ermənistanın torpaqlarımıza təcavüzü, Topxana meşəsinin qırılması ilə başlanan ümumxalq etirazı, səbatsız, dövlətçilik təcrübəsi olmayan təsadüfi adamların hakimiyyətə gəlməsi ilə ölkəmizdə yaranan xaos və qarşıdurma müstəqilliyimizi istəməyən qüvvələrə, daşnakların «böyük Ermənistan» xülyalarına dəstək verənlərə məqsədlərinə çatmaq üçün geniş imkan yaratmışdı. 1989-cu ilin noyabr-dekabr aylarında artıq Azərbaycan faktiki olaraq idarə olunmurdu. Həmin dövrdə iqtidarda olanların paytaxtla əlaqəsi kəsilən muxtar respublikada yaranan gərginliklə maraqlanmaması, süni olaraq yaradılan «Naxçıvan problemi» Ermənistanın illərdən bəri sahib çıxmağa çalışdığı bu qədim diyarı müdafiəsiz qoymuşdu.
1988-ci ildə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı erməni separatçılarının qeyri-qanuni hərəkətlərinə SSRİ rəhbərliyi tərəfindən lazımi qiymət verilməməsi Naxçıvanı təhlükə altına almışdı. Kremldə çoxluq təşkil edən ermənilərdən istifadə edən daşnaklar muxtar respublika ilə bağlı iddialarını açıq şəkildə bildirirdilər. Son iki əsrdə dəfələrlə azərbaycanlıları deportasiyaya məruz qoyan ermənilər ilk mərhələ kimi sonuncu soydaşlarımızı da tarixi torpaqlarımız olan Qərbi Azərbaycandan qovaraq xalqımıza qarşı etnik təmizləmə siyasətlərini həyata keçirdilər. Məqsədlərinə nail olmaq üçün əvvəlcə özlərinin kabusu hesab etdikləri Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevi Kremldən uzaqlaşdıran «yanlar» Azərbaycana qarşı torpaq iddialarını irəli sürdülər.
Naxçıvanda vəziyyət daha acınacaqlı idi. Ermənilərin blokadaya aldığı muxtar respublika paytaxtdan aralıda yerləşdiyi və iqtidarın bu bölgəyə ögey münasibəti Naxçıvanı hər an gözlənilən erməni təcavüzü ilə üz-üzə qoymuşdu. Bu vəziyyətdən istifadə edən ermənilər muxtar respublikaya da əl uzatdılar. İlk hədəf Sədərəkdən 10 kilometr aralıda yerləşən və hər tərəfdən Ermənistanla əhatə olunan Kərki anklavı idi. 1989-cu ilin dekabrında vəziyyət daha da gərginləşdi. Kəndi qorumaq üçün hər birində 15 nəfər könüllü olmaqla üç yerdə postlar qurulsa da, Kərkini qorumaq üçün lazımi qüvvə, mərkəzdən dəstək və silah yox idi. O zaman SSRİ-nin cənub sərhədlərini qoruyan və Naxçıvanda yerləşən sovet əsgərləri kəndi qoruyacaqları vədini verərək sakinləri evlərini tərk etməyə məcbur etdilər. Könüllülər kəndi tərk etdikdən az sonra sovet əsgərləri Kərkini ermənilərə təhvil verdilər. Beləliklə, 70 ilə yaxın bir ailənin üzvü kimi birləşdiyimiz «ümumi evimizdə bir qardaşın digər qardaşın torpağının işğalına razılıq verən» İttifaqın ermənipərəst rəhbərləri xalqımıza qarşı xəyanət etdilər.
Həmin günlərdə muxtar respublikada yaranan itaətsizlik, paytaxtla əlaqələrin kəsilməsi, insanların məlumatsızlığı vəziyyəti qarşısıalınmaz dərəcədə gərginləşdirmişdi. Muxtar respublikanı müdafiə etməyən İttifaqa qarşı etirazını bildirən yerli əhali bir yerə toplaşaraq Araz çayı boyunca çəkilmiş tikanlı məftilləri, dirəkləri sökdülər. İki qardaşı biri-birindən ayıran həsrət çəpərləri dağıdıldı. İllərdən bəri o taylı, bu taylı qardaşları ayıran Araz artıq vüsal çayı kimi əlçatan oldu. O illərdə baş verənləri sonrakı çıxışlarında xatırlayan ulu öndər Heydər Əliyev «Sərhəd hərəkatı»nın əhəmiyyətini qeyd edərək bildirmişdir ki, vətənpərvər gənclərin heç bir təhlükədən qorxmayaraq quş keçməyən sərhədləri sökmələri müstəqilliyin əbədilik rəmzi idi: «Mən Moskvada olarkən bu hərəkatın cinayətkar bir tədbir kimi qələmə verildiyinin şahidi oldum. Sov. İKP Mərkəzi Komitəsi və onun tərkib hissəsi olan Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi bu vətənpərvərlik hərəkatına böhtançı qiymət vermişdir.»
O vaxt baş verən bu hadisələrin mərkəzi mətbuatda bir qrup başıpozuq dəstə tərəfindən törədilməsi ilə bağlı yayılan məlumatlar insanları daha da hiddətləndirdi. Dünya türkləri arasında əlaqələrin məhdudlaşdırılması, kəsilməsi üçün çəkilən sərhəd dirəklərinin, tikanlı simlərin dağıdılması göstərdi ki, xalqda güclənən milli özünüdərkin qarşısında heç bir qüvvə tab gətirə bilməz. Naxçıvandan başlanan bu prosesə qara yaxmağa çalışan SSRİ-nin və Azərbaycanın kommunist rəhbərliyi, hərbi dairələr müstəqilliyə yönələn bu hərəkat barədə dünya ictimaiyyətinə yanlış məlumat verərək iştirakçıları cinayətkar, ekstremist, narkoman adlandırdılar. Ölkənin kommunist ruhlu kütləvi informasiya vasitələri sərhədlərin sökülməsini vəhşilik kimi qələmə verdi, nəyin bahasına olursa –olsun xalqın iradəsini, inamını qırmağa cəhdlər göstərildi. Lakin qonşu ölkələrdə, dünyanın müxtəlif bölgələrində yaşayan soydaşlarımız, Azərbaycan türkləri bu hərəkatı parçalanmış türk dünyasının, xalqlarımızın təbii birləşmə prosesi kimi sevinclə qarşıladılar. Türklərin bu hərəkatı dünyada gedən demokratik proseslər baxımından qiymətləndirməsi xalqımıza qarşı yönəldilmiş mürtəce təbliğatın qarşısını aldı. Beləliklə, 1989-cu ilin 31 dekabr tarixi şair Xəlil Rza Ulutürkün yazdığı kimi, azadlığı qram-qram istəməyən, zəncirləri qıran dünya Azərbaycan türklərinin həmrəyliyi bayramına çevrildi. 1990-cı ildə isə həmin günün ildönümü Naxçıvanda elliklə qeyd edildi.
Getdikcə güclənən bu hərəkata dəstək verən bütün dünya azərbaycanlıları birlik və həmrəyliklərini göstərdilər. Sovetlərin dağılmadığı bir zamanda Naxçıvanda başlanan, respublikanın digər bölgələrində də genişlənən azadlıq hərəkatı dünya azərbaycanlılarının birlik və həmrəyliyi üçün başlanğıc oldu. Qəribə mənzərə yaranmışdı. İllərdən bəri yerli sakinləri nəinki sərhəd ətrafında dolanmağa qoymayan, Bakı-Naxçıvan qatarının Araz çayı boyunca hərəkəti zamanı pəncərələrin pərdələrini örtən, İrana tərəf baxmağı yasaqlayan imperiyanın «yaşıl papaqlı»larının «Sərhəd hərəkatı» iştirakçılarına mane olmaması təəccüb doğururdu. Amma bu «səssizliyin» səsi sonradan, 20 Yanvar hadisələrində eşidildi. Bəlli oldu ki, guya 20 Yanvar hadisələri imperiyaya itaətsizlik göstərən Azərbaycanın azadlıq mücahidlərinə, «ekstremistlərə» dərs idi.
Naxçıvanın mütərəqqi qüvvələri tərəfindən «Sərhəd hərəkatı» adı altında həyata keçirilən tədbirlər ulu öndər Heydər Əliyevin səyi və təşəbbüsü nəticəsində siyasi və tarixi qiymətini aldı. Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyevin muxtar respublikaya rəhbərlik etdiyi zaman bu tarix ümumxalq şənliyinə çevrildi. Muxtar Respublika Ali Məclisinin Sədri Heydər Əliyevin rəhbərliyi ilə keçirilən sessiyada iştirakçılar tərəfindən bu günün hər il qeyd olunması ilə bağlı yekdilliklə qəbul olunan qərarda qeyd edilirdi : « 31 dekabr Dünya Azərbaycan türklərinin həmrəylik və birlik günü elan olunsun və hər il bayram edilsin. Həmin gün Naxçıvan Muxtar Respublikası ərazisində iş günü hesab edilməsin. 31 dekabr dünya Azərbaycan türklərinin həmrəylik və birlik günü kimi bütün Azərbaycan Respublikasında rəsmi qeyd edilməsi üçün qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Ali Sovetinə təklif verilsin… Sərhəd çəpərlərinin bərpa edilməsi qanunsuz hesab edilsin və onların ləğv edilməsini təmin etmək üçün deputat komissiyası yaradılsın.»
Qərarda qeyd olunan bəndlərin yerinə yetirilməsi məsuliyyətini üzərinə götürən Ulu Öndər bu günün əbədiləşməsi üçün zəmin yaratdı. 70 ilə yaxın SSRİ-nin cənub sərhədini qoruyan Naxçıvandakı 41-ci sərhəd dəstəsinin, 75-ci motoatıcı diviziyasının hərbi və mülki bazasının Naxçıvan Muxtar Respublikasının Dövlət Müdafiə Komitəsinin xidmətinə verilməsi ilə bağlı qərarı imzalayan Muxtar Respublika Ali Məclisinin Sədri Heydər Əliyev bu tarixi missiyanı da yerinə yetirdi. Naxçıvanın sərhədlərinin qorunması yeni təşkil olunan 1-ci Sərhəd dəstəsinə tapşırıldı.
1993-cü ildə xalqın təkidli tələbi ilə Bakıya qayıdan ulu öndər Heydər Əliyev Azərbaycanı bütün fəlakətlərdən qurtararaq xilaskarlıq missiyasını yerinə yetirməklə, insanlarda azərbaycançılıq ideologiyasını, təfəkkürünü formalaşdırdı, birlik və həmrəyliyimizin möhkəmlənməsi, milli-mənəvi dəyərlərimizin qorunması, inkişaf etdirilməsi üçün və ən başlıcası dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi naminə mühüm tarixi qərarlar qəbul etdi. Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması ilə müxtəlif ölkələrdə məskunlaşan soydaşlarımızın koordinasiya mərkəzləri təşkil olundu, təkmilləşdirildi. Harada yaşamalarından asılı olmayaraq, bütün dünya azərbaycanlılarına Azərbaycan adlı bir Vətənlərinin olduğunu bildirən Ulu Öndərin «Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!» sözləri soydaşlarımızı bir ideya ətrafında birləşdirən çağırış oldu. Bu çağırış Dünya azərbaycanlılarının I qurultayının keçirilməsi zərurətini yaratdı. Qurultayda bir araya gələn soydaşlarımızın fəaliyyət istiqamətləri, diaspor quruculuğu ilə bağlı görüləcək işlər müəyyənləşdirildi, vahid konsepsiya hazırlandı.Sonrakı qurultaylarda ümummilli lider Heydər Əliyevin diasporla iş üzrə fəaliyyətini davam etdirən Prezident İlham Əliyev bu birliyin ideoloji təməlinə əsaslanan dövlətçilik prinsiplərini, inkişafını təmin edən vəzifələri dəqiqləşdirdi, Azərbaycan –Türkiyə diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası müəyyənləşdirildi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün diaspor təşkilatları arasında əməkdaşlıq möhkəmləndirildi. Siyasi baxışlarından, əqidə və dünyagörüşündən asılı olmayaraq, azərbaycançılıq ideologiyasının tələblərinə əməl edən soydaşlarımız vahid qüvvə kimi birləşərək torpaqlarımızın bütövlüyü naminə mübarizəyə qoşuldular.
Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə obyektiv çatdırılmasında diaspor təşkilatlarının fəaliyyətinə xüsusi diqqət göstərən Prezident İlham Əliyev soydaşlarımızın məskunlaşdıqları ölkələrdə dövlət, hökumət, qanunvericilik orqanlarında təmsilçiliyinin, mətbuatla əməkdaşlığının vacibliyini göstərdi. «Burada da əsas rolu əlbəttə ki, diaspor təşkilatları oynamalıdır. Çünki Azərbaycan dövləti bu işlərə müdaxilə edə bilməz. Biz heç bir xarici ölkənin daxili işinə qarışmırıq. Bu, qəbuledilməzdir. Ancaq hesab edirəm ki, Azərbaycan diaspor təşkilatları bu istiqamətdə öz işini lazımi səviyyədə qura bilməyiblər. Bizim xarici mediaya çıxışımız çox məhduddur» söyləyən Prezident İlham Əliyev bildirir ki, hər iki istiqamət üzrə fəallıq artırılmalıdır. «Çünki XXI əsr informasiya əsridir. Bu gün informasiya müharibələri bir alət, bir silah kimi artıq mövcuddur. İndi dünyanın müxtəlif yerlərində qanlı toqquşmalar baş verir. Biz burada, Bakıda, yaxud da başqa bir şəhərdə oturub haradan necə bilərik ki, orada nələr baş verir, kim haqlıdır, kim haqsızdır, kim hücum edir, kim özünü müdafiə edir? Biz onu ancaq media vasitəsilə bilə bilərik. Əgər hər hansı bir ölkəyə qarşı əlaqələndirilmiş çirkin kampaniya aparılarsa, istər-istəməz ictimai fikir də o istiqamətdə gedəcək» söyləyən Prezident İlham Əliyevin düzgün istiqamətləndirdiyi diaspor təşkilatlarımızın bu sahədə apardığı işlər öz bəhrəsini verdi. Dünya ictimaiyyətinə Xocalı soyqırımı ilə bağlı ətraflı məlumatlar verildi, ermənilərin vəhşi xalq, Ermənistanın terrorçu dövlət olması ilə əlaqədar ideoloji iş gücləndirildi.
44 gün davam edən Vətən müharibəsində döyüş meydanında, diplomatiyada, informasiya müharibəsində təcavüzkar Ermənistana qalib gələn Azərbaycanın zəfər Qələbəsini xarici ölkələrdə yaşayan soydaşlarımz qürur hissi ilə qeyd edirlər. Təcavüzkar, müharibə canisi, vəhşi, terrorçu, faşist ideologiyasını dövlət siyasətinin əsası kimi özlərindən sonrakı nəsilə miras qoyan Ermənistan üzərində qələbə çalan Prezident, Ali Baş Komandan İlham Əliyevin ünvanına gələn çoxsaylı minnətdarlıq məktubları arasında xarici ölkələrdə yaşayan, ölkəmizə hər cür dəstək göstərən soydaşlarımız çoxluq təşkil edirlər.
Neçə il bundan əvvəl ermənilərin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə etiraz olaraq başlanan, torpaqlarımızın bütövlüyü, müstəqilliyimizin əbədiliyi naminə genişlənən, tarixdə iz qoyan «Sərhəd hərəkatı»nın məramını gerçəkləşdirən Prezident İlham Əliyevin Ali Baş Komandan kimi xalqına yaşatdığı Qələbə sevinci torpaqlarımızın düşmən işğalından azad olunması ilə bağlı xalqa etdiyi müraciətləridir. O dövrdə dünya azərbaycanlılarının birlik və həmrəyliyinin ilk addımları olan bu hərəkatı dəstəkləyən, sonrakı illərdə həmin günün dövlət səviyyəsində qeyd olunması ilə bağlı tarixi qərara imza atan ulu öndər Heydər Əliyevin birlik, həmrəylik çağırışına qalib, Müzəffər Ali Baş Komandan kimi sadiq qalan cənab İlham Əliyev varislik ənənələrinə sadiqliyini Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etməklə doğrultdu. « Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik. Bu böyk Qələbədir. Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır. Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!» söyləyən, «Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!» sözlərini tariximizə əbədi yazan, 50 milyonluq azərbaycanlının etimadını doğruldan Prezident İlham Əliyev xilaskarlaq missiyasının da davamçısı olduğunu qətiyyəti, cəsarəti ilə təsdiqlədi.
Xuraman İsmayılqızı, «İki sahil»
Cənubi Qafqazın gələcəyi Azərbaycanın formalaşdırdığı yeni reallıqlar əsasında müəyyənləşir